İrakli Kobaxidze ABŞ və Macarıstana yeni təyin olunmuş
səfirlərlə, həmçinin Gürcüstanın Avropa Şurasındakı yeni daimi
nümayəndəsi ilə görüşüb.
Məlumat üçün bildirək ki, Gürcüstanın ABŞ-da fövqəladə və
səlahiyyətli səfiri vəzifəsinə Tamar Taliaşvili, Macarıstanda
Nikoloz Laliaşvili, Avropa Şurasında isə daimi nümayəndə vəzifəsinə
Xatia Tsilosani təyin olunub.
Görüş Gürcüstan hökumətinin administrasiyasında keçirilib. Baş
nazir diplomatları yeni vəzifələrinin başlanması münasibətilə
təbrik edib və onlara uğurlar arzulayıb.
“Tamar Taliaşvili diplomatik xidmət, dövlət sektoru və
akademik sahədə çoxillik təcrübəyə malikdir. O, 2022-ci ildən bu
günə qədər Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi
vəzifəsini icra edirdi. Taliaşviliyə fövqəladə və səlahiyyətli
səfir diplomatik rütbəsi verilib. O, həmçinin Gürcüstan
Parlamentinin və Tbilisi şəhər şurasının üzvü olub.
Nikoloz Laliaşvili daha əvvəl Gürcüstanın Qazaxıstan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. Onun
dövlət sektorunda, o cümlədən Gürcüstanın Müdafiə Nazirliyində və
Təhlükəsizlik Şurasında çoxillik iş təcrübəsi var. Həmçinin o,
Parlament üzvü kimi də fəaliyyət göstərib.
Xatia Tsilosani Gürcüstan Parlamentinin üzvü olub və beynəlxalq
təşkilatlarda iş təcrübəsinə malikdir. Müxtəlif illərdə o,
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı
Nazirliyində rəhbər vəzifələrdə çalışıb, o cümlədən nazir müavini
olub,” – deyə "Gürcü Arzusu" hökumətinin yaydığı
rəsmi press-relizdə qeyd olunur.