Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali
Nümayəndəsi Kaya Kallas iyulun 15-də Aİ Xarici İşlər Şurasının
iclasından əvvəl təsdiqləyib ki,
Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi müzakirə
olunur. Səbəb kimi isə ölkədə demokratiyanın inkişafında müşahidə
olunan “ciddi geriləmə” göstərilir.
“Biz Gürcüstanda ciddi geriləməni görürük və əlavə
hansı addımları ata biləcəyimizi müzakirə edirik. Bütün variantlar
masa üzərindədir, o cümlədən vizasız rejimin dayandırılması və
Gürcüstan hökumətini mövqeyini dəyişməyə vadar edə biləcək digər
tədbirlər də,” – deyə Kallas bildirib.
O qeyd edib ki, Aİ gənclər də daxil olmaqla nümayişçilərə tətbiq
olunan qeyri-proporsional cəzalara cavab olaraq bir sıra tədbirlər
hazırlayıb. Onun sözlərinə görə, bu hal Gürcüstanın ədliyyə
sistemində problemləri və onun “repressiv aparatın bir hissəsi
olduğunu” nümayiş etdirir.
Kallas təsdiqləyib ki, sanksiyaların yeni paketində iki gürcü
hakimin adı da var. O qeyd edib ki, Aİ-də sanksiyalar məsələsində
əvvəllər də fikir ayrılıqları olub, lakin müzakirələr davam edir.
Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların tətbiqinə
qarşı çıxır.
“Bu gün Gürcüstana vizasız rejimlə bağlı məktub
göndərəcəyik. Bu o deməkdir ki, onlara yerinə yetirməli olduqları
bir sıra şərtlər təqdim olunacaq. Əgər bu şərtlər müəyyən müddət
ərzində yerinə yetirilməzsə, vizasız rejimi dayandırmalı
olacağıq,” – deyə Kallas bildirib. O, məktubda hansı
vaxt məhdudiyyətlərinin göstəriləcəyini dəqiqləşdirməyib. Radio
Azadlıq yazır ki, möhlət 31 avqusta qədər ola bilər.
Avropa Komissiyasının məktubu ilə bağlı məlumat 14 iyulda X
platformasında Aİ-nin Avropa redaktoru Rikard Yozvyak tərəfindən də
yayılıb. O yazıb ki, “Avropa Komissiyası Gürcüstana vizasız rejimin
dayandırılması ilə hədələyən məktub hazırlayır.”
İyulun 15-də Aİ xarici işlər nazirləri Gürcüstandakı vəziyyəti və
“Gürcü Arzusu” hökumətinin siyasətinə cavab tədbirlərini müzakirə
edəcəklər.
“Gürcü Arzusu” partiyasının liderləri Aİ-nin və onun liderlərinin
tənqidlərini “dərin dövlət”lə əlaqələndirirlər və bildirirlər ki,
“Gürcüstana Avropa lazım olduğu qədər, Avropa İttifaqına da
Gürcüstan lazımdır.”
Gürcüstanla vizasız rejimin əsaslarına yenidən baxılması Avropa
İttifaqında hələ 2023-cü ildən müzakirə olunmağa başlanıb və
2024-cü ildə bu istiqamətdə işlər davam etdirilib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, 14 iyulda jurnalistlərin
suallarını cavablandırarkən Radio Azadlıq tərəfindən yayılan
məlumata münasibət bildirib. Həmin məlumata görə, Aİ-nin daxili
işlər və miqrasiya məsələləri üzrə komissarı Magnus Brunner Aİ
xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək iclasından əvvəl
Gürcüstan hökumətinə vizasız rejimin dayandırılması ilə hədələyən
məktub göndərəcək.
İrakli Kobaxidzenin sözlərinə görə, gürcü xalqını hakimiyyətə
“qanlı rejimin” nümayəndələrini qaytarmadığına görə şantaj etmək
“tamamilə utancverici bir hərəkətdir.”
Bundan əlavə, bir neçə aydır ki, Gürcüstan diplomatik və xidməti
pasport sahibləri üçün Aİ-nin bəzi ölkələrinə giriş üçün vizalar
tələb olunur.
Bu məhdudiyyətlərin tətbiq olunması barədə məlumatı iyunun sonunda
əvvəlcə İrakli Kobaxidze, daha sonra isə mübahisəli parlament sədri
Şalva Papuaşvili təsdiqləyib.
“Bunu hər kəs bilməlidir: 11 ölkə beynəlxalq hüququ
pozur. Bu, Aİ-nin rüsvayçılığıdır. Avropa Komissiyasının diplomatik
və xidməti pasportlar üçün vizasız rejimin dayandırılması barədə
tövsiyəsi və ya qərarı beynəlxalq hüququn pozulmasıdır, və bu
qərarı dəstəkləyən bütün ölkələr beynəlxalq hüququ pozur,”
– deyə Papuaşvili jurnalistlərə bildirib.
"Euroscope" onlayn nəşrinin məlumatına görə, vizasız girişin
dayandırıldığı Aİ ölkələri bunlardır:
• Rumıniya
• Bolqarıstan
• Latviya
• Litva
• Estoniya
• Lüksemburq
• Niderland
• Fransa
• Belçika
• İtaliya
• İsveç (avqustdan)
• Macarıstan (hələ açıqdır)
• Avstriya (məlumat yoxdur)
Bu məhdudiyyətlər Aİ-nin 2024-cü il 28 noyabr tarixində "Gürcü
Arzusu" partiyasının açıqladığı qərardan sonra başlayıb. Həmin
qərarda bildirilib ki, növbəti 4 ildə Gürcüstanın Aİ-yə üzvlüklə
bağlı danışıqlara başlamaq niyyəti yoxdur.
Bundan sonra başlayan proavropapərəst etiraz aksiyalarının əsas
tələbləri yeni Parlament seçkilərinin keçirilməsi və həbs olunan
nümayişçilərin azad olunmasıdır.
Etirazların zorakılıqla dağıdılmasından iki həftə sonra, 16
dekabrda Aİ xarici işlər nazirləri Gürcüstan diplomatları və
xidməti pasport sahibləri üçün vizasız rejimin ləğvini müzakirə
etməyə başladılar, və 27 yanvarda bu qərar qəbul olundu.
Gürcüstan vizasız rejim hüququnu 2017-ci il martın 28-dən etibarən,
fəaliyyət planı və göstəricilərə dair rəhbərlik sənədinin
tələblərini yerinə yetirdikdən sonra əldə etmişdi.