Gürcüstanda 140,5 min nəfər 600 laridən az maaş alır.
Bu barədə PMCG tərəfindən aparılmış tədqiqatda qeyd olunur. Konkret
olaraq, 2025-ci ilin birinci rübünün məlumatına əsasən, Gürcüstanda
ümumilikdə 937 min nəfər əmək haqqı alan şəxs qeydə alınıb,
onlardan 15%-i 600 lariyə qədər, 22%-i 600-1199 lari arası, 33%-i
1200-2399 lari arası, 29%-i isə 2400 laridən yuxarı əmək haqqı
alır.
Tədqiqatda göstərilir ki, 2019-cu ilin birinci rübündən 2025-ci
ilin birinci rübünə qədər Gürcüstanda nominal orta əmək haqları
sabit şəkildə artıb. Daha dəqiq desək, 2019-cu ilin birinci rübündə
orta əmək haqqı təxminən 1,093 lari olduğu halda, 2024-cü ilin
dördüncü rübündə 2,218 lariyə çatıb – bu, demək olar ki, ikiqat
artım deməkdir.
Lakin PMCG-nin izahına əsasən, inflyasiya nəzərə alındıqda, real
əmək haqlarının artımı daha mülayim olub – konkret olaraq, orta
real əmək haqqı 2019-cu ilin birinci rübündə 934 lari olduğu halda,
2024-cü ilin dördüncü rübündə 1,400 lariyə çatıb.
Bununla yanaşı, son məlumatlara görə, aylıq maaşı 0-dan 600 lariyə
qədər olanların sayı 2021-ci ildən bəri davamlı olaraq azalıb və
nəticədə, 2025-ci ilin birinci rübündə bu göstərici 2021-ci ilin
eyni dövrü ilə müqayisədə 40,3% azalıb. Bundan əlavə, 600-1199 lari
arası maaş alanların sayı da azalıb – 17,7%.
“Əksinə, 1,200-2,399 lari arası əmək haqqı alanların
sayı 2025-ci ilin birinci rübündə artıb, baxmayaraq ki, 2024-cü
ilin ikinci rübündə bu qrupda azalma müşahidə olunurdu. Lakin ən
yüksək artım 2,400 lari və daha çox əmək haqqı alan şəxslər
arasında qeydə alınıb – bu kateqoriyada olan insanların sayı
2025-ci ilin birinci rübündə 2021-ci ilin birinci rübü ilə
müqayisədə demək olar ki, iki dəfə artıb,” –
tədqiqatda deyilir .