"Kommersant" qəzeti iyulun 15-də yazıb ki, Rusiyanın İnzibati
Xətalar Məcəlləsinə dəyişikliklərlə
bağlı qanun layihəsi baxılmaq üçün Dövlət Dumasına təqdim edilib.
Bu düzəlişlər internetdə, o cümlədən VPN-servislərdən istifadə
etməklə "ekstremist materialların qəsdən axtarışı"na görə
cərimələrin tətbiqini nəzərdə tutur. Cərimənin məbləği 3 min
rubldan 5 min rubladək ola bilər.
Bundan əlavə, Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik
komitəsi tərəfindən
təsdiqlənmiş bu düzəlişlər funksional baxımdan
VPN-i xatırladan proqram təminatının reklamına görə də cərimələrin
tətbiqini nəzərdə tutur. Bu pozuntuya görə vətəndaşlar üçün 50 min
rubldan 80 min rubladək, vəzifəli şəxslər üçün 80 min rubldan 150
min rubladək, hüquqi şəxslər üçün isə 200 min rubldan 500 min
rubladək cərimə tətbiq ediləcək.
"Qadağan olunmuş məzmun" axtarışı ilə bağlı düzəlişlər ikinci
oxunuşda səsə qoyulur. Belə ki, daha əvvəl qanun layihəsi
nəqliyyat-ekspedisiya fəaliyyətinin tənzimlənməsi üzrə tədbirlər
kompleksi kimi təqdim edilib.
"Kommersant" qeyd edib ki, təklif olunan düzəlişlərlə bağlı layihə
2025-ci ilin yanvarında birinci oxunuşda qəbul edilib.
Bununla bağlı "Şəbəkə Azadlıqları" layihəsi bildirib ki, bu, bir
taktikadır, belə ki, daha əvvəl təqdim olunan boş qanun layihələri
repressiv təşəbbüsləri təşviq etmək üçün dəfələrlə istifadə
olunub.
Təklif olunan düzəlişlərlə bağlı "Forbes" nəşrinə verdiyi
müsahibədə hüquqşünas Stanislav Seleznyov deyib ki, bundan əvvəl
Rusiya qanunvericiliyində hər hansı məzmunun istehlakına (baxılması
və ya oxunmasına) görə məsuliyyət nəzərdə tutulmamışdı. Yalnız
həmin məzmunun yayılmasına görə cəza tətbiq olunurdu.
Belə pozuntuları aşkar etmək üçün axtarış tarixçəsinə - ya "Google"
hesabındakı, ya da müsadirə olunmuş cihazın brauzer tarixçəsinə
baxıla bilər. Bundan əlavə, bu "pozuntu"ları aşkar etmək üçün mobil
operatorlar da hüquq-mühafizə orqanlarına kömək edə bilər. "Şəbəkə
Azadlıqları" xatırladır ki, Rusiya axtarış sistemləri və sosial
şəbəkələri hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə,
istifadəçilərin axtarış sorğularına dair statistika toplamağa və
ötürməyə məcburdur. Bundan əlavə, yeni qanunlar küçədə polis
tərəfindən vətəndaşların cihazlarının daha tez-tez yoxlanılması
üçün əsas yarada bilər.
Dövlət Duması dəyişiklikləri təsdiqləyərsə, bu, 2025-ci il
sentyabrın 1-dən qüvvəyə minəcək