Batumi Şəhər Məhkəməsində "Batumelebi" və "Netgazeti"nin
təsisçisi Mzia Amağlobeli ilə bağlı məhkəmə prosesi davam edir.
Hakim Nino Saxelaşvili müdafiə tərəfinin vəsatətlərini təmin
etməyib – “Gürcü Arzusu”nun deputatı Nino Tsilosani və partiyanın
baş naziri İrakli Kobaxidzenin dindirilməsi ilə bağlı müraciətlər
rədd edilib.
Nino Tsilosaninin dindirilməsi ilə bağlı vəsatət vəkillər
tərəfindən 4 iyul tarixində keçirilən məhkəmə iclasında
təqdim
olunmuşdu. Vəsatətdə qeyd edilən açıqlamada Tsilosani bildirib ki,
Mzia Amağlobeli "pul qarşılığında, sifarişlə və agentura fəaliyyəti
çərçivəsində" hərəkət edib. Vəkil izah edib ki, bu, sadəcə siyasi
mövqe deyil, çünki deputat fakt şəklində danışır və sanki müəyyən
məlumata sahib olduğunu bildirir.
Bu gün keçirilən iclasda vəkil Juba Katamadze tələb edib ki, şahid
siyahısına “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze də əlavə
olunsun, çünki onun da dəfələrlə Mzia Amağlobeli işi ilə bağlı
danışdığı və onun “polis nüfuzunu sarsıtmaq məqsədilə sifarişlə
hərəkət etdiyini” iddia etdiyi bildirilir.
Vəkilin sözlərinə görə, bu açıqlamalar Kobaxidzenin müəyyən
məlumata malik olduğunu göstərir və bu məlumat məhkəmə üçün maraqlı
ola bilər. Proses zamanı prokuror Tornike Qoqeşvili isə bildirib
ki, “kim nə şərh verir-vermir” məsələsinə görə onları dindirmək
məqsədəuyğun deyil və bu, məhkəməyə fayda verməyəcək.
Nəticədə, hakim Nino Saxelaşvili prokurorluğun mövqeyini
dəstəkləyib və müdafiə tərəfinin vəsatətini təmin etməyib.