"Sosial Ədalət Mərkəzi" bildirir ki, digər QHT-lər kimi,
Antikorrupsiya Bürosu onlardan da qrantlarla bağlı ətraflı məlumat
tələb edib.
Təşkilatın Direktorlar Şurasının üzvü Tamta Mikeladze bildirir ki,
məhkəmə qərarı əsasında Büro "bütün növ məlumatları tələb edir və
yoxlamanın məqsədinə uyğun sərhədlər və çərçivələr müəyyən
etmir":
“Tələb 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun
10-dək təşkilatın fəaliyyətinə dair tam hüquqi, texniki və maliyyə
məlumatlarını, ən önəmlisi isə hüquq müdafiəsi və hüquqi yardım
çərçivəsində benefisiarlarımız üçün göstərilmiş dəstəyə dair bütün
məlumatları əhatə edir,” – deyə Tamta Mikeladze
"Facebook" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, təşkilat geri çəkilmək niyyətində deyil və
ifadə azadlığını qorumaq üçün bütün imkanlardan istifadə
edəcək:
“Bizim üçün aydındır ki, Antikorrupsiya Bürosunun hüquqi araşdırma
prosesi qanuni əsasdan məhrumdur və müstəqil təşkilatın
fəaliyyətinə kobud müdaxilə cəhdidir. Məqsəd bizi iflic vəziyyətinə
salmaq və susdurmaqdır.”
İyunun 18-də məlum oldu ki, qrantlarla bağlı ətraflı məlumat almaq
üçün məhkəmə qərarı beş müxtəlif təşkilata göndərilib. Bu
təşkilatların fəaliyyət sahələri və ixtisaslaşmaları bir-birindən
tamamilə fərqlidir:
- "Beynəlxalq Şəffaflıq – Gürcüstan" – seçkilərin monitorinqi və
korrupsiya əleyhinə/demokratiya mövzularında çalışan təşkilat.
İcraçı direktoru Eka Qiqauridir;
- "Sapari" – qadın hüquqları və ehtiyacları sahəsində çalışan
fond. Direktoru Baia Pataraia;
- "Vətəndaş Cəmiyyəti Fondu" – keçmiş “Açıq Cəmiyyət Fondu”,
2024-cü ildən Soros Fondunun qlobal şəbəkəsindəki dəyişikliklərdən
sonra müstəqil fəaliyyət göstərir. Direktoru Keti
Xutsişvilidir;
- "İqtisadi Siyasət Araşdırma Mərkəzi" (EPRC) – araşdırma və
analitik mərkəz, tədqiqatçılar və keçmiş diplomatları bir araya
gətirir. Tbilisidə keçirilən beynəlxalq konfransın təşkilatçısıdır.
2018-ci ilə qədər bu konfransa "Gürcü Arzusu"nun yüksək vəzifəli
şəxsləri də qatılırdılar. İcraçı direktoru Nino Evqenidzedir;
- "Gürcüstanın Gələcəyi Akademiyası" – 2015-ci ildə yaradılmış
gənclərlə çalışan təşkilat. Hal-hazırda “Feniks Ordeni” adlı
mühazirə silsiləsi keçirir. İcraçı direktoru Mari Kapanadze, keçmiş
direktoru isə "Franklin Klubunun" həmtəsisçisi Aleksandre
Zibzibadzedir.
Antikorrupsiya Bürosu QHT-lərdən nə
tələb edir?
Büro QHT-lərdən 2024-cü il
yanvarın 1-dən etibarən bağladıqları bütün müqavilələrin – o
cümlədən qrant müqavilələrinin – surətini təqdim etmələrini
istəyir. Bu müqavilələr həm xarici donorlarla, həm də yerli fiziki
şəxslərlə bağlanmış ola bilər.
Müqavilələrin kimlərlə bağlandığına dair siyahı belə
dəqiqləşdirilib:
- Beynəlxalq xeyriyyə, humanitar və digər ictimai
təşkilatlar;
- İdman assosiasiyaları, federasiyaları və komitələri;
- Maliyyə-kredit institutları;
- Xarici dövlətlər və onların nümayəndəlikləri;
- Gürcüstanda qeydiyyatdan keçmiş hüquqi şəxslər;
- Habelə yerli fiziki şəxslərlə əməkdaşlıq çərçivəsində 2024-cü
ildən bağlanmış bütün müqavilələr, o cümlədən qrant
müqavilələri;
- Bu sənədlərə edilən bütün dəyişikliklər.
Büro bu təşkilatlardan yuxarıda sadalanan tərəflərlə əməkdaşlıq
çərçivəsində bütün müqavilə, razılaşma və dəyişikliklərə dair
sənədləri, həmçinin bunlarla bağlı hər növ maliyyə və hüquqi sənədi
təqdim etməyi tələb edir.
Buraya daxildir:
- Maliyyə vəsaitlərinin ödəniş qrafikləri;
- Alınan pul və maddi dəyərlərin detallı siyahısı;
- Təhvil-təslim aktları;
- Maaş cədvəlləri;
- Müqavilə çərçivəsində fəaliyyətlər haqqında geniş məlumat –
fəaliyyətin təsviri, məqsədi, həyata keçirildiyi tarix, yer, zaman,
benefisiarlar və iştirak edən şəxslərin adları;
- Fəaliyyətin təsdiqləyici foto və video materialları;
- Həmçinin iştirakçılar və benefisiarların ad, soyad və şəxsi
identifikasiya nömrələri.
Məhkəmə qərarı üç qanuna əsaslanır:
- Korrupsiyaya Qarşı Qanun;
- Siyasi Partiyalar haqqında Qanun (“Vətəndaşların siyasi
birləşmələri haqqında”);
- Qrantlar haqqında Qanun.
Maraqlıdır ki, bu qərarda nə 2024-cü ildə qəbul olunmuş “Agentlər
haqqında Qanun” (formal olaraq “Şəffaflıq Qanunu”), nə də ABŞ-ın
“Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) göstərilməyib.