"Müxalifət istənilən konfiqurasiyada çox böyük
məğlubiyyətə məhkumdur".
Bu sözlərlə İrakli Kobaxidze, "Lelo və Qaxaria Gürcüstan naminə"
partiyalarının yerli idarəetmə seçkilərində qarşılıqlı əməkdaşlıq
memorandumu imzalaması ilə bağlı verilən sualı cavablandırıb.
Kobaxidzenin sözlərinə görə, "Gürcü Arzusu" partiyası 64
bələdiyyənin hamısında böyük üstünlüklə qalib gələcək.
“İstənilən konfiqurasiyada və istənilən formatda biz 64
bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə məclisi
(sakrebulo) seçkilərində böyük üstünlüklə qalib gələcəyik. Bunu
bizdə olan sorğular da sübut edir və ümumi mənzərə göstərir ki,
cəmiyyətin mövqeyi necədir. Cəmiyyət hər şeyi çox yaxşı görür və
qiymətləndirir. Məhz buna görədir ki, radikal müxalifət ölkəmizdə
tamamilə diskreditasiya olunub.
Son dörd il ərzində bu şəxslər – radikal müxalifət siyasətçiləri –
milli maraqlarımıza zərər vurmaq üçün əllərindən gələni etdilər.
Onlar Gürcüstanın Aİ namizəd statusunu almaması, Aİ ilə
danışıqların açılmaması üçün çalışırdılar və s. Bu milli əleyhinə
və dövlət əleyhinə fəaliyyətlərin siyahısı kifayət qədər uzundur.
Belə şəraitdə heç kimə təəccüblü gəlməməlidir ki, müxalifət bir il
əvvəl parlament seçkiləri öncəsi dövrdən daha da zəifləmiş
vəziyyətdədir. Nəticə olaraq, müxalifət istənilən konfiqurasiyada,
təbii ki, çox böyük məğlubiyyətə məhkumdur,” – deyə
Kobaxidze bildirib.
2025-ci il yerli özünüidarə seçkiləri ilə bağlı, 14 iyul tarixində
"Qaxaria – Gürcüstan naminə" və "Lelo" partiyalarının koalisiyası
qarşılıqlı əməkdaşlıq memorandumu imzalayıblar.