Tbilisi meri Kaxa Kaladze 19 iyun tarixində Avropa Parlamenti
tərəfindən qəbul olunmuş qətnaməyə münasibət
bildirib və deyib ki, “müəyyən qrup” insanlar "Gürcü Arzusu"
hakimiyyətinə qarşı mübarizə aparır, çünki onlar “öz agentlərini”
Gürcüstana gətirə bilmədilər.
Kaladzenin sözlərinə görə, “bizdə söz və ifadə azadlığı mövcuddur”,
lakin kimliyindən asılı olmayaraq, heç kimin polisə əl qaldırmaq
hüququ yoxdur – “status cinayətə qalxan ola bilməz”.
“Müəyyən qrup insanlar israrla Gürcü dövlətçiliyinə
qarşı çıxır, mövcud hakimiyyətə qarşı mübarizə aparır, çünki onlar
seçkilərdə məğlub oldular və öz agentlərini gətirə bilmədilər.
Əslində nə baş verir – Gürcüstan inkişaf etməyə, Avrointeqrasiya
yolunda irəliləməyə davam edir, lakin müəyyən maneələr var –
konkret olaraq, eşitdiyimiz bəyanatlar və atılan addımlar yalnız
yalan və şantaja əsaslanır. Amma elə insanlar da var ki, onlar
vəziyyətin həqiqi mənzərəsini görür və doğru danışırlar – ölkədə
seçkilər azad mühitdə keçirildi və bütün siyasi partiyaların
kampaniya aparmaq və iştirak etmək imkanı oldu; bizdə söz və ifadə
azadlığı var, lakin kimliyindən asılı olmayaraq, heç kimin polisə
əl qaldırmaq hüququ yoxdur – status cinayətə qalxan ola bilməz.
Fərqi yoxdur, bu şəxs siyasətçidir, jurnalistdir, ya da iş adamı –
hamımız qanun qarşısında bərabərik,” – deyə Tbilisi
meri Kaxa Kaladze bildirib.
Avropa Parlamenti isə Gürcüstanda media və siyasi azadlıqların
pozulması və jurnalist Mzia Amaglobelinin həbsi ilə bağlı qətnamə
qəbul edib.
Qətnamə 324 deputat tərəfindən dəstəklənib, 25 nəfər əleyhinə səs
verib, 87 deputat isə bitərəf qalıb.
Avropa Parlamenti “Gürcü Arzusu” tərəfindən demokratik
institutlara, müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə
qarşı hücumları pisləyir.
O cümlədən, Parlament jurnalist Mzia Amağlobelinin siyasi motivli
həbsi və mühakiməsini qəti şəkildə qınayır və hakimiyyəti
Amaglobelini dərhal azad etməyə və ona qarşı bütün ittihamları ləğv
etməyə çağırır.
Qətnamədə, həmçinin, Mate Devidze, Nika Qvaramia, Zurab “Qirçi”
Caparidze və Mixeil Saakaşvili daxil olmaqla bütün siyasi
məhbusların və qanunsuz həbs olunan şəxslərin azad edilməsi tələb
olunur.
Avropa Parlamenti bütün repressiv qanunların ləğvini və FARA
qanununun qüvvəyə minməsi ilə paralel olaraq Avropa İttifaqının
Gürcüstandakı müstəqil media və vətəndaş cəmiyyətinə dəstəyini
gücləndirməsini tələb edir.