“Rusiya ölkəmizin suverenliyinə müdaxilə edir” – Ermənistanın xarici işlər naziri
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan bildirib ki, Rusiya siyasi və ictimai dairələrinin bəzi nümayəndələrinin iş adamı Samvel Karapetyanın həbsi ilə bağlı açıqlamaları Ermənistanın daxili işlərinə müdaxilə və suverenliyə qarşı yönəlmiş addım kimi qiymətləndirilir.

“Armenpress”in məlumatına görə, bu barədə Mirzoyan Ermənistan parlamentinin plenar iclasında, hökumətə ünvanlanmış suallara cavab verərkən “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Hasmik Hakobyanın sualına cavab olaraq danışıb.

Deputat qeyd edib ki, Karapetyanın həbsi ilə bağlı Rusiya dövlət və ictimai dairələrindən bir sıra dəstək xarakterli bəyanatlar səsləndirilib və onların bir hissəsi Ermənistanın daxili siyasi həyatına birbaşa müdaxiləyə çağırışlarla müşayiət olunub.

Nazirin sözlərinə görə, 17 iyun tarixində Rusiya dövlət televiziyasında yayımlanan “Solovyovla axşam” verilişində Ermənistan rəhbərliyinə qarşı təhqiramiz, şəxsi xarakter daşıyan və təhrif olunmuş qiymətləndirmələr səsləndirilib.

“Qısa müddətdə buna oxşar məzmunda bəyanatlar Rusiya siyasətçiləri, o cümlədən Dövlət Duması və hakim çoxluq nümayəndələri tərəfindən də verildi”,
– deyə Mirzoyan əlavə edib.

Ararat Mirzoyan vurğulayıb ki, Ermənistan bu açıqlamaları iki ölkə arasında dostluq münasibətlərinə və beynəlxalq hüququn prinsiplərinə zidd hesab edir.

“Biz, Ermənistan Respublikası olaraq, bu bəyanatları yalnız ənənəvi erməni-rus dostluğuna və bu dostluğu möhkəmləndirmək üçün imzalanmış hüquqi sənədlərə qarşı deyil, həm də ölkəmizin daxili işlərinə açıq müdaxilə və suverenliyimizə, demokratiyamıza birbaşa təhdid kimi qiymətləndiririk.

Bu məsələ ilə bağlı artıq Rusiya tərəfdaşlarımıza məlumat ötürülüb. Fikrimcə, bu məqamda rəsmi nota artıq qarşı tərəfə təqdim olunub”,
– deyə nazir qeyd edib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google