"Qaxaria Çorçana məsələsi ilə bağlı 2 iyulda da onlayn ifadə verməyə hazırdır" – Siçinava

“Gürcüstan üçün – Qaxaria” partiyasının icraçı katibi Berdia Siçinava brifinqdə bildirib ki, Qiorqi Qaxaria Çorçana

məsələsi ilə bağlı 2 iyul tarixində də komissiya iclasında onlayn iştirak etməyə hazır olduğunu bəyan edir.

“Qiorqi Qaxaria artıq bir dəfə komissiyada iştirak edib və Çorçana məsələsindən danışıb. Bundan sonra dəfələrlə bildirib ki, komissiyanın iclasında onlayn qaydada iştirak etməyə hazırdır. Komissiya nizamnaməsi də bu imkanı nəzərdə tutur və ilk dəfə dəvət olunduğu zaman bu formatı elə komissiyanın özü təklif etmişdi.

Sözde komissiya bu dəfə ilk dəfə olaraq Qaxarianın dinlənilməsindən imtina etdi, halbuki digərlərinə bu imkanı tanıyır. Aydın olur ki, qorxu içində olan və adekvatlığını itirmiş "Gürcü Arzusu" Çorçana haqqında açıq danışmaqdan yayınır. Çünki aydın olar ki, kim milli maraqlara və Gürcüstanın ərazi bütövlüyünə xəyanət edir.

Bu gün komissiyanın qəbul etdiyi qərar bir daha təsdiqləyir ki, onlar Çorçana məsələsində Qiorqi Qaxarianın dinlənilməsini istəmirlər. Biz isə bəyan edirik ki, 2 iyulda da Çorçana barədə onlayn danışmağa hazırıq.

Qiorqi Qaxaria və komandamız Çorçana işi ilə fəxr edir. Bu təkcə Qaxariaya qarşı siyasi vendetta deyil – bu, dövlətin milli maraqlarına qarşı yönəlmiş ağır cinayətdir. Zaman keçsə belə, xalqımıza söz veririk ki, bu istintaq komissiyasını araşdıracaq yeni bir istintaq komissiyası yaradılacaq və nə Çorçana işi, nə də hər hansı komissiya, yalançı şahid və ya hüquq-mühafizə orqanı bu məsuliyyətdən yayınmayacaq”,
– deyə Siçinava bildirib.

Parlamentdə “Gürcü Arzusu”nun təşəbbüsü ilə yaradılan Tea Tsulukianinin rəhbərlik etdiyi istintaq komissiyası Qiorqi Qaxarianın onlayn ifadə verməsi təklifini rədd edib. Qaxaria bu gün, 23 iyun tarixində iclasa dəvət olunmuşdu.

Müzakirələr zamanı komissiya üzvləri Qaxarianın onlayn iştirakına ehtiyac olmadığına dair razılığa gəliblər. Qaxaria ilə bağlı məsələnin prokurorluğa ötürülməsi təklifi də səsverməyə çıxarılıb, lakin heç kim dəstəkləməyib.

Daha sonra qərara gəliblər ki, mümkün spekulyasiyaların qarşısını almaq üçün Qaxariaya maksimum vaxt verilsin və 2 iyulda yenidən komissiyaya çağırılsın.

Baş nazir İrakli Kobaxidze bu gün bəyan edib ki, elə təəssürat yaranır ki, Qaxaria suallardan qaçır: “O, bir neçə həftəlik ölkəni tərk edib. Komissiyadan bu cür rüsvayçı qaçış izahata ehtiyac duymur...”

Xatırladaq ki, 16 iyun tarixində sabiq baş nazir və “Gürcüstan üçün – Qaxaria” partiyasının lideri Qiorqi Qaxaria parlament komissiyasına yenidən ifadə verməyə çağırılıb. Tea Tsulukiani bildirir ki, məsələ Çorçana postu və Qaxarianın müxalifətdə olduğu dövrlə əlaqədardır.

Qaxaria 14 aprel tarixində istintaq komissiyasında artıq ifadə verib və bu zaman komissiya Çorçanada postun yaradılması barədə qərarla bağlı suallar ünvanlayıb.

Komissiyanın əsas marağı bu qərarın hansı orqanlarla razılaşdırıldığı, Dövlət Təhlükəsizlik Xidmətinin və baş nazirin məlumatlı olub-olmaması, prosedurların düzgünlüyü ilə bağlı olub.

Tsulukiani iddia edir ki, postun qurulmasından sonra Gürcüstan 110 hektardan çox meşə sahəsini itirib və separatçılar bölgədə daha öncə olmayan beş yeni post qurublar.

Qaxarianın sözlərinə görə isə, Tsulukiani yanılır. Onun dediyinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin məlumatı olub ki, separatçılar rusların gətirdiyi, ehtimal ki, 1922-ci ilə aid saxta xəritəyə əsasən, Gürcüstanda 28 nöqtədə işğal xəttini dəyişmək istəyirdilər və bu prosesi Çorçanadan başlamağı planlaşdırırdılar. Gürcüstan isə bu planı qabaqlayıb və post quraraq xəttin dəyişməsinin qarşısını alıb.

14 iyun tarixində məlum olub ki, prokurorluq tərəfindən aşağıdakı maddələrlə istintaq aparılır:
  • sabotaj,
  • ağırlaşdırıcı hallarda sabotaj cəhdi,
  • xarici təşkilatlara və onların nəzarətində olan qurumlara düşmən fəaliyyətində yardım,
  • konstitusiya quruluşuna və milli təhlükəsizliyə qarşı yönəlmiş fəaliyyət üçün maliyyə cəlb edilməsi.
Prokurorluq bildirir ki, bu çərçivədə 2019-cu il 24 avqustda Çorçana kəndində baş verən hadisə zamanı Qiorqi Qaxarianın fəaliyyəti də araşdırılır.

 

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google