"Mzianın dərhal azad olunmasını tələb edirik” – Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi

Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi "Batumelebi" və "Netqazeti"nin təsisçisi və redaktoru Mzia Amağlobelinin həbsdə saxlanılması

ilə bağlı bəyanat yayıb və onun dərhal azad olunmasını tələb edib.

Bəyanat bu gün, 11 iyul tarixində təşkilat tərəfindən sosial şəbəkədə paylaşılıb:

"Artıq altı ay keçib ki, Gürcüstanda etiraz aksiyası zamanı saxlanılan Mzia Amağlobeli hələ də həbsdədir. Jurnalist hələ də əvvəlcədən həbsdə
saxlanılır – səbəb isə, ona söyüş və təhqirlərlə hücum edən polis əməkdaşına sillə vurmasıdır.

Hazırda Mzia proqressiv göz xəstəliyinə görə görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzədir. Buna baxmayaraq, o, fevral ayından bu yana heç bir müalicə almayıb.

Onun dərhal azad olunmasına və adekvat tibbi yardım göstərilməsinə çağırırıq,”
– deyə bəyanatda bildirilir.

Mzia Amağlobeli 11 yanvarda Batumidə keçirilmiş etiraz aksiyasında əvvəlcə inzibati qaydada saxlanılıb, daha sonra sərbəst buraxılıb. Lakin bir neçə saat sonra artıq 12 yanvarda bu dəfə cinayət məsuliyyəti ilə yenidən saxlanılıb. Səbəb yenə polis əməkdaşına şillə vurmaqdır. Hüquqşünasların qiymətləndirməsinə görə, bu ittiham hadisənin real konteksti ilə uyğun gəlmir və siyasi motivli qərara işarə edir. Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Onun vəkili bildirir ki, jurnalistin səhhəti, xüsusən də görmə qabiliyyəti həbsdə daha da pisləşib. Maia Mtsariaşvilinin sözlərinə görə, Mzia Amağlobelidə keratokonus xəstəliyi var. 4 fevralda "Vivamedi" klinikasında aparılmış müayinənin nəticələrinə əsasən, Mzia Amağlobeli sağ gözü ilə 30%, sol gözü ilə isə cəmi 0,04% görür.

Jurnalist həbsdən sonra 38 gün aclıq aksiyası keçirib. Aclığın 24-cü günündə klinikaya köçürülüb və yalnız aclığı dayandırdıqdan sonra yenidən həbsxanaya qaytarılıb.


 

Print Email
FaceBook Twitter Google