Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi
Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları
keçirdikləri əməliyyat-axtarış və
istintaq tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü A.T.-ni
dələduzluq ittihamı ilə məhkəmə qərarı əsasında saxlayıblar. Bu
barədə DİN rəsmi məlumat yayıb.
Məlumata əsasən, cinayət əməli üçün 10 ilədək azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs A.T. və
1986-cı il təvəllüdlü məhkum D.T., 2020–2024-cü illərdə, tikinti
şirkəti “Sektor 7”-nin rəhbərləri kimi vətəndaşlarla müqavilələr
bağlayaraq, tikilməkdə olan çoxmənzilli yaşayış binasında mənzillər
satıblar. Vətəndaşlardan ödənişlər alsalar da, binanın tikintisini
tamamlamayıb və mənzillərin mülkiyyətə verilməsini təmin
etməyiblər.
Bu hərəkətlər nəticəsində ümumilikdə 161 vətəndaş zərərçəkmiş hesab
olunur, dəymiş ziyanın ümumi məbləği isə 11 milyon lariyə
çatır.
Hüquq-mühafizə orqanları A.T.-ni təqsirləndirilən şəxs kimi
saxlayıblar. Təşkilatlanmış qrupun digər üzvü – artıq məhkum
olunmuş D.T.-yə isə əlavə ittiham irəli sürüləcək.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü və
4-cü hissələri üzrə aparılır", – deyə rəsmi məlumatda
qeyd olunur.