ABŞ prezidenti Donald Tramp iyulun 13-də axşam bəyan edib ki,
Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemləri
göndərəcək.
Bunun Avropa İttifaqı vasitəsilə gerçəkləşəcəyi ehtimal olunur. Bu
arada Kiyev, Moskva və dünya ictimaiyyəti Trampın uzunmüddətli
müharibə ilə bağlı, özünün dediyi kimi, "böyük açıqlama"sını
gözləyir.
Tramp Vaşinqton yaxınlığında ABŞ hərbi bazasında jurnalistlərə
danışıb. O, Kiyevə "Patriot" sistemləri planı haqda
detallı
danışmayıb. Ukrayna bu sistemləri çoxdan istəyir, şəhərlərini
Rusiyanın, demək olar, gündəlik hava hücumlarından qorumaq üçün
"həyati əhəmiyyətli" adlandırır.
"Biz onlara "Patriot" göndərəcəyik, buna çox
ehtiyacları var. Çünki [Rusiya prezidenti Vladimir] Putin bir çox
insanı təəccübləndirdi. O, yaxşı danışır, amma axşam hamını
bombalayır... Bu mənə xoş gəlmir", – Tramp
bildirib.
"Silahın pulunu Avropa İttifaqı ödəyəcək. Biz heç nə
ödəmirik, amma göndərəcəyik", – Tramp deyib. O, belə
bir sövdələşmədə iştirak edəcək Aİ ölkələrinin adlarını
çəkməyib.
"Onlara, əsasən, çox müasir hərbi texnika göndərəcəyik.
100 faiz pulunu ödəyəcəklər, bunun belə olmasını
istəyirik", – Tramp vurğulayıb.
Almaniya
Vaşinqton iyulun 2-də Kiyevə bəzi silahların tədarükünü
dayandırdığını elan edib. Lakin Tramp sonradan Putinin atəşkəsə
razılaşmamasından narazılığını bildirib. O, iyulun 10-da Birləşmiş
Ştatların NATO ölkələri və ya Avropa müttəfiqləri vasitəsilə
Ukraynaya əlavə silah göndərəcəyini demişdi.
Almaniya kansleri Fridrix Merts iyulun 4-də Trampla telefon
danışığında deyib ki, Berlin ABŞ-dən "Patriot" sistemləri alıb
onları Ukraynaya verə bilər. Almaniyanın müdafiə naziri Boris
Pistorius iyulun 14-də Vaşinqtona səfər edəcək, ABŞ rəsmiləri ilə
danışıqlar aparacaq.
İndiyədək ABŞ Ukraynaya üç "Patriot" sistemi göndərib. Bu, keçmiş
prezident Co Bayden administrasiyası dövründə baş verib. "Patriot"
sistemləri dünyanın ən müasir hava hücumundan müdafiə
sistemlərindən sayılır, ballistik, qanadlı raketləri və döyüş
təyyarələrini vurmaq qabiliyyətinə malikdir.
İyulun 14-də Trampın "böyük açıqlama" verəcəyi gözlənilir. Bu arada
Rusiyanın Ukraynaya hücumları nisbətən səngiyib. Öncəki həftələr
rekord sayda hava hücumları baş vermişdi.
"Axios" iyulun 13-də axşam yazıb ki, Tramp açıqlamasında müharibəyə
dair strategiyasında "aqressiv" dəyişiklik elan edəcək, buraya
Ukraynaya hücum silahlarının verilməsi də daxildir. Ağ ev bu
məlumatla bağlı, hələlik, şərh verməyib.
Diplomatik
cəbhə
NATO-nun baş katibi Mark Rütte iyulun 14-də səhər Trampla
görüşməli, Ukrayna və digər məsələləri müzakirə etməlidir.
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq iyulun 14-dn
Ukraynaya səfər edəcək.
Trampın əsas müttəfiqlərindən olan respublikaçı senator Lindsi
Qremin açıqlaması isə Trampın Ukraynaya silah tədarükünü
artıracağına dair ehtimalları gücləndirib. O, CBS televiziyasına
deyib ki, "yaxın günlərdə Ukraynanın özünü müdafiə etməsi üçün
rekord səviyyədə silah axını görəcəksiniz".
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı
işğalı İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük və ən
qanlı müharibə sayılır. Vaşinqtondakı Strateji və Beynəlxalq
Araşdırmalar Mərkəzinin ötən ay yaydığı hesabatına görə, bu yay
Rusiya itkiləri (ölü və yaralı sayı) 1 milyon nəfəri keçəcək,
Ukraynanın isə təxminən 400 min əsgəri ölüb və yaralanıb.
Son iki gün ərzində hücumlarda nisbi durğunluq yaranıb. Amma iyulun
12-də Rusiya Ukrayna şəhərlərinə dron, raket, bomba və artilleriya
zərbələri endirib. Ukraynalı rəsmiləri azı doqquz nəfərin öldüyünü,
onlarla yaralının olduğunu açıqlayıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415