“Gürcü Arzusu” partiyasının üzvü Arçil Qorduladze təsdiqləyir
ki, dövlət qeyri-hökumət təşkilatlarının (QHT-lərin) benefisiarları
ilə maraqlanır.
Bu barədə məlumaı və Qorduladzenin şərhini “TV Pirveli” yayıb.
“Alınan vəsaitin necə xərcləndiyini yoxlamaq üçün
mümkün olmalıdır ki... əgər hər hansı QHT deyirsə ki, biz X şəxsinə
yardım etdik, doğrudan da həmin şəxsə kömək olunubmu – bunu ayrıca
araşdırmaq mümkün olmalıdır, elə deyilmi? Əks halda, əgər belə bir
mexanizm mövcud olmasa, istənilən QHT deyəcək ki, insanlara yardım
edib, amma reallıqda bu pullar molotov kokteyllərinin
hazırlanmasına və ya fişənglərin alınmasına sərf olunub,”
– deyə Qorduladze bildirib.
18 iyun tarixində qeyri-hökumət təşkilatlarının keçirdiyi brifinqdə
məlum olub ki, “Gürcü Arzusu” partiyası Rus qanunlarının icrasına
başlayıb.
Hakimlər beş təşkilata – Vətəndaş Cəmiyyəti Fondu, Beynəlxalq
Şəffaflıq – Gürcüstan, Sapari, Gələcəyin Akademiyası və İqtisadi
Siyasətin Tədqiqat Mərkəzi – son 17 ay ərzindəki fəaliyyətlərinə
dair, o cümlədən xüsusi kateqoriyalı şəxsi məlumatları əhatə edən
sənədləri Antikorrupsiya Bürosuna təqdim etməyi rəsmi şəkildə tələb
ediblər. Bu məlumatlara benefisiarlar haqqında həssas məlumatlar,
eləcə də təşkilatların fəaliyyəti ilə bağlı yazışmalar və
korrespondensiyalar daxildir.
Antikorrupsiya Bürosunun rəhbəri Rajden Kupraşvilinin sözlərinə
görə, QHT-lərdə elan olunmuş siyasi subyektlərin
müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparılır.
Eyni zamanda, Kupraşvili iddia edir ki, QHT-lərdən benefisiarların
şəxsi məlumatları tələb edilməyib.
Lakin QHT-lərə göndərilmiş məhkəmə qərarlarında Antikorrupsiya
Bürosu “benefisiarların və iştirakçı şəxslərin (ad, soyad,
şəxsiyyət nömrəsi), əldə etdikləri nəticələr və fəaliyyətlərinin
əks olunduğu foto və video materiallarla birlikdə təqdim
edilməsini” tələb edir.