Madriddə mənzil, saxta müqavilə və 2,5 milyon lari — “Gürcü Arzusu”nun sabiq yüksəkvəzifəli rəsmisi saxlanılıb
Romeo Mikautadze vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirin leqallaşdırılmasında ittiham olunur.

Gürcüstan Prokurorluğu İqtisadiyyat və Davamlı İnkişaf Nazirinin sabiq birinci müavini Romeo Mikautadzeni vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə böyük məbləğdə qanunsuz gəlirin leqallaşdırılması faktı üzrə ittiham edib.

İstintaqın məlumatına görə, 2021-ci ildə Mikautadze özü tərəfindən təsis edilmiş MMC-nin başqa bir şirkətə 4 400 000 ABŞ dollarına satılmasına kömək göstərib. Prokurorluğun açıqlamasına əsasən, bu əməliyyatın qarşılığında o, həmin şirkətdən təxminən 400 000 dollar məbləğində gəlir əldə edib.

Bundan əlavə, Prokurorluq bildirir ki, 2023-cü ildə Mikautadzenin həyat yoldaşı Gürcüstan Bankı vasitəsilə Madriddə yerləşən 120 kvadratmetrlik mənzilin alınması üçün 599 955 avro köçürüb. Həmin məbləğ 2023-cü il iyunun 26-da onun bank hesabına nağd şəkildə daxil olub.

İstintaqın versiyasına görə, bu vəsaitin şübhəli mənşəyini gizlətmək məqsədilə Mikautadze və ona yaxın şəxslər saxta rəsmi sənəd — alqı-satqı müqaviləsi tərtib ediblər. Sənədə əsasən, guya Mikautadzenin həyat yoldaşının adına rəsmiləşdirilmiş mənzilin alışına görə 600 000 avro ödənilib və alıcı kimi sənəddə onun dostunun təqaüdçü anası qeyd olunub. Əslində isə əmlak satılmayıb və sənədin yeganə məqsədi İspaniyaya köçürüləcək vəsaitin mənşəyini qanuni göstərmək olub.

Prokurorluğun məlumatına əsasən, Mikautadze qanunsuz yolla əldə etdiyi vəsaitlə ümumi dəyəri 842 592 lari olan iki avtomobil alıb. Həmin avtomobillər formal olaraq onun və həyat yoldaşının etibar etdiyi şəxslərin adına rəsmiləşdirilib.

İttihama görə, sabiq məmur ümumilikdə 2 556 192 lari məbləğində qanunsuz və əsassız gəlirin leqallaşdırılmasında ittiham olunur. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin ikinci hissəsi və 194-cü maddəsinin üçüncü hissəsinin “q” bəndi ilə ittiham irəli sürülüb. Bu maddələrə əsasən, onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google