Dövlət qulluqçularının müstəqil peşəkar ittifaqı –
“Konstitusiyanın 78-ci maddəsi”, Tbilisidə, Vağzal meydanı
yaxınlığında,
Tevdore Mğvdeli küçəsində qəzalı binanın fasadının çökməsi
nəticəsində 2 nəfərin ölməsi ilə bağlı hadisəyə münasibət
bildirib.
Tbilisi meri təsdiqləyir ki, binanın qəzalı vəziyyətdə olması
barədə məlumatlı idilər, lakin bildirirlər ki, bina sahiblərinin
hamısı onun dəyişdirilməsinə razı olmayıb. Bu arqumentə cavab
olaraq “Konstitusiyanın 78-ci maddəsi”
2 il əvvəl Tbilisi Şurası
tərəfindən qəbul edilən qərara istinad edir. Qərara əsasən,
bələdiyyə artıq bütün mənzil sahiblərinin razılığı olmadan belə
qəzalı binaların əvəzlənməsi prosesinə başlaya bilər.
“Tbilisi meriyası və Didube rayon rəhbərliyi bu binanın
qəza vəziyyətdə olduğunu bilirdi, hətta qəza səviyyəsi də müəyyən
olunmuşdu. Kaxa Kaladze isə bu gün hələ də tək bir arqumentə –
100%-lik razılığın olmamasına – istinad edir. Halbuki, Tbilisi
Şurasının 2023-cü il 27 yanvar tarixli №21-1 qərarına əsasən,
çoxmənzilli qəzalı binaların əvəzlənməsində bu tələb artıq 2 ildən
çoxdur ki, dəyişdirilib”, – deyə “Konstitusiyanın
78-ci maddəsi”də bildirilir.
Həmçinin qeyd edilir ki, qəzalı binanın qarşısında parkinq sahəsi
yaradılıb və son 2 ildə ticarət obyektlərinə reklam lövhələri
yerləşdirməyə icazə verilib.
“Kaladzenin bəyanatından belə çıxır ki, meriya və şəhər
şurasının müvafiq xidmətləri binanın o dərəcədə qəzalı vəziyyətdə
olduğunu bilirdilər ki, artıq sökülməsinə ehtiyac var idi. Bu
şəraitdə, Tbilisi meri 2024-cü il 27 mayda və 2025-ci il 16 apreldə
ticarət obyektlərinə reklam lövhələrinin yerləşdirilməsi üçün icazə
verib. Bu məlumatlar Tbilisi meriyasının Memarlıq Xidmətinin rəsmi
saytı tas.ge üzərindən açıq şəkildə tapıla bilər (AR11033208 və
AR11084015 nömrələri). Həmin binanın qarşısında isə Tbilisi meri
tərəfindən zonalı-saatlıq parkinq sahəsi yaradılıb.
Sual yaranır: Tbilisi meri nəyi gözləyirdi? Niyə bu qəzalı binada
ticarət obyektlərinin fəaliyyətinə icazə verdi? Niyə çöldə ticarət
məhdudlaşdırılmadı? Niyə binanın qarşısında parkinq sahəsi
yaradıldı? Hətta sakinlər əvəzləmə proqramına razı olmadıqları
halda belə, niyə nə yerli sakinlərin, nə də oradan keçən
vətəndaşların həyatı və sağlamlığı
qorunmadı?”.
“Konstitusiyanın 78-ci maddəsi”nin sözlərinə görə, bu hadisə də bir
daha göstərdi ki, sistem insan həyatına və sağlamlığına qarşı necə
biganə və məsuliyyətsizdir.
“Bələdiyyə elə bir mənzil siyasəti formalaşdıra bilmədi
ki, insanlar qəzalı evlərin əvəzlənməsi proqramına inamla qoşula
bilsinlər. İnsanlar aylıq kompensasiyanın azlığı səbəbindən
qərarsız qalıblar – bu gün həmin vəsaitlə ailənin yaşayacağı mənzil
kirayələmək demək olar ki, praktik olaraq mümkün deyil.
Bu suallara min cür cavab tapmaq olar, o cümlədən yenə də sakinləri
günahlandırmaq, lakin baş verənlər fonunda cəmiyyət aydın görür ki,
insan təhlükəsizliyini təmin edən və dövlətin məsuliyyət daşıdığı
mexanizmlər yoxdur – nə bina sahibinin, nə də oradan keçən sıravi
vətəndaşın, istər uşaq, istər böyüyün.
Biz həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Təəssüf ki,
bu hadisə vətəndaşlarımızın həyatının boş yerə qurban getdiyini
göstərdi – halbuki bunun qarşısını almaq üçün təkcə seçilmiş
şəxslərin məsuliyyəti və hesabatlılığı kifayət
edərdi”.
Xatırladaq ki, iyulun 14-də, Vağzal meydanı yaxınlığında, Tevdore
Mğvdeli küçəsində yerləşən qəzalı binanın fasadı çöküb və 2 nəfər
həlak olub.
Tbilisi meri Kaxa Kaladze bu hadisəni “bədbəxt hadisə” adlandırıb.
O bildirib ki, sakinlərə bina sökülənə qədər kirayə mənzillərə
köçmək təklif edilib, lakin bütün sakinlər razı olmayıb.
Kaladzenin sözlərinə görə, qəzalı binanın bərpası mümkün deyildi və
bu barədə həm meriya, həm də yerli əhali məlumatlı idi.
“Təəssüf ki, bədbəxt hadisə baş verdi. Nəticədə 1 nəfər
həyatını itirdi, 1 nəfər isə müalicə alır.
Binaya gəldikdə isə – bu bina qəzalı idi, 5-ci kateqoriya qəzalı
hesab olunurdu və bərpası mümkün deyildi. Bu barədə əhali məlumatlı
idi. Didube rayon idarəsində bir neçə görüş keçirildi. Sakinlərə
proqramda iştirak təklif etdik – bu zaman biz binanın sökülməsi və
yeni binanın tikintisini həyata keçirəcəkdik. Bilirsiniz ki, bu cür
proqramların həyata keçirilməsi üçün 100% razılıq tələb olunur.
Təəssüf ki, buna nail ola bilmədik. Bir neçə razılaşmış ailə
kirayəyə köçürülüb, digərləri isə hələlik imtina etdilər.
Qəzalı tikililər bələdiyyədə çoxdur. Təklif etdiyimiz proqram
sakinlərə yeni bina tikilənə qədər kirayəyə köçmək imkanı
verir”, – deyə Kaladze mediaya bildirib.