Ukraynanın 59 qeyri-hökumət təşkilatı (QHT) korrupsiya ilə mübarizə
fəalının geniş etirazlara səbəb olan istintaqı ilə bağlı prezident
Volodimir Zelenskiyə birgə çağırış edib.
İyulun 15-də QHT-lər açıq məktub yayaraq Ukraynada korrupsiya ilə
mübarizə sahəsində ən tanınmış fəallardan biri olan Vitali
Şabuninin məhkəmə qarşısına çıxacağı gün prezidentə müraciət
ediblər.
Ukrayna istintaq orqanlarının məlumatına görə, Şabunin ayda 1200
dollar
məbləğində hərbi maaş aldığı halda, sistemli şəkildə hərbi
xidmətdən yayınmaqda və hərbi nəqliyyat vasitəsindən qanunsuz
istifadədə şübhəli bilinir.
"Bu prosessual hərəkətin heç bir halda onun peşə
fəaliyyəti ilə bağlı olmadığını vurğulayırıq", -
Ukraynanın istintaq orqanları bildirib. Lakin Ukraynanın korrupsiya
ilə bağlı köklü problemlərinin həll edilməməsi, hesabatlılıq və
şəffaflığın təşviqinə yönəlmiş səylərin güclü maraq qruplarının
müqaviməti ilə üzləşməsi narahatlıq doğurur.
Şabuninin tərəfdarları, o cümlədən onun təmsil etdiyi
Antikorrupsiya Mərkəzi (ACC) bildirib ki, onun hərbi hissədə
olmamasının səbəbi rəsmi olaraq hökumətin antikorrupsiya
qurumlarından birində fəaliyyət göstərmək üçün ezam
olunmasıdır.
"İstintaqçının ittihamları tamamilə absurddur, çünki
Vitali Korrupsiya ilə Mübarizə üzrə Milli Agentliyə (NACP) rəsmi
əmrlə ezam olunub və hərbçi kimi onun bu əmri yerinə yetirməmək
imkanı yox idi", - Antikorrupsiya Mərkəzi (ACC) bəyan
edib.
Şabunin özü ona qarşı qaldırılan bu işi
"prezident
Volodimir Zelenskinin korrupsiyalaşmış avtoritarizminə gedən yolda
bir addım" adlandırıb.
Məktubu imzalayan
"Opora" vətəndaş hüquqları
təşkilatının sədri Olqa Ayvazovska bildirib ki, şəffaflıq uğrunda
apardığı mübarizə Şabuninə siyasi elitada çoxlu düşmən
qazandırıb.
Şabunin ittihamlar üzrə təqsirli bilinərsə, onu 10 ilə qədər həbs
cəzası gözləyir.
Tənqidçilər hesab edir ki, müstəntiqlər kiçik bir cinayətdə
günahlandırılan bir şəxsi hədəf alarkən, böyük vəzifə sahibləri
toxunulmaz qalır və bu da ikili standartların göstəricisidir.
"Növbəti təxribatları
gözləyirik"
"Ukrainska Pravda" agentliyi Şabuninə qarşı aparılan işlə iyunun
23-də korrupsiya ittihamı ilə üzləşən baş nazir müavini Oleksiy
Çernışovun vəziyyətini müqayisə edib. İstintaq orqanları bildirib
ki, Çernışov dövlətə təxminən 350 min dollar zərər vurub.
"O, nəinki öz vəzifəsini itirmədi və ya işindən
uzaqlaşdırılmadı, hətta Romada Ukraynanın yenidən qurulması üzrə
beynəlxalq konfransın işində iştirak etdi", -
"Ukrainska Pravda" yazıb.
Zelenskinin ofisi, hələlik, işlə bağlı ictimai açıqlama
verməyib.
2022-ci ildə Rusiyanın genişmiqyaslı işğal müharibəsindən sonra
Qərbin Ukraynaya əhəmiyyətli dərəcədə yardım göndərməsi fonunda
korrupsiya ilə mübarizə aparanların hədəf alınması iddiaları
Ukrayna hökuməti üçün son dərəcə həssas məsələdir.
İctimai rəy Zelenskinin müharibə dövrü liderliyini dəstəkləsə də,
korrupsiya davam edir və son illərdə Müdafiə Nazirliyi, dövlət
prokurorları və varlı iş adamlarını əhatə edən bir sıra qalmaqallar
yaşanıb.
Bu məqamı vurğulayan sabiq deputat və hazırda orduda xidmət edən
fəal Yeqor Firsov yazır ki,
"baş verənlər açıq-aşkar siyasi
təqibə bənzəyir, halbuki ukraynalılar demokratiya və azadlığı
qorumaq üçün Rusiya ilə müharibə aparır".
Dörd gün əvvəl Şabuninin Kiyevdəki evində axtarış aparılıb. Axtarış
zamanı istintaqçılar onun, həyat yoldaşının və iki uşağının telefon
və planşetlərini müsadirə ediblər. Həmçinin, Şabuninin hərbi xidmət
keçdiyi Xarkov yaxınlığındakı ünvanda da axtarış aparılıb. ACC
axtarışların məhkəmə qərarı olmadan aparıldığını bildirib.
"Məqsəd sadədir - hökumətin korrupsiyasını ifşa etmək üçün
fəaliyyətimizi sarsıtmaq. Ona görə də biz növbəti təxribatları
gözləyirik", - Şabunin bildirib.
40-yaşlı Şabunin fəaliyyəti səbəbindən tez-tez sərt müqavimətlə
üzləşib.
2020-ci ildə onun evi şübhəli yanğın hadisəsi nəticəsində yanıb.
2018-ci ildə isə Kiyevdə prokurorluq binasının qarşısında nümayişdə
iştirak edərkən onun üzünə yaşıl antiseptik maddə atılıb və
nəticədə ukraynalı fəal kimyəvi yanıq alıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415