Tədqiqatçı media "Ifakt" Gürcüstanın Quriyə bölgəsinin Lançxuti
rayonunun Şuxuti kəndində iki rus qadının 14.000 kvadratmetrlik
torpaq sahəsi alaraq kosmodrom tikdiyini və eyni zamanda Rusiya
hökumətinə bağlı “Pravfond” təşkilatına Gürcüstan haqqında məlumat
ötürdüyünü aşkara çıxarıb.
Jurnalist araşdırmasına görə, “Kolxida” kosmodromunun buraxılış
məntəqəsi həmin ərazidə inşa olunmalıdır. Bu ideyanın müəllifləri
rus qadınlar Yuliya və Mariya Arxipovadır. Onlar 2022-ci
ilin
fevralında Rusiyadan Gürcüstana gəlib, iki şirkət qurub, torpağın
bir hissəsini satın alıb, bir hissəsini isə yerli sakinləri
aldadaraq əldə ediblər.
"Ifakt" bildirir ki, Mariya 46, Yuliya isə 45 yaşındadır. Guriya
əhalisi onları bacılar kimi tanıyır, amma əslində ortaqdırlar,
keçmişdə isə ər-arvad olublar – Mariya trans qadındır, əvvəllər adı
Yevgeni olub və kişi kimi tanınıb.
“Pravfond” nədir və
onların əlaqəsi nədir?
"Pravfond" — “Həmvətənlərin müdafiə və dəstək fondu” — 2012-ci ildə
Dmitri Medvedevin sərəncamı ilə yaradılıb. Onun yaradıcısı Rusiya
Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarıdır. Rəsmi məqsədi
xaricdəki rusların hüquqi müdafiəsidir, amma qeyri-rəsmi olaraq
Kremlin geosiyasi alətidir: Avropa, Gürcüstan, Moldova, Ukrayna və
Orta Asiyada "yumşaq güc" kimi fəaliyyət göstərir. ABŞ və Aİ
tərəfindən 2023-cü ildən sanksiya altındadır.
"Ifakt" bildirir ki, “Pravfond” rus vəkillərə maddi dəstək verir,
informasiya kampaniyaları və diplomatik lobbiçilik aparır, Rusiya
səfirlikləri və mədəniyyət mərkəzləri vasitəsilə işləyir. Estoniya
və Latviya kəşfiyyatına görə, "Pravfond" həm də Rusiya
kəşfiyyatının alətidir və regionda pro-rus Telegram kanallarını və
“hüquq mərkəzlərini” maliyyələşdirir.
Araşdırmaya əsasən, "Pravfond" gürcü vətəndaşı Zelimxan
Xanqoşvilinin qatili, Rusiya xüsusi xidmət orqanının əməkdaşı
Vladim Krasikovun vəkil xərclərini — 220.000 avrodan çox — ödəyib.
Krasikov Almaniyada ömürlük həbslə cəzalandırılmış, 2024-cü ildə
rusiyalı jurnalistlərlə dəyişdirilmiş və şəxsən Putin tərəfindən
qarşılanmışdı. O, Rusiya FTX-nin "Alfa" qrupunun üzvü olub.
Arxipovlar və "Pravfond"
arasında əlaqə
"Ifakt"nın məlumatına görə, Mariya və Yuliya Arxipovlar ən azı
2014-cü ildən "Pravfond"la əməkdaşlıq edirlər.
2000-ci illərdən etibarən onlar Rusiya vəkilləri kimi fəaliyyət
göstəriblər, “İnsan Hüquqları naminə” vəkil assosiasiyası qurublar.
2023-cü ilin fevralında bu assosiasiya Putinə və Lavrova Gürcüstan
vətəndaşları üçün viza rejiminin ləğvini xahiş edib. Putin 2023-cü
ilin mayında bu xahişi yerinə yetirib.
"Pravfond" Arxipovlarla Krımın işğalı ilə eyni dövrdə maraqlanmağa
başlayıb. Onların LGBTQ+ kimliyi Qərbdə daha etibarlı görünmələri
üçün alət kimi istifadə edilib.
“Pravfond” bu təşkilata azı 72.000 avro qrant verib — məqsəd
Ukraynadakı insan hüquqları vəziyyəti haqqında hesabatlar
hazırlamaq və təşkilatın xərclərini ödəmək olub.
2014-cü ildə hazırlanmış hesabatda Ukrayna "neonasist hökumət",
Rusiya isə "etnik rusları qoruyan" qüvvə kimi təqdim olunub.
Gürcüstan haqqında
“raportlar”
2023-cü ilin martında Mariya Arxipova Rusiyaya göndərdiyi hesabatda
bildirir ki, Qriqoleti, Şekvetili, Ureki və Poti kimi yaşayış
məntəqələrində rusdilli əhali yaşayır və onlar çətinlik çəkirlər.
Onlar:
- Gürcü dili bilmirlər, dövlət orqanlarında tərcüməçiyə ehtiyac
duyurlar,
- Təhqirə, zorakılığa məruz qalırlar, diskriminasiya olunur,
- İşə düzəlməkdə, dövlət qurumlarında təmsil olunmaqda çətinlik
çəkirlər,
- Ən aşağı maaşları alırlar, işdən çıxarılma riskləri
yüksəkdir.
Arxipova tövsiyə edir:
- Rus dilinə ikinci dövlət dili statusu verilsin;
- Rusların siyasətdə və vətəndaş cəmiyyətində mövqeləri
gücləndirilsin;
- Ruslara Gürcüstanda qalmaq və vətəndaşlıq almaq
asanlaşdırılsın;
- Rusların real sayını müəyyən etmək üçün əhali siyahıya
alınsın.
"Ifakt" qeyd edir ki, "Gürcü Arzusu" hökuməti son qanun
dəyişiklikləri ilə bu tövsiyələrə qismən uyğun qərarlar verib.
Məsələn:
- 2023-cü ilin noyabrında vətəndaşlıq alma qaydaları
sadələşdirilib (5 il yaşamış olmaq kifayətdir),
- 2024-cü ildə bəzi dövlət vəzifələrində gürcü dili bilmə tələbi
ləğv olunub.
Qarşılaşdırma: Ukrayna və Gürcüstan
"Ifakt" bildirir ki, Arxipovların Gürcüstanda yazdığı hesabatlar
2014-cü ildə Ukrayna üçün yazdıqlarına çox bənzəyir. O vaxtlar da
"neonasistlər rusları təqib edir" arqumentindən istifadə
edilib.
2024-cü ilin oktyabrında
Mariya Arxipova Rusiya mediasına deyib:
"Gürcüstanda da ruslar yerli xalqdır. Rusiya diplomatiyası bu
istiqamətdə çalışmalıdır. Rus dilinə rəsmi status verilməli, rus
məktəbləri açılmalı, ruslara diplomatik müdafiə verilməlidir. Əks
halda Gürcüstanın “qaytarılması” lazım olacaq — necə ki, indi
Ukraynanı qaytarırıq."
Sosial media, “şikayətlər”
və agent şübhələri
Arxipova həmçinin Rusiya Təhsil Nazirliyinə və “Pravfond”a məktubla
sosial şəbəkələrdə rusdilli qrupların ukraynalılar və anti-rus
fəallar tərəfindən idarə olunduğunu yazıb, onların siyahısını da
göndərib.
Məsələn, Facebook və Telegram administratoru Rusiya vətəndaşı
Nikolay Levşitsi 2023-cü ilin mart aksiyalarında aktiv olub,
Kuatisi etirazlarına rəhbərlik edib. Arxipovlar 2023-cü ildə
“Pravfond”a azı 10 belə raport göndərib.
2023-cü ildə onlar Lali Moroşkinanın hüquqlarını qoruduqlarını
bildiriblər. Onun Rus TV-lərində çıxışına görə hücuma məruz
qaldığını deyiblər və “Pravfond”dan ona kömək istəyiblər.
Amma Lali Moroşkina jurnalistlərə bildirib ki, Arxipovlar ona
şübhəli gəlib və onlar haqqında Dövlət Təhlükəsizlik Xidmətinə
məlumat verib:
"Bunlar ya fırıldaqçı, ya casus, ya da
kəşfiyyatçıdırlar. Sosial şəbəkədə bu qədər aktivlik varsa, deməli,
arxasında kimsə var."
Son olaraq, "Ifakt" bildirir ki, Mariya Arxipova hal-hazırda
Fransada müalicə olunur, amma 2024-cü ilin payızında Rusiya şəhəri
Domodedovoda olduğu təsdiqlənib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415