İranla gərginləşən münaqişədə İsrailin məqsədinin yalnız Tehranın
nüvə və raket infrastrukturunu hədəfə alması,
yoxsa həm də rejim dəyişikliyi sualı analitiklər və müşahidəçilər
arasında əsas müzakirə mövzusuna çevrilib.
İsrail rəhbərliyi açıq şəkildə rejim dəyişikliyini məqsəd kimi
bəyan etməsə də, baş nazir Benyamin Netanyahunun və yüksəkrütbəli
rəsmilərin ritorikası – son əməliyyatların miqyası və intensivliyi
ilə birgə – İslam respublikasının devrilməsinin dolayı və ya
arzuolunan bir hədəf ola biləcəyini göstərir.
Tənqidçilər xəbərdarlıq edir ki, belə bir strategiya həm də böyük
risklər daşıyır: regional gərginliyin artması, gözlənilməz siyasi
nəticələr və İran rəhbərliyi daxilində daha sərt xətt
tərəfdarlarının güclənməsi ehtimalı. Onların fikrincə, İranın
siyasi quruluşunu zorla yenidən formalaşdırmağa cəhd etmək
nəticəsinə zəmanət olmayan riskli mərc oyunu kimidir.
Bu mövzuda daha aqressiv mövqenin tərəfdarları isə İslam
respublikasının həmişəkindən daha zəif olduğunu iddia edirlər.
Onlar davamlı ictimai narazılığa və beynəlxalq təcridin
güclənməsinə işarə edərək israr edirlər ki, bu şərtlər rejimin
süqutunu asanlaşdırmaq üçün nadir fürsətdir. Onlar hesab edir ki,
davamlı xarici təzyiq çoxdan arzulanan dəyişikliyi gətirməkdə
həlledici amil ola bilər.
Etirazlar, təzyiq və
imkanlar
Yalnız hərbi müdaxilə ilə İranda rejim dəyişikliyinə nail olmağın
mümkün olub-olmaması məsələsi həm siyasi dairələrdə, həm də
iranlıların özləri arasında ciddi şəkildə mübahisə doğurur. Son
illərdə ölkədə bir neçə dəfə genişmiqyaslı etiraz dalğaları
yaşanıb, xüsusilə 2022-ci ildə Məhsa Əmininin polis nəzarətində
həyatını itirməsindən sonra baş qaldıran üsyan diqqət çəkib.
"Qadın, həyat, azadlıq" şüarı ətrafında birləşən bu hərəkat ölkədə
sürətlə yayılıb və cəmiyyətin müxtəlif təbəqələrindən dəstək alıb.
Ancaq eyni zamanda (rejim tərəfindən) şiddətli repressiya ilə
qarşılanıb. İnsan haqları qrupları bu etirazlar zamanı 550-dən çox
etirazçının öldürüldüyünü və 20 mindən çoxunun həbs edildiyi
bildirib.
İrandakı həmin etirazlar dərin ictimai narazılığı üzə çıxarıb və
rejimin zəifliyini ortaya qoyub. Lakin, eyni zamanda, İranın
təhlükəsizlik aparatının dözümlülüyünü və qeyri-məhdud güc tətbiq
etməyə hazır olduğunu da nümayiş etdirib. Bu isə İslam
respublikasını daxildən devirməyə yönələn hər hansı səylərin
qarşısında duran ciddi çətinlikləri bir daha ön plana çıxarıb.
Bəzi analitiklər hesab edir ki, xarici hərbi təzyiq İran müxalifəti
üçün fəaliyyət məkanı yarada bilər. Lakin rejim dəyişikliyinin
tərəfdarları arasında belə yalnız hava zərbələrinin kifayət
etmədiyi geniş şəkildə etiraf olunur.
"Biz rejim dəyişikliyi haqqında çox danışırıq, amma əslində İran
müxalifətinə nəfəs almaq, təşkilatlanmaq və rejimə qarşı səfərbər
olmaq imkanı verəcək rabitə imkanlarını genişləndirmək, xüsusi fond
yaratmaq və bu kimi müxtəlif addımlar atmaq üçün kampaniyaya ciddi
şəkildə sərmayə qoymamışıq", –Amerikanın Xarici Siyasət Şurasının
vitse-prezidenti və AzadlıqRadiosu (RFE/RL) idarə heyətinin üzvü
İlan Berman bildirib.
AzadlıqRadiosunun "Fərda" xidmətinə danışan Berman bu hazırlıq
işini "iranlıların dayanıqlı şəkildə ayağa qalxa biləcək qədər
inamlı hiss etməsi üçün zəruri ilkin şərt" adlandırıb.
Tənqidçilər ehtiyatlanır ki, bu cür səylər olmasa, sərt xətt
tərəfdarlarını gücləndirmək və sadə iranlıları özündən
uzaqlaşdırmaqla hərbi müdaxilə əks nəticə verə bilər.
Müdaxilə barəsində
haçalanmış fikirlər
İranlıların çoxu üçün İslam respublikası ilə xalqı fərqləndirmək
vacibdir.
"Bu, İsraillə İran arasında deyil, İsraillə İslam
respublikası arasında müharibədir. İranlılar illərdir rejim
dəyişikliyinə can atırlar və nəticədə İran və İslam respublikası
arasında yalnız biri qalacaq", - xaricdə yerləşən və
monarxiya tərəfdarı "İran Novin" Partiyasının rəhbər üzvü Hamed
Şeybani-Rad bildirib.
"İnsanlar çox yaxşı başa düşür ki, İsrail tərəfindən
onlara verilən bu fürsət bir daha təkrar olunmaya
bilər". Bu, xarici təzyiqin uzun müddət gözlənilən
dəyişiklikləri sürətləndirə biləcəyinə inanan bəzi insanların
baxışını əks etdirir.
Digərləri isə xəbərdarlıq edir ki, xüsusən mülki itkilərə səbəb
olan və ya gündəlik həyat üçün vacib infrastruktur hədəf alınan
xarici müdaxilə daxili etirazların legitimliyini zəiflədə
bilər.
"İslam respublikasının tənqidi daxili məsələdir. İran
xalqı bundan xəbərdardır və xaricdən qəyyumlara ehtiyac duymur,
xüsusən də Netanyahu kimi birinə ehtiyac yoxdur", -
ABŞ-də yaşayan müdafiə üzrə analitik Hüseyn Arian "Radio Fərda"ya
müsahibəsində deyib.
O qeyd edib ki, İsrail zərbələri nəhayətində "İran xalqına aid
olan" aktivləri hədəf alır. Analitik İslam respublikasını "yalnız
bir icarəçi" kimi təsvir edib.
İslam respublikasının legitimliyi getdikcə daha kövrək görünsə də -
aşağı seçki fəallığı və davamlı iğtişaşlar - əksər müşahidəçilər
dayanıqlı dəyişikliklərin son nəticədə daxildən gəlməli olduğu ilə
razılaşırlar. Xarici hərbi əməliyyatlar bu dəyişikliyin tempinə və
ya təbiətinə təsir göstərə bilər, amma onun bu dəyişikliyi
başlatması hələ də sual altındadır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415