İki həftə... - Tramp İranla bağlı qərarını açıqladı
09:35 / 20.06.2025
ABŞ prezidenti Donald Tramp İrana hərbi zərbələr
endirib-endirməməyə iki həftə ərzində qərar verəcək.
Bu barədə Ağ evin mətbuat katibi Kerolayn Levitt brifinqdə
bildirib.
"Yaxın gələcəkdə İranla danışıqlar ehtimalının böyük olduğunu əsas
götürərək... müdaxilə edib-etməməyə növbəti iki həftə ərzində qərar
verəcəyəm", - o, Trampın açıqlamasından sitat gətirib.
ABŞ və İran arasında
"gizli" danışıqlar
İranın xarici işlər naziri Abbas Ərağçi ötən həftə İsrailin İrana
zərbələr endirməsindən sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi
Stiv Uitkoffla bir neçə dəfə telefonla danışıb. Bu barədə "Reuters"
üç diplomata istinadən məlumat verir.
Danışıqlarda uranın İrandan kənarda zənginləşdirilməsi məqsədilə
regional konsorsiumun yaradılması ilə bağlı Vaşinqtonun Tehrana
təklifi də müzakirə olunub. İran indiyədək bu təklifi rədd edib.
Lakin Tehrana yaxın diplomatlardan birinin sözlərinə görə, Ərağçi
Uitkoffa deyib ki, Vaşinqton İsrailə zərbələri dayandırmaq üçün
təzyiq etsə, İran "nüvə məsələsində çeviklik göstərə
bilər".
18 iyun Xameneidən Trampa cavab: 'İran
xalqı heç vaxt təslim olmayacaq'
İranın ali dini lideri Əli Xamenei xalqa müraciətində ABŞ-nin hər
hansı hərbi müdaxiləsinin "düzəldilməz zərər" verəcəyini bildirib
və İranın təhdidlər qarşısında təslim olmayacağını vurğulayıb.
O, prezident Donald Trampın dediklərini də birbaşa şərh edib.
Amerika lideri İrandan "şərtsiz" təslim olmağı tələb edib,
Vaşinqtonun Xameneinin yerini bildiyini, lakin onu "hələlik"
öldürməyəcəyini deyib.
"İranı və onun tarixini bilənlər təhdid dilində
danışmırlar", - Xamenei bildirib.
16 iyun İsrail İranın dövlət
televiziyasını vurub
İsrail iyunun 16-da İranın dövlət televiziyasının (IRIB) binasını
vurub. Bu barədə IRNA xəbər yayıb.
İtkilər, binaya dəyən ziyan barədə rəsmi bilgi yoxdur. Videoda isə
binada böyük yanğın, qara tüstünün qalxdığı görünür.
Netanyahu Xameneinin
öldürülməsini istisna etməyib
İsrailin baş naziri Benyamin Netanyahu "ABCNews" telekanalına
müsahibəsində İranın ali dini lideri Əli Xameneinin öldürülmə
ssenarisini istisna etməyib. Onun sözlərinə görə, bu, "münaqişənin
eskalasiyasına gətirməz, ona son qoyar".
Bundan öncə Qərb mediası ABŞ prezidenti Donald Trampın İsrailinin
Xameneini öldürmək planını rədd etməsi haqda yazmışdı. İddiaya
görə, Tramp bunun münaqişənin dərinləşdirə biləcəyindən
ehtiyatlanıb.
İsrailin Xameneini hədəfə almasının mümkünlüyü barədə suala
Netanyahu belə cavab verib ki, "İsrail nə lazımdırsa, onu
edəcək".
Azərbaycanın İrandakı
səfirliyinin ailə üzvləri ölkələrinə keçiblər
Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinin
əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ilkin olaraq
ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan
sərhədindən keçidi təmin olunub. AZƏRTAC-ın məlumatına görə, bunu
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə
deyib.
15 iyun Tramp İsraili və İranı sülh sazişi
bağlamağa çağırır
ABŞ prezidenti Donald Tramp İsraillə İranı sülh sazişi bağlamağa
çağırıb.
"İran və İsrail saziş bağlamalıdırlar. Hindistanla
Pakistanı saziş bağlamağa məcbur etdiyim kimi, onlar da
bağlayacaqlar...", – Tramp "Truth Social" sosial
şəbəkəsində yazıb.
Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinin sülh
danışıqlarında vasitəçiliyini istisna etməyib.
Dinc sakinlər
sığınacaqlara çəkilir. Nüvə danışıqları təxirə
salınır
İyunun 15-də İsrail və İran bir-birinin ərazisinə havadan zərbələr
endirib. Dinc sakinlər sığınacaqlara çəkilib. Beynəlxalq səviyyədə
sülhə çağırışlar səslənsə də, bu iki ölkə arasında silahlı
münaqişədə səngimə yoxdur. ABŞ və İranın iyunun 15-nə
planlaşdırılan nüvə danışıqları isə təxirə salınıb.
14 iyun Əliyevlə Ərdoğan İsrail-İran
gərginliyini müzakirə ediblər
İyunun 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan
prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə,
telefon söhbəti zamanı İran və İsrail arasında vəziyyətin
gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub: "Dövlət başçıları
gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini
vurğulayaraq məsələlərin danışıqlar yolu ilə həllinin önəmini
vurğulayıblar".
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı"
zərbələr endirdiyini bildirib. Tehran da öz növbəsində Təl-Əvivə və
İsrailin digər şəhərlərinə raket zərbələri endirir. İtkilər və
xəsarət alanlarla bağlı məlumatlar var.
İrandakı əcnəbilərin Azərbaycan ərazisindən keçməklə təxliyəsinə
yardım göstərilir
Bəzi xarici dövlətlər rəsmi Bakıya İranda olan vətəndaşlarının
Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım
göstərilməsi ilə bağlı müraciət ediblər.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan dövləti həmin şəxslərin
təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait
yaradır. Onların təhlükəsiz və rahat şəkildə daşınmalarını təmin
etmək üçün xüsusi avtobuslar ayrılıb.
Koronavirus pandemiyası səbəb göstərilərək 2020-ci ilin yazında
Azərbaycanın quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb.
Azerbaijan has facilitated the evacuation of foreign nationals from Iran through the Astara border checkpoint by providing essential support, including transportation, medical teams with an ambulance on standby, and light refreshments such as water, food, and sweets. pic.twitter.com/8gY9ZOcAaz
— CaucasusMonitorReport (@caucasusmonitor) June 13, 2025
Radiasiya fonu
ölçülüb
Cənub sərhədləri boyunca 30 məntəqə üzrə, o cümlədən Naxçıvan
Muxtar Respublikasında xüsusi cihazlarla radiasiya fonunun
ölçülməsi məqsədilə müayinələr aparılıb. Bu haqda Fövqəladə Hallar
Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidmətləri iyunun 14-də birgə məlumat yayıblar.
"Müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı
çirklənmə aşkar edilməyib", - məlumatda
vurğulanıb.
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı"
zərbələr endirdiyini bildirib.
İran təmsilçisinin BMT-yə bildirdiyinə görə, 13 iyun zərbələrində
onlar tərəfdən 78 nəfər öldürülüb, azı 320 nəfər yaralanıb.
13 iyun İran İsrailə yüzlərlə ballistik
raket buraxıb
İsrail ordusunun (SAXAL) məlumatına görə, İran iyunun 13-ü axşam
saatlarında İsrail istiqamətində yüzlərlə ballistik raket
buraxıb.
Hadisə yerindən videolarda göründüyü kimi, raketlərin bir hissəsi
hava hücumundan müdafiə sistemlərini yarıb keçir.
İranın ali dini lideri Əli Xamenei televiziya müraciətində İsrailə
"ağır cəza" vəd edib.
Təl-Əvivdə yaşayış binasının dağıdıldığı bildirilir. Təcili yardım
xidmətlərinin məlumatına görə, 35 nəfər xəsarət alıb.
Putin Pezeşkian və
Netanyahu ilə danışıb, vasitəçilik təklif edib
Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian
arasında telefon danışığı olub. Kremlin məlumatına görə, o,
İsrailin zərbələri nəticəsində həlak olanlarla əlaqədar İran
rəhbərliyinə və xalqına başsağlığı verib.
Yanvarda Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişi
imzalayıb. Sazişdə qarşılıqlı hərbi yardım haqqında bənd
yoxdur.
Pezeşkianla söhbətində Rusiya prezidenti Moskvanın İranın nüvə
proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə nizamlanmasının
tərəfdarı olduğunu bildirib.
Cümə günü axşam o, İsrailin baş naziri Benyamin Netanyahu ilə də
danışıb. Kremldən verilən məlumata görə, Putin onunla söhbətində
Rusiyanın İsrailin "BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan"
hərəkətlərini pislədiyini vurğulayıb. Putin Netanyahuya münaqişədə
vasitəçilik xidmətləri təklif edib. İsrail hökuməti başçısının
cavabı açıqlanmır.
İsrail Fordo yeraltı nüvə
zavodunu vurub
İsrail İranın yeraltı Fordo uranı zənginləşdirmə zavoduna iki zərbə
endirib. İran mediası hava hücumundan müdafiə qüvvələrinin bu
ərazidə İsrail dronunu vurduğunu iddia edir. Obyektin ərazisində
iki partlayış olduğu bildirilir.
Daha öncə İsrailin İranın Natanzdakı nüvə obyektinə hücumu barədə
məlumat verilmişdi. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik obyektin
içərisində radioaktiv çirklənmə baş verdiyini açıqlayıb.
Peyk görüntülərində Natanzdakı nüvə obyektindəki dağıntılar:
It's going to be a two pot of coffee kind of day... One of the latest @umbraspace collects from last night's strikes on Iran. pic.twitter.com/b4xKG4CH3v
Azı 20 yüksəkrütbəli
komandir öldürülüb-'Reuters'
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava
Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə iyunun
12-si gecə saatlarında İsrailin İrana hava zərbələri nəticəsində
həlak olub.
Bu barədə İsrailin Müdafiə Qüvvələri (IDF) X hesabında məlumat
yayıb.
IDF-nin məlumatına görə, SEPAH-ın Hərbi Hava Qüvvələrinin
yüksəkrütbəli rəhbərliyi də general Əmir Əli Hacızadə ilə birlikdə
həlak olub. Onlar İsrailə hücum planı üzərində işləmək üçün yeraltı
komanda mərkəzində toplaşıbmışlar.
IDF bildirib ki, ölənlər arasında SEPAH-ın pilotsuz uçuş aparatları
(PUA) və hava hücumundan müdafiə bölmələrinin komandirləri də
var.
"Reuters" iki regional mənbəsinə istinadən yazıb ki, İsrailin cümə
günü İrana endirdiyi zərbələr nəticəsində SEPAH-ın rəhbəri də daxil
olmaqla, azı 20 yüksəkrütbəli komandir həlak olub.
Rəsmi Bakı
narahatdır "İsrail Dövləti tərəfindən İran İslam Respublikasının
ərazisinə həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə
narahatıq".
Bu fikir iyunun 13-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)
İsrail-İran qarşıdurması ilə bağlı bəyanatında yer alıb.
"Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək tərəfləri
mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun, dialoqla, diplomatik yollarla həll etməyə
çağırırıq", - bəyanatda vurğulanır.
Sənəddə xüsusi olaraq mülki əhalinin və obyektlərin
təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.
Təl-Əviv, Dubay və Tehrana
uçuşlar ləğv edilib
İran, İraq və İsrailin hava məkanlarında tətbiq olunan uçuş
məhdudiyyətləri fonunda bir sıra beynəlxalq aviaşirkətlər Bakının
Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş üçün sorğular
göndərib.
Eyni zamanda, "Azərbaycan Hava Yolları" (AZAL) QSC Yaxın Şərqdə baş
verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik
səbəbindən bağlanması ilə əlaqədar Bakı-Təl-Əviv-Bakı,
Bakı-Dubay-Bakı, Bakı-Tehran-Bakı reysləri ləğv edib.
İranın Baş Qərargah rəisi
həlak olub
İsrail İrana endirdiyi hava zərbələrində bu ölkənin bir neçə
yüksəkrütbəli hərbi rəsmisinin öldürüldüyünü açıqlayıb.
"Artıq təsdiq edirik ki, İran Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu)
komandanı və İranın Fövqəladə Hallar Komandanlığının rəhbəri
İsrailin İran ərazisində 200-dən çox qırıcı təyyarə ilə həyata
keçirdiyi hava zərbələri nəticəsində məhv edilib", -
İsrail Müdafiə Qüvvələri (IDF) X platformasındakı paylaşımında
bildirib.
"The Associated Press" (AP) agentliyi isə İsrail ordusunun mətbuat
xidmətinə istinadən yazıb ki, İran İsrailə dronlarla hücum
edib.
İsrail İrana zərbələr endirib
İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə "qabaqlayıcı"
zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki,
hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının
qarşısını almaqdır.
Baş nazir Benyamin Netanyahu bildirib ki, "İranın İsrailin
varlığına yaratdığı təhdidi aradan qaldırmaq üçün" İsrail hədəfli
hərbi əməliyyata başlayıb. Onun sözlərinə görə, hücum hədə aradan
qaldırılanadək davam edəcək. O, əməliyyatı "Yüksələn Şir"
adlandırıb.
"İranın nüvə zənginləşdirmə proqramının ürəyindən
vurmuşuq. Natantzdakı əsas zənginləşdirmə obyektini hədəfə aldıq...
İranın ballistik raket proqramının da mərkəzini
vurduq", – Netanyahu videoaçıqlamasında deyib. O,
İran bombası üzərində işləyən nüvə alimlərinin də vurulduğunu
sözlərinə əlavə edib.
Bir İsrail rəsmisi İran ərazisində onlarla obyektə zərbə
endirildiyini vurğulayıb.
İranın dövlət televiziyası Tehrandakı İslam İnqilab Keşikçiləri
Korpusunun (İİKK) komandanlığının da vurulduğunu bildirib. İİKK
komandiri, general mayor Hüseyn Salami öldürülüb, - "Tasnim"
agentliyi xəbər verir.
Dövlət televiziyası Natantz uran zənginləşdirmə obyektinə bir neçə
dəfə zərbə endirildiyini bildirib, ərazidən qalxan qatı tüstünün
görüntülərini yayıb.
Tehranda və bir neçə başqa şəhərdə yaşayış məskənlərinə də zərbələr
endirilib. Rəsmi IRNA xəbər agentliyi zərbələr nəticəsində Tehranda
yaşayış kompleksində qadınlar və uşaqlar daxil olmaqla ölənlərin
olduğunu bildirib.
İranın Ali dini lideri Əli Xamenei xəbərdarlıq edib ki, İsrail bu
hücumların ağır nəticəsi ilə üzləşəcək. "Sionist rejim
bu cinayətlə özünə acı və ağrılı bir tale yazdı və bunu mütləq
alacaq", – Xamenei bəyanatında deyib.
Vaşinqtondan
reaksiya
İyunun 13-də səhər ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik
Şurasının iclasına qatılacaq. Məlumatı Ağ ev yayıb. Tramp İsrailin
zərbələrindən bir neçə saat öncə gərginliyi diplomatik yolla həll
etməyə çağırmışdı.
ABŞ dövlət katibi Marko Rubio deyib ki, İsrail İrana qarşı
birtərəfli addım atıb və Birləşmiş Ştatlar bunda iştirak etmir.
İsrail Vaşinqtona bildirib ki, özünümüdafiə üçün zərbələr vacibdir,
- Rubio Ağ evin yaydığı bəyanatında qeyd edir. Onun sözlərinə görə,
Birləşmiş Ştatlar qüvvələrini qorumaqdan ötrü addımlar atıb,
regiondakı tərəfdaşları ilə əlaqədədir.
İsrailin müdafiə naziri İsrael Kats İrandan mümkün cavab zərbəsi
gözlənildiyi üçün ölkəsində "xüsusi vəziyyət" elan edib.
İsrailin "El Al Airline" şirkəti bütün uçuşları təxirə saldığını
bildirib. İran dövlət mediası da ölkənin hava məkanının
bağlandığını açıqlayıb.