'İsrail uzunmüddətli müharibəyə hazır deyil. İran da bunu istəmir'
09:43 / 20.06.2025
Budəfəki "Həftəyə baxış"da İsrail-İran münaqişəsinin uzunmüddətli
müharibəyə çevrilə biləcəyi ehtimalından;
Ermənistan müxalifətinin Bakının bu münaqişədən yararlanaraq
Ermənistanı işğal edəcəyi ilə bağlı iddialarından danışırıq.
İyunun 13-dən İsrailin İrana zərbələri ilə başlamış münaqişə hələ
də davam edir, hər iki ölkədə itkilər var. AzadlıqRadiosu
münaqişəni müxtəlif aspektlərdən işıqlandırmağa çalışıb, həm İran,
həm də İsraildəki azərbaycanlılardan yerdəki durumu öyrənib.
Münaqişə başlayandan ikinci dəfədir yerli media rəsmi Bakının
İsraillə təmasa keçərək İranda azərbaycanlılar yaşayan ərazilərdə
mülki əhali və mülki obyektlərin təhlükəsizliyi ilə bağlı mesaj
göndərdiyini yazır. Rəsmi təsdiqlənməsə də, bu informasiya
hakimiyyətə yaxın media orqanlarında eyni mətnlə dərc olunub.
İsrail İrana qarşı əməliyyatının məqsədini bu ölkənin nüvə
proqramını məhdudlaşdırmaqla izah edir. İsrailin zərbələri
radiasiya sızmasına səbəb olarsa, bu, Azərbaycan üçün hansı
riskləri yaradır?
Bugünlərdə İrandan Ermənistanla sərhədə axışanlar çoxalıb.
AzadlıqRadiosunun erməni xidməti sərhədi keçənlərlə danışıb, onlar
ailələri üçün qorxduqlarını dilə gətiriblər.
Bəs, qonşu İrandan qaçqın axını olarsa, Azərbaycanın sərhədlərini
onların üzünə aça bilərmi? Axı, quru sərhədlər koronavirus
pandemiyası və təhlükəsizlik səbəblərindən beş ildir qapalıdır.
Siyasilər diqqəti beynəlxalq humanitar prinsiplərə çəkir, qonşu
ölkə ilə münasibətlərdən asılı olmayaraq müharibə şəraitində
qaçqınların qəbulunun vacibliyini vurğulayırlar.
İsrail-İran münaqişəsi uzunmüddətli müharibəyə çevrilə bilərmi?
AzadlıqRadiosuna danışan bəzi təhlilçilərin fikrincə,
"müharibə davam edəcək, getdikcə böyüyəcək, ağırlığı da
artacaq".
Bəzi təhlilçilər İsrailin hərbi əməliyyatlarının İranın nüvə silahı
hazırlamasını sürətləndirə biləcəyi ehtimalından danışırlar. Siyasi
şərhçi Rauf Mirqədirov isə bunu mümkün saymır, İsrailin elə ilk
zərbələrdə İranın aparıcı nüvə alimlərini aradan götürdüyünü, nüvə
obyektlərinə zərbələri davam etdirdiyini vurğulayır.
Təhlilçi İsrailin texnoloji baxımdan çox güclü, kəmiyyət baxımından
geniş imkanları olmadığını deyir. İranla bağlı durum isə bunun
əksidir: "İsrail uzunmüddətli müharibəyə hazır deyil.
İran isə belə müharibə istəmir. Uzunmüddətli müharibə üçün quru
sərhədi lazımdır, bu iki ölkənin quru sərhədi
yoxdur".
ABŞ prezidenti Donald Tramp iyunun 18-də jurnalistlərə deyib ki,
İranla savaşmağa can atmır, amma Tehranın nüvə silahı hazırlamasını
önləmək üçün belə əməliyyatlara məcbur qala bilər.
İran üzrə ekspertlər xəbərdarlıq edirlər ki, ABŞ İrana hücum
edərsə, İraq və Əfqanıstandakı müharibələrdə olduğundan daha çətin
duruma düşər. Vaşinqtondakı Kuinsi İnstitutunun icraedici
vitse-prezidenti Trita Parsi CNN-ə deyib ki, "ABŞ-nin
istənilən hücumu iranlıların regiondakı ABŞ bazalarına
genişmiqyaslı hücumuna, ABŞ və İran arasında genişmiqyaslı
müharibəyə gətirər".
Siyasi şərhçi R.Mirqədirov İrana beynəlxalq dəstəyin böyük
olmamasına da diqqət çəkir. Müttəfiqlərindən biri Rusiyanın başı
Ukraynada müharibəyə qarışıb; Çin hansısa münaqişəyə qatılmaqda
maraqlı deyil, onun iqtisadi əlaqələri daha çox Qərblədir və onsuz
da mürəkkəb olan münasibətlərini daha da qəlizləşdirmək istəməz.
Müsəlman ərəb ölkələrinin də heç biri bir çox səbəblərdən İranın
yanında durmayacaq: "ABŞ prezidenti də uzunmüddətli
müharibə tərəfdarı deyil. O, sadəcə, İranı cəzalandırmaq istəyir.
Axı, Trampın seçkiqabağı şüarlarından biri beləydi ki, "mən
prezident olsaydım, heç bir müharibə olmazdı". İndi onun
tərəfdarları arasında da ABŞ-ni İran-İsrail müharibəsinə cəlb edə
biləcəyi ilə bağlı ittihamlar səslənir. Ona görə də münaqişəni qısa
müddətə həll etməyə çalışacaq".
Ermənistan müxalifətinin
narahatlığı
Bu arada Ermənistanın müxalifət liderləri iddia ediblər ki,
Azərbaycan İran-İsrail münaqişəsindən yararlanaraq Naxçıvan
eksklavına quru dəhlizi açmaq üçün Ermənistanı işğal edə bilər.
Bakı Ermənistanın Sünik vilayətindən keçəcək bu marşruta "Zəngəzur
dəhlizi" deyir. Yerevan "dəhliz" termininə qarşı çıxır.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, baş nazir Nikol Paşinyan
tənqidçilərinin bu xəbərdarlıqlarını "provokativ" adlandırıb,
Azərbaycanla müharibə deyil, sülh olacağını deyib.
Müxalifət liderlərinin fikrincə, Azərbaycan və Türkiyənin
ritorikası hazırkı təlatümlü durumda ciddi təhdid yaradır.
ABŞ Dövlət katibi Marko Rubio bir ay öncə Konqresdəki dinləmələrdə
deyirdi ki, Bakı və Yerevan arasında sülh sazişinin əldə
olunmasına, bununla da Azərbaycanın Ermənistanı işğal etməsinin
qarşısını almağa çalışırlar. O, belə bir eskalasiyanı "real risk"
adlandırmışdı. İndi isə Ermənistan müxalifətinin liderləri bu riski
Bakının Təl-Əvivlə əlaqələrinin sıx olmasıyla əlaqələndirirlər.
Siyasi şərhçi R.Mirqədirov Ermənistan ərazisinin hansısa formada
mümkün işğalının nəticələrinin əldə ediləcəklərdən daha ağır ola
biləcəyini deyir. Digər tərəfdən, İranla münaqişəyə başı qarışmış
İsrailin Azərbaycana hər hansı dəstək göstərəcəyini gözləməyi
"sadəlövhlük" sayır.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacızadə isə iyunun 14-də
Praqada beynəlxalq konfransda deyib ki, Yerevan "Zəngəzur dəhlizi"
ilə bağlı vacib addım atmalıdır.
"Ermənistanda "dəhliz" sözünə qarşı müəyyən qıcıqlanma
hiss edirlər. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün
ərazisinin dəhliz olmasını istərdim. Yaxşı, buna nə istəyirlərsə,
desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki
30 il ərzində biz bu imkandan məhrum olmuşuq", -
H.Hacıyev belə deyib.
İyunun əvvəlində "Forbes" dərgisi Azərbaycanın Pakistandan 40 ədəd
JF-17 qırıcısı almasının Cənubi Qafqazda hərbi balansı əhəmiyyətli
şəkildə dəyişdirəcəyini, Naxçıvan eksklavına quru dəhlizin açılması
üçün sərhəd toqquşmalarının istisna olunmadığını yazırdı.
RANE risklərin təhlili şirkətindən Sem Lixtenşteyn dərgiyə deyib
ki, Yerevan da Azərbaycanın hərbi üstünlüyünü zəiflətmək üçün
Fransa, Hindistan və İranla müdafiə sahəsində tərəfdaşlığı artıra,
Rusiya ilə gərginliyi azalda bilər.