Valeriya Mixaylova bu yaxınlarda möhürlənmiş bir tabutu basdırıb.
Rusiya rəsmiləri ona deyib ki, tabutda Valeriyanın Ukraynada həlak
olmuş,
23 yaşlı müqaviləli hərbi qulluqçu olan həyat yoldaşı Maksimin
qalıqları olub.
Ailəyə tabutu açmağa icazə verilməyib. Onlar onu mayın əvvəlində
Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində dəfn ediblər.
"Rəsmilər bizi hədələdi ki, tabutu icazəsiz açsaq,
barəmizdə cinayət işi başlanacaq. Onlara yalvardım ki, heç olmasa
(tabuta qoyulmazdan əvvəl) meyitin şəklini mənə göstərsinlər, görüm
necə görünürdü. Onlarda heç bir şəkil yox idi. Bizə DNT testi
etməyə da icazə vermədilər", - Mixaylova
bildirib.
Mixaylovlar ailəsi meyiti görmədən və şəxsiyyətini müəyyən etmədən,
səlahiyyətlilərin iddia etdiyi kimi, tabutdakı qalıqların həqiqətən
də Maksimə aid olduğuna əmin deyil.
"Tez-tez düşünürəm ki, görəsən, "mən kimi dəfn etdim?".
Bilmirəm", - Mixaylova bildirib. O, rəsmilərin hansı
dövlət qurumunu təmsil etdiyini açıqlamayıb.
Belə oxşar iddiaları ailə üzvləri Kremlin Ukraynaya qarşı apardığı
genişmiqyaslı işğal müharibəsində ölən bir çox rusiyalılar
səsləndirib.
Ailələrin, şahidlərin və Rusiya mətbuatının verdiyi məlumata görə,
2022-ci ilin fevralında müharibə başlayandan bəri Rusiya hərbi
rəsmilərinin ölən əsgərlərin yaxınlarından Ukraynadan aldıqları
tabutları açmamağı tələb etməsi ümumi təcrübəyə çevrilib.
AzadlıqRadiosuna danışan iki zərərçəkmiş ailənin sözlərinə görə,
səlahiyyətlilər heç bir səbəb göstərmir, sadəcə olaraq qohumlarına
tabutların açılmasının qanunazidd olduğunu deyirlər. Lakin qanun
qohumların dəfn üçün tabutu açmasına qadağa qoymur. Hüquqşünaslar
bildirir ki, COVID-19 pandemiyası zamanı virusun yayılmasının
qarşısını almaq üçün bununla bağlı müəyyən istisnalar olub.
Səhv meyitlər basdırıldığı
üçün tabutlar qazılır
İvan adlı Yekaterinburqdan olan ölən əsgərin ailəsi 2024-cü ilin
yanvarında iki həftə ərzində iki dəfn mərasimi keçirməli olub.
Çünki səlahiyyətlilər ailəyə səhvən başqa bir şəxsin qalıqlarını
göndərib.
"Bizə yalnız indi İvanın qalıqları çatdırıldı. İlk dəfə
yad birini dəfn etmişik", - ikinci dəfn mərasimindən
öncə İvanın ailə üzvlərindən biri deyib.
Buryatiyada 44 yaşlı müqaviləli hərbçi Sergey K.-nın ailəsi onun
Ukraynada ölümü xəbərini alıb. Ailə 2023-cü ildə həm tabut, həm də
ölüm şəhadətnaməsini alaraq böyük ağrı və iztirab yaşayıb. Dəfn
mərasimi keçirildikdən bir neçə həftə sonra Sergey K. ailəsinə
telefonla zəng edib. O, yaralı olduğunu və müalicə üçün xəstəxanaya
aparıldığını bildirib.
İndiyədək nə qədər ailənin yad adamların qalıqlarını qalıb
basdırdığı məlum deyil. Rusiya rəsmiləri belə məlumatları
yaymır.
Armavirdə Mixaylovlar ailəsi DNT testi keçirmək üçün ötən ay
basdırdıqları cəsədin eksqumasiya edilməsinə dair məhkəmə qərarını
təmin etməklə bağlı qanuni addımlar atmağı planlaşdırır.
Valeriya Mixaylova bildirib ki, əvvəlcə bəzi dostlarının ona
Ukraynadan gətirilən tabutları "qanunsuz" açdığı üçün Müdafiə
Nazirliyinin bir neçə ailəyə qarşı iddia qaldırdığını söyləməsi onu
ruhdan salıb.
"Onlar mənə dedilər: "Atası qəbirdə, anası həbsdə olan
dördyaşlı oğluna nə olacaq, bu barədə düşün", -
Mixaylova deyib.
Ana ümid edir ki, onun
oğlu hələ də sağdır
Valeriyanın qayınanası Valentina Mixaylova hələ də oğlu Maksimin
sağ qala biləcəyinə ümid edir. Ana deyir ki, Rusiya hakimiyyətinin
Maksimin necə öldürüldüyü və onun cəsədinin necə tapılıb tanınması
ilə bağlı versiyaları uyğun gəlmir.
"Ətrafdakı hamı bu barədə yalan danışıb. Hərbi
komissarlıq bizə dedi ki, onun meyitini... əsgər yoldaşları və
komandiri tanıyıb və DNT testinə ehtiyac yoxdur. Sonra məlum oldu
ki, əsgər yoldaşları onu tamamilə itirib və heç bir tanınma
yoxdur", - Valentina Mixaylova AzadlıqRadiosuna
deyib.
Ailəyə tabutla yanaşı, Maksimin partlayışda öldüyü qeyd olunduğu
əllə yazılmış kağız parçası verilib.
"Bu kağızı necə rəsmi sənəd adlandıra
bilərlər?" - Mixaylova bildirib.
"Oğlumun
əşyalarını - pasportunu, hərbi vəsiqəsini, şəxsiyyətini təsdiq edən
sənədi və tanınma nişanını göndərəcəklərinə söz verdilər. Amma bir
aydır ki, bizə heç nə verilmir".
Bu həftənin əvvəlində Kiyev Moskvanı əsir və meyitlərin mübadiləsi
zamanı Ukraynaya pis vəziyyətə salınmış meyitlər göndərməkdə və
bədən üzvlərini qarışdırmaqda ittiham edib.
"Cəsədlər son dərəcə pis vəziyyətdə, eyni cəsədlərin hissələri
müxtəlif torbalarda qaytarılır. Hətta repatriasiyanın müxtəlif
mərhələlərində bir nəfərin qalıqlarının geri qaytarıldığı hallar
var", - Ukraynanın daxili işlər naziri İqor Klimenko
bildirib. O, Rusiyanı repatriasiya edilmiş cəsədlərin şəxsiyyətini
müəyyənləşdirməyi "qəsdən" çətinləşdirməkdə günahlandırıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415