"Gürcü Arzusu" ifadə azadlığına dair qanunu dəyişmək istəyir – yeni layihənin mahiyyəti nədir?
Hakim “Gürcü Arzusu” partiyası söz və ifadə azadlığı haqqında qanuna yeni, məhdudlaşdırıcı dəyişikliklər təklif edib. Qanun layihəsi 18 iyun tarixində təqdim olunub və 23 iyunda parlamentin rəsmi saytında dərc edilib. Sənəd parlamentdə təcili prosedurla müzakirə olunur.

Böhtanla bağlı məhkəmə iddialarında sübut yükü dəyişir
Hazırkı qanunvericiliyə əsasən, şəxs hesab edirsə ki, ona böhtan atılıb, məhkəmədə özü sübut etməlidir ki, yayılan məlumat yalandır və bu, ona zərər vurub.

Yeni layihəyə görə:

artıq sübut yükü iddiaçıya deyil,

cavabdehə – yəni məlumatı yayan şəxsə düşür;

cavabdeh məhkəmədə sübut etməlidir ki, yaydığı məlumat faktlara əsaslanır.

Bu dəyişiklik tənqidi media və jurnalistlər üçün ciddi hüquqi risklər yaradır.

Məhkəmə müddəti qısaldılır
Hazırda böhtan iddialarına məhkəmə 1 ay müddətində baxmalıdır.
Yeni layihə bu müddəti 10 günə endirir.

Təhqir anlayışı genişləndirilir
Hazırkı qanuna əsasən, təhqir əsasən şəxsi ünsiyyətdə və birbaşa qarşılıqlı münasibətlərdə baş verən hal sayılır.

Yeni layihədə isə ictimai məkanda – o cümlədən sosial şəbəkələrdə yayılan bəzi ifadələr də təhqir kimi qiymətləndirilə bilər.

“Ictimai məkan” anlayışı dəqiq izah olunmayıb.

Jurnalistin mənbəyi artıq hüquqi qorunmadan kənar qala bilər
Mövcud qanun jurnalistin informasiya mənbəsini açıqlamamaq hüququnu qoruyur.
Yeni layihə bu hüquqi təminatı tamamilə ləğv edir.

Beləliklə, jurnalist mənbəni açıqlamaqdan imtina etdikdə, bu onun əleyhinə hökm çıxarılması üçün əsas ola bilər.

"Qeyri-rəsmi imtiyaz" maddəsi qanundan çıxarılır
Hazırkı qanuna görə, şəxs yanlış fakt yayıbsa belə, aşağıdakı hallarda hüquqi məsuliyyətdən azad ola bilər:

faktın düzgünlüyünü yoxlamaq üçün ağıllı və obyektiv cəhdlər göstəribsə,

zərərçəkmişin reputasiyasını bərpa etmək üçün təsirli addımlar atıbsa,

və yayımladığı məlumat ictimai maraq doğuran hadisə ilə bağlı obyektiv və balanslı reportaj formasındadırsa.

Bu müddəa layihədə tamamilə ləğv edilir.

Zərərin ödənilməsi qaydaları dəyişir
Hazırkı qanuna əsasən:

Cavabdeh yalnız məhkəmə qərarının dərcinə məcbur edilə bilər;

Bağışlanma və ya üzr istəməyə məcbur edilə bilməz.

Yeni layihədə isə zərərin ödənilməsinin yetərli olub-olmamasına qərarı zərərçəkmiş yox, məhkəmə verir.

2004-cü ilin islahatları aradan qaldırılır
İfadə azadlığı haqqında indiki qanun 2004-cü ildə qəbul edilmiş və demokratik islahatların əsas sütunlarından biri sayılırdı.

Yeni layihə isə əsas prinsipi –
"İfadə azadlığı yalnız hüquqi əsaslarla və zəruri hallarda məhdudlaşdırıla bilər" – qanundan çıxarır.

Layihənin müəllifləri və arqumentləri

Təklifin müəllifləri “Gürcü Arzusu” partiyasının deputatlarıdır: Davit Matikaşvili, Rati Yonataşvili, Arçil Qordulaadze və İrakli Şatakishvili.

Layihənin izahat sənədində “oxşar qanunların beynəlxalq təcrübədə tətbiqi ilə bağlı araşdırma aparılıbmı?” sualına cavab olaraq yazılıb:
“Belə bir araşdırma aparılmayıb.”

tək qanun deyil – tendensiyanın tərkib hissəsidir
Bu qanun layihəsi son aylarda qəbul edilmiş və ya təklif olunmuş 10-dan çox məhdudlaşdırıcı qanunun davamıdır:

QHT-lərin fəaliyyəti məhdudlaşdırılıb,

Müstəqil medianın imkanları azaldılıb,

Seçki və məhkəmə sistemi üzrə nəzarət mexanizmləri sərtləşdirilib.

İfadə azadlığına dair bu dəyişikliklər avtoritar istiqamətdə davam edən siyasi kursun bir hissəsi kimi qiymətləndirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google