“Nə qədər kriminal göndərsələr də, sınmayacağam” – Baçiaşvili uzun məktubunda döyülmə faktını təsvir edib

“Birgə İnvestisiya Fondunun” sabiq rəhbəri, hazırda həbsdə olan Qiorqi Baçiaşvili,


ona qarşı həyata keçirilmiş fiziki zorakılıqla bağlı həbsxanadan geniş məktub yayır.

Məktub 14 iyul tarixi ilə qeyd olunub.

Baçiaşvili yazır ki, 8 iyulda onu N8 saylı müəssisənin rəhbəri David Qoqoberişvili çağırıb, onu dostyana qarşıladıqdan sonra bir neçə dəfə ona Bidzina İvanişvili üçün bank hesablarını, kriptovalyuta
dövriyyələrini və ünvanlarını açmağı tövsiyə edib:

“Cavab verdim ki, bu şəraitdə – həm mənim, həm də ailəmin mülkiyyətinə qarşı ov aparıldığı, özüm isə hüquqlarımın pozulması ilə bağlı qapalı vəziyyətdə olduğum bir şəraitdə bunu məqsədəuyğun hesab etmirəm. Buna cavab olaraq Daviddən belə bir cavab aldım: ‘Qiorqi, sən şərt qoyacaq vəziyyətdə deyilsən, bilirsən axı, həbsxanada hər cür adam olur, həm "dəlilər", həm də az "dəlilər".’ Söhbət dostyana tonda idi və o an mən bunu təhdid kimi qəbul etmədim”, – Qiorqi Baçiaşvili yazır və 11 iyul axşamı tanımadığı bir şəxsin kamerada onu fiziki zorakılığa məruz qoymasını xatırlayır. Baçiaşvili hücum edən şəxsi belə təsvir edir:

“Axşam saat 7-də kameramın qapısı açıldı (son bir həftə tək idim, videonəzarət altında, kamerada 2 kamera yerləşir, bilirəm ki, kamera işləyir və 24 saat məni izləyirlər) və içəri mənim üçün tanımadığım bir şəxs daxil oldu (hündür, idman bədənli, ağ köynək və cins şalvar, idman ayaqqabısı geyinmişdi). Mənə kim olduğunu demədi, özünü təqdim etmədi, sonra mən kimliyini soruşdum, aqressiv şəkildə cavab verdi ki, ‘burda sualları ancaq o verir.’ Mən dedim ki, bu tərzdə söhbət baş tutmaz (başa düşdüm ki, bu şəxs təxribat məqsədilə içəri buraxılıb). Bundan sonra o, söyüş və təhqirlərlə məni təhqir etməyə başladı.
Ondan söyüşləri dayandırmasını istədim, sonra birbaşa əlbəyaxa döyüşə keçdi. Yumruqlarla vururdu, mənimlə güləşirdi, çiynimdən qanayanadək dişlədi. Döyüş zamanı 5-ci ‘E’ blokunun növbətçi rəisi Arçil qapının gözlüyünü açdı, bu anda döyüş dayandı, lakin bu şəxs Arçilə dedi ki, gözlüyü bağlasın, və mənim üçün təəccüblü şəkildə Arçil dərhal əmrinə tabe oldu və gözlüyü bağladı.”

Qiorqi Baçiaşvili bildirir ki, həmin şəxs başında şüşə stəkanı sındırıb, bundan sonra diz üstə düşüb və “ani olaraq huşunu itirib”:

“Huşumu bərpa etdikdən sonra həmin şəxs məni döyməyə davam edirdi və stəkanın qırıntılarını boğaz və üz nahiyəmin üstünə tutaraq zərbə endirməyə çalışırdı, lakin sağ biləyimə xəsarət yetirdi, digər əli ilə isə üzümə yumruqla vururdu. Bir neçə dəfə başımı divara çırpdı. Ondan sakitləşməsini və məni rahat buraxmasını xahiş edirdim. Bir neçə dəqiqə sonra Arçil qapını açdı və həmin şəxsə kameradan çıxmağı dedi və birlikdə getdilər.”

Baçiaşvili bildirir ki, kamerada “qan gölməçəsi” var idi. Divarlarda da qan izləri olmuşdu:

“Təxminən 10 dəqiqə sonra həbsxananın rəhbəri yanıma gəldi və məni növbətçi cərrahın yanına apardı. Həbsxananın rəhbəri mənə dedi ki, bu şəxs məhkum olub (adını/soyadını demədi) və onun əmri ilə yerləşdirmə məqsədilə kameraya daxil edilib və onun döyüşəcəyini bilmirdi. Amma mənim üçün artıq hər şey aydın idi, çünki bu, hədə mesajının icrası idi”, –Qiorqi Baçiaşvili yazıb.

Onun sözlərinə görə, cərrah yaraları emal etdikdən sonra bir daha huşunu itirib.

“Vəkillə və Xalq Müdafiəçisi ilə əlaqə saxlamağı xahiş edirdim, lakin imkan verilmədi. Sonra ‘Vivamedi’ klinikasına köçürülməyimi istədim, çünki başımda güclü ağrı, ürək bulanması, işığa qarşı həssaslıq və qulaqlarda uğultu başlamışdı. Onlar təcili yardım çağırdılar və məni təxminən saat 21:00-da ‘Vivamedi’ klinikasına apardılar. Təcili yardımda da zəng etmək hüququ istədim, eyni tələbi ‘Vivamedi’də də israrla qoydum, lakin nəticə vermədi. ‘Vivamedi’də mənə dedilər ki, əgər zəng etmədən prosedurların aparılmasından imtina edirəmsə, məni həbsxanaya geri qaytaracaqlar.”

Qiorqi Baçiaşvili bildirir ki, klinikada başına 3, biləyinə isə bir tikiş qoyulub.

“Sol qolumda diş izi (emal etdilər), alt dodağımın iç tərəfi cırılmışdı, amma tikilmədi. Sağ yanaq nahiyəsində, göz və yanaq nahiyəsində ciddi şişlik var idi, sağ alt çənəmin 6-cı dişi qırılmışdı. Həmçinin, boyun, quyruq sümüyü və bel nahiyələrində qançırlar var idi. Baş ağrısı, ürək bulanması, qulaqlarda uğultu, başgicəllənmə hiss edirdim.”

Qiorqi Baçiaşvili yazır ki, stasionarda qalmaq istəsə də, rədd cavabı alıb:

“Yatdığım yerdən qalxa bilmirdim, ucadan qışqırırdım və zəng etmək istəyirdim. Mühafizə xidmətinin üzvlərinin çiyin kameraları açıq idi. Əllərimdən tutdular və zorla maşına salıb məni N8 saylı müəssisəyə, başqa kameraya qaytardılar. Bu, saat 03:00-da baş verdi.”

Məhbus yazır ki, gecə saat 3-də yanına iki qadın müstəntiq gəlib və ondan qanlı paltarlarını çıxarmağı və ifadə verməyi istəyiblər:

“Vəkilsiz ifadə verməkdən imtina etdim. Yenə də vəkillərlə və Xalq Müdafiəçisi ilə əlaqə yaratmağı istədim, amma nəticəsiz. 12 iyul səhəri, səhər yeməyi və nahardan imtina etdim, çünki beyin silkələnməsinin simptomlarını hiss edirdim. Həkim və stasionara köçürülməni tələb etdim.”

Qiorqi Baçiaşvili qeyd edir ki, o, 12 iyulda #18 Penitensiar Müəssisəyə köçürülüb, Xalq Müdafiəçisi ilə yalnız aclıq aksiyası elan etdikdən sonra əlaqə yaratmasına icazə verilib:

“Kameramda videokamera var idi, dəhlizdə də – hər şey qeydə alınmalı idi: həmin şəxsin kamerama necə daxil olduğu və sonra hara aparıldığı. Döyülməyimi mülkiyyətimin qanunsuz və zorla əlimdən alınması, qorxudulmam ilə əlaqələndirirəm. Kamerada yalnız qalmağımı, videomüşahidə altında olmağımı tələb edirəm. Əks halda, həyatım və sağlamlığım təhlükədə olacaq. Şənbə axşamı Xalq Müdafiəçisinin nümayəndəsi ilə görüşdüm, hər şeyi ətraflı danışdım, məsələ ilə bağlı onların reaksiya verməsini tələb edirəm.
Bu, həbsxana administrasiyası ilə kriminalların koordinasiyalı fəaliyyətinin nəticəsidir. Deməli, onlar bir cinayətkar qrupun üzvləridir. Bəyan edirəm ki, nə qədər kriminalı kamerama göndərsələr də və kim tərəfindən zorakılığa məruz qalsam da, sınmayacağam və məni qorxuda bilməyəcəklər”,
–Qiorqi Baçiaşvili bildirib.

Qiorqi Baçiaşviliyə qarşı baş vermiş döyülmə faktı ilə bağlı hələlik nə Penitensiar Xidmət, nə də Ədliyyə Nazirliyi heç bir açıqlama verməyib.

“Birgə İnvestisiya Fondunun” sabiq rəhbərinin döyülməsi barədə ilkin məlumatı 14 iyulda “TV Pirveli” yayıb.

Məlumatı az sonra Baçiaşvilinin vəkilləri də təsdiqləyiblər.
2025-ci il martın 10-da Tbilisi Şəhər Məhkəməsi Bidzina İvanişvilinin keçmiş “şəxsi maliyyəçisi” Qiorqi Baçiaşviliyə “kriptovalyuta işi” ilə bağlı iştirak etmədən 11 il həbs cəzası verib.

Qərarı hakim Qiorqi Qelaşvili elan edib.
Təqsirləndirmə 9 ildən 11 ilə qədər həbs cəzası nəzərdə tuturdu. Baçiaşviliyə bu maddə üzrə maksimum hədd verilmişdi.
İvanişvilinin sabiq müttəfiqi “böyük məbləğdə vəsaitin mənimsənilməsində” və “qanunsuz gəlirin leqallaşdırılmasında”, yəni “pul yuyulmasında” təqsirli bilinib.
Rəsmi məlumata görə, Qiorqi Baçiaşvili 27 mayda saxlanılıb.

“2025-ci il 26 mayda Dövlət Təhlükəsizlik Xidmətinə daxil olmuş anonim məlumatda bildirildi ki, Qırmızı Körpü və Sadaxlı arasındakı "yaşıl sərhədin" yaxınlığında Gürcüstan və Rusiya Federasiyasının ikili vətəndaşı, qırmızı axtarış bülleteni ilə axtarışda olan və məhkum edilmiş Qiorqi Baçiaşvili hərəkət edir”, – deyə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bildirirdi.

Qırmızı Körpü ilə Sadaxlı arasında təxminən 20 km məsafə var. DTK onun Ermənistanla, yoxsa Azərbaycanla sərhəddə olduğunu açıqlamayıb.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Baçiaşvili “istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində” saxlanılıb.

Qiorqi Baçiaşvili Gürcüstandan gizli şəkildə çıxmış və onun harada olduğu məlum deyildi.
Qiorqi Baçiaşvilinin beynəlxalq hüquqşünaslar qrupu bəyan edib ki, Baçiaşvili Gürcüstana “zorla qaytarılıb” və ona işgəncə təhlükəsi var.
Bidzina İvanişvili tərəfindən təsis edilmiş “Birgə İnvestisiya Fondu”nun sabiq rəhbəri Qiorqi Baçiaşviliyə qarşı cinayət işi İvanişvilinin 2023-cü ildəki bəyanatı əsasında qaldırılıb.

Prokurorluq Baçiaşvilini 39 215 820 ABŞ dolları məbləğində kriptovalyutanı mənimsəməkdə ittiham edirdi. 2023-cü il iyulun 6-da Tbilisi Şəhər Məhkəməsi ona qarşı qətimkan tədbiri olaraq 2,5 milyon lari girov təyin etmişdi.

2025-ci ilin martında məlum oldu ki, Qiorqi Baçiaşvili Gürcüstanı tərk edib. Prokurorluq onu axtarışa verib.


 

Print Email
FaceBook Twitter Google