Avropa İttifaqı Gürcüstana vizasız rejimlə bağlı məktub göndərəcək – Kaya Kallas mümkün dayandırma ilə bağlı xəbərdarlıq edir

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas iyulun 15-də Aİ Xarici İşlər Şurasının iclasından əvvəl təsdiqləyib ki,


Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi müzakirə olunur. Səbəb kimi isə ölkədə demokratiyanın inkişafında müşahidə olunan “ciddi geriləmə” göstərilir.

“Biz Gürcüstanda ciddi geriləməni görürük və əlavə hansı addımları ata biləcəyimizi müzakirə edirik. Bütün variantlar masa üzərindədir,
o cümlədən vizasız rejimin dayandırılması və Gürcüstan hökumətini mövqeyini dəyişməyə vadar edə biləcək digər tədbirlər də,”
– deyə Kallas bildirib.

O qeyd edib ki, Aİ gənclər də daxil olmaqla nümayişçilərə tətbiq olunan qeyri-proporsional cəzalara cavab olaraq bir sıra tədbirlər hazırlayıb. Onun sözlərinə görə, bu hal Gürcüstanın ədliyyə sistemində problemləri və onun “repressiv aparatın bir hissəsi olduğunu” nümayiş etdirir.

Kallas təsdiqləyib ki, sanksiyaların yeni paketində iki gürcü hakimin adı da var. O qeyd edib ki, Aİ-də sanksiyalar məsələsində əvvəllər də fikir ayrılıqları olub, lakin müzakirələr davam edir. Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların tətbiqinə qarşı çıxır.

“Bu gün Gürcüstana vizasız rejimlə bağlı məktub göndərəcəyik. Bu o deməkdir ki, onlara yerinə yetirməli olduqları bir sıra şərtlər təqdim olunacaq. Əgər bu şərtlər müəyyən müddət ərzində yerinə yetirilməzsə, vizasız rejimi dayandırmalı olacağıq,” – deyə Kallas bildirib. O, məktubda hansı vaxt məhdudiyyətlərinin göstəriləcəyini dəqiqləşdirməyib. Radio Azadlıq yazır ki, möhlət 31 avqusta qədər ola bilər.

Avropa Komissiyasının məktubu ilə bağlı məlumat 14 iyulda X platformasında Aİ-nin Avropa redaktoru Rikard Yozvyak tərəfindən də yayılıb. O yazıb ki, “Avropa Komissiyası Gürcüstana vizasız rejimin dayandırılması ilə hədələyən məktub hazırlayır.”

İyulun 15-də Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti və “Gürcü Arzusu” hökumətinin siyasətinə cavab tədbirlərini müzakirə edəcəklər.
“Gürcü Arzusu” partiyasının liderləri Aİ-nin və onun liderlərinin tənqidlərini “dərin dövlət”lə əlaqələndirirlər və bildirirlər ki, “Gürcüstana Avropa lazım olduğu qədər, Avropa İttifaqına da Gürcüstan lazımdır.”

Gürcüstanla vizasız rejimin əsaslarına yenidən baxılması Avropa İttifaqında hələ 2023-cü ildən müzakirə olunmağa başlanıb və 2024-cü ildə bu istiqamətdə işlər davam etdirilib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze, 14 iyulda jurnalistlərin suallarını cavablandırarkən Radio Azadlıq tərəfindən yayılan məlumata münasibət bildirib. Həmin məlumata görə, Aİ-nin daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Magnus Brunner Aİ xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək iclasından əvvəl Gürcüstan hökumətinə vizasız rejimin dayandırılması ilə hədələyən məktub göndərəcək.

İrakli Kobaxidzenin sözlərinə görə, gürcü xalqını hakimiyyətə “qanlı rejimin” nümayəndələrini qaytarmadığına görə şantaj etmək “tamamilə utancverici bir hərəkətdir.”

Bundan əlavə, bir neçə aydır ki, Gürcüstan diplomatik və xidməti pasport sahibləri üçün Aİ-nin bəzi ölkələrinə giriş üçün vizalar tələb olunur.
Bu məhdudiyyətlərin tətbiq olunması barədə məlumatı iyunun sonunda əvvəlcə İrakli Kobaxidze, daha sonra isə mübahisəli parlament sədri Şalva Papuaşvili təsdiqləyib.

“Bunu hər kəs bilməlidir: 11 ölkə beynəlxalq hüququ pozur. Bu, Aİ-nin rüsvayçılığıdır. Avropa Komissiyasının diplomatik və xidməti pasportlar üçün vizasız rejimin dayandırılması barədə tövsiyəsi və ya qərarı beynəlxalq hüququn pozulmasıdır, və bu qərarı dəstəkləyən bütün ölkələr beynəlxalq hüququ pozur,” – deyə Papuaşvili jurnalistlərə bildirib.

"Euroscope" onlayn nəşrinin məlumatına görə, vizasız girişin dayandırıldığı Aİ ölkələri bunlardır:
• Rumıniya
• Bolqarıstan
• Latviya
• Litva
• Estoniya
• Lüksemburq
• Niderland
• Fransa
• Belçika
• İtaliya
• İsveç (avqustdan)
• Macarıstan (hələ açıqdır)
• Avstriya (məlumat yoxdur)

Bu məhdudiyyətlər Aİ-nin 2024-cü il 28 noyabr tarixində "Gürcü Arzusu" partiyasının açıqladığı qərardan sonra başlayıb. Həmin qərarda bildirilib ki, növbəti 4 ildə Gürcüstanın Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq niyyəti yoxdur.

Bundan sonra başlayan proavropapərəst etiraz aksiyalarının əsas tələbləri yeni Parlament seçkilərinin keçirilməsi və həbs olunan nümayişçilərin azad olunmasıdır.
Etirazların zorakılıqla dağıdılmasından iki həftə sonra, 16 dekabrda Aİ xarici işlər nazirləri Gürcüstan diplomatları və xidməti pasport sahibləri üçün vizasız rejimin ləğvini müzakirə etməyə başladılar, və 27 yanvarda bu qərar qəbul olundu.

Gürcüstan vizasız rejim hüququnu 2017-ci il martın 28-dən etibarən, fəaliyyət planı və göstəricilərə dair rəhbərlik sənədinin tələblərini yerinə yetirdikdən sonra əldə etmişdi.


 

Print Email
FaceBook Twitter Google