ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq
üçün Kremlə verdiyi müddətin bitməsi ərəfəsində (8 avqust)
Vaşinqton Moskvanı iqtisadi cəhətdən sıxışdırmağa çalışır və bunun
üçün yeni hədəf tapıb: Rusiyanın Çinə neft satışı.
Çinin Rusiyadan satın aldığı neft həcminin məhdudlaşdırılması
məsələsi Stokholmda davam edən ABŞ-Çin ticarət danışıqlarında
gözlənilməz problemə çevrilib. Bu danışıqlarda hər iki tərəf sərt
tariflərin qarşısını
almaq və ticarət sazişi imzalamaq üçün fikir
ayrılıqlarını aradan qaldırmağa çalışır.
ABŞ prezidenti D.Trampın Rusiya prezidenti Vladimir Putinə qarşı
narazılığı artır. Buna səbəb isə Putinin Ukraynada sülhə nail olmaq
üçün Trampın indiyə qədərki səylərini rədd etməsidir. Buna görə də
Vaşinqton Moskvanın milyardlarla dollar gəlir əldə etməsini
əngəlləyərək daha çox təsir gücü əldə etməyə ümid edir.
ABŞ-nin keçmiş prezidenti Corc Buşun Ağ evdə Çin üzrə baş müşaviri
olmuş Dennis Uaylder AzadlıqRadiosuna deyib:
"Administrasiya Rusiyanın Çinə neft satışının nə qədər
vacib olduğunu başa düşüb. Onlar olmasa idi, Rusiya
iqtisadiyyatının artıq çökməyə başladığını demək
olardı".
Lakin Pekini ABŞ-nin tələblərini yerinə yetirməyə razı salmaq
çətinləşir, çünki Çin rəsmiləri danışıqlar davam etdiyi müddətdə
ölkənin neft alışını azaltmaqdan imtina edirlər. Buna cavab olaraq
ABŞ-nin maliyyə naziri Skott Bessent 100 faizlik tariflərin tətbiqi
ehtimalını gündəmə gətirib.
"Çin hər zaman enerji təchizatını milli maraqlarımıza
uyğun şəkildə təmin edəcək", - Çin Xarici İşlər
Nazirliyi ötən həftə X platformasında ABŞ-nin tarif təhdidlərinə
cavab olaraq bildirib. "Təzyiq və məcburiyyət heç bir nəticə
verməyəcək. Çin suverenliyini, təhlükəsizliyini və inkişaf
maraqlarını qətiyyətlə müdafiə edəcək".
AzadlıqRadiosuna danışan keçmiş rəsmilər və enerji məsələləri üzrə
analitiklər bildirir ki, Çin Rusiyadan neft alışını tamamilə
dayandırmayacaq. Lakin, eyni zamanda, onlar qeyd edir ki, Pekin və
Vaşinqton iqtisadi razılaşma əldə etməyə çalışdıqları bir vaxtda
xoş niyyət jesti kimi Çin qısa müddətə neft alışını
məhdudlaşdırmağa hazır ola bilər. Ticarət razılaşması oktyabrda baş
tutması ehtimal olunan Tramp və Çin lideri Si Cinpin arasında
mümkün sammitə zəmin yarada bilər.
"Pekin Rusiyadan aylıq neft idxalını sezdirmədən
azaltmağa qərar verə bilər, bu mümkündür, amma onların bu idxalı
tamamilə dayandıracağını və ya belə bir dəyişikliyi açıq şəkildə
elan edəcəyini gözləmirəm", - Uaylder qeyd edib.
ABŞ Çini Rusiya neftindən
imtinaya inandıra bilərmi?
Vaşinqtonun Pekini Rusiyadan neft idxalını azaltmağa razı
salıb-salmayacağı hazırda Stokholmda keçirilən mürəkkəb ABŞ-Çin
ticarət danışıqlarından asılı olacaq. Razılaşma əldə etmək üçün son
tarix 12 avqustdur.
Çinin Rusiyadan neft alışını məhdudlaşdırmaqla yanaşı, Vaşinqton
Pekindən İran neftindən də imtina etməyi tələb edir. ABŞ
sanksiyaları altında olan İran hazırda neft ixracatının 90
faizindən çoxunu Çinə göndərir.
Analitiklər bildirir ki, Rusiya Çinin ümumi neft tələbatının
təxminən beşdə birini təmin edir.
Tramp həmçinin Hindistana qarşı təzyiqləri artırıb. 2022-ci ilin
fevralından - Moskvanın Ukraynaya genişmiqyaslı hücumundan bəri
Hindistan Çinlə birlikdə Rusiya neftinin ən böyük alıcıları
arasında, birinci və ya ikinci yerdə qərar tutur.
Avqustun 4-də "Truth Social" platformasındakı paylaşımında
prezident Tramp Hindistan mallarına artıq 25 faizlik rüsum tətbiq
ediləcəyini bildirib. O, Rusiya ilə neft ticarətinə görə Hindistana
qarşı tarifləri "əsaslı şəkildə" artıracağı barədə xəbərdarlıq
edib.
Analitiklər deyir ki, Çin və Hindistanın Rusiyadan neft idxalını
məhdudlaşdırması Moskvada hiss olunacaq, lakin Pekinin də əlində
ABŞ-yə qarşı oynanacaq kartları var.
İndi Ağ ev fəal şəkildə Çini daha çox ABŞ məhsulu, xüsusilə də
Amerika texnologiyası almağa təşviq edir. Tramp və Bessent həmçinin
bildiriblər ki, onlar Çindən ABŞ şirkətlərinin bu ölkədə biznes
fəaliyyətini asanlaşdırmağı və Pekinin daha çox ABŞ enerjisi
almağını istəyirlər.
Lakin Çin nadir torpaq minerallarının ixracındakı üstün mövqeyindən
özü üçün güzəştlər əldə etmək məqsədilə istifadə edir. Bu
minerallar elektrikli avtomobillərin batareyalarından tutmuş,
əhəmiyyətli müdafiə texnologiyalarına qədər bir çox şeyin istehsalı
üçün zəruridir.
Bu, iyulda Pekinin nadir torpaq minerallarının satışına qoyduğu
məhdudiyyətləri aradan qaldırması müqabilində ABŞ-nin təyyarə
mühərrikləri və "Nvidia"nın H20 süni intellekt çiplərinin satışına
qoyulan qadağanı yumşaltması ilə özünü göstərib.
Neft alışları ilə bağlı çox sərt təzyiq ABŞ və Çin danışıqçılarının
artıq əldə etdiyi bəzi ticarət irəliləyişlərini poza bilər.
"Pekin nadir torpaq minerallarının ixracına qoyduğu
məhdudiyyətlərin güclü silah olduğunu nümayiş etdirib və ABŞ
administrasiyası da bu zəif barışığı riskə atmaq
istəməz", - Londonda yerləşən Beynəlxalq Strateji
Araşdırmalar İnstitutunun (IISS) tədqiqatçısı Mariya Şaqina
AzadlıqRadiosuna bildirib.
Vaşinqtonun Çin üzərində
hansı təsir gücü var?
Pekin Rusiyanın Ukraynaya qarşı müharibə səylərinə zərər verə
biləcək hər hansı addım atmaqda da tərəddüd edə bilər.
Çin Rusiyanın ən yaxın dəstəkçilərindən biridir. 2022-ci ilin
fevralında Kreml Ukraynaya qarşı genişmiqyaslı işğala başlamazdan
əvvəl Putin və Si Cinpin "məhdudiyyətsiz" tərəfdaşlıq elan ediblər.
Pekin Rusiyaya ölümcül silah yardım göndərməkdən çəkinsə də, Çin
şirkətləri müharibə müddətində Moskvanın raket, dron və digər hərbi
sursat ehtiyatlarını bərpa etməsinə imkan verən çoxfunksiyalı
məhsulların əksəriyyətini təmin edib.
İyulda Çin xarici işlər naziri Van İ Avropa İttifaqının baş
diplomatı Kaya Kallasla görüşdə deyib ki, Pekin Rusiyanın
müharibədə məğlubiyyətini istəmir. Çünki Pekin hesab edir ki, bu,
Vaşinqtonun diqqətini Çinə yönəltməsinə imkan verəcək. Bu şərhləri
ilk dəfə "South China Morning Post" yayımlayıb və daha sonra
AzadlıqRadiosu (RFE/RL) tərəfindən təsdiqlənib.
Ekspertlər bildirir ki, ABŞ Senatında təqdim edilmiş qanun layihəsi
Vaşinqtonun Pekinə qarşı danışıqlarda istifadə edə biləcəyi bir
vasitə ola bilər.
Qanun layihəsi Rusiyanın müharibə maşınını bu ölkədən neft və qaz
alaraq dəstəkləyən ölkələrə, əsasən, Çin və Hindistana 500 faizə
qədər ticarət rüsumu tətbiq etməyi nəzərdə tutur. Lakin Konqres
sözügedən qanun layihəsini qəbul edərsə, bu gərginliyi kəskin
şəkildə artıracaq.
Bu arada Pekin Rusiyadan neft alışını məhdudlaşdırmaq da daxil
olmaqla, öz variantlarını nəzərdən keçirir. Çin, eyni zamanda,
Tramp administrasiyasını ABŞ-yə daha çox investisiya yatırmaq və bu
ölkənin enerji və kənd təsərrüfatı məhsullarının satışını artırmaq
vədləri ilə şirnikləndirmək istəyir.
ABŞ-də yerləşən "Atlantic Council" analitik mərkəzində Çin və
Rusiyanın enerji münasibətləri üzrə eksperti Co Vebster deyib ki,
Pekinin Rusiya neftinin alışını azaltmaqdansa, ABŞ-dən enerji
alışını artıracağı ehtimalı daha yüksəkdir.
"ABŞ ixracatını artırmaq Çinin ata biləcəyi olduqca
sadə bir addımdır. Rusiyadan idxalı azaltmaq isə daha çətindir,
çünki bu, Rusiyanın ciddi maddi zərər görməsinə səbəb ola bilər və
Pekin açıq-aşkar Moskvanın müharibəni itirməsini
istəmir", - o, AzadlıqRadiosuna bildirib.
Amma hətta buna da Pekin tərəddüdlə yanaşa bilər.
Uzun zamandır Çin rəsmiləri narahatdır ki, ABŞ və onun müttəfiqləri
bu ölkənin iqtisadiyyatını xarici neft təchizatını kəsməklə
zəiflədə bilər. Bu isə Çini öz daxili istehsalını gücləndirməyə və
dünyanın ən böyük elektrikli avtomobil sənayesini yaratmaq üçün
yüzlərlə milyard dollar sərmayə qoymağa sövq edib.
"Pekin Rusiya da daxil olmaqla heç kimdən, xüsusən də
ABŞ-dən asılı olmağa can atmır", - Vebster deyib. O
əlavə edib ki, bu tələb istəksizliklə qarşılanacaq.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415