Almaniya Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə
ixracını dayandırır. Bunu Almaniya kansleri Fridrix Merts avqustun
8-də açıqlayıb.
Bu addım Berlindən İsrailin artmaqda olan hərbi əməliyyatlarına
qarşı indiyədək verilmiş ən açıq reaksiya kimi
qiymətləndirilir.
"Mövcud şəraitdə Almaniya hökuməti növbəti bildirişə
qədər Qəzza zolağında istifadə oluna biləcək hərbi avadanlıqların
ixracına icazə verməyəcək", - hökumətin yaydığı
açıqlamada kansler F.Merts bildirib.
O əlavə edib ki, Qəzzada əməliyyatların intensivləşdirilməsi barədə
İsrail hökumətinin planı girovların azad edilməsi və ya HƏMAS-ın
silahsızlaşdırılması kimi məqsədlərə nail olmağı getdikcə daha da
çətinləşdirir.
"Politico" yazır ki, Almaniya hökumətinin qərarı tam silah
embarqosunu nəzərdə tutmur və Qəzza kampaniyası ilə əlaqəsi
olmayan, məsələn, raketdən müdafiə və ya dəniz qüvvələri üçün
nəzərdə tutulan sistemlərin ixracının davam etdirilməsi ehtimalını
saxlayır.
Almaniya Avropada İsrailin ən yaxın müdafiə tərəfdaşlarından biri
sayılır. Yeni qərar yalnız yeni silah ixracı üçün lisenziyaların
verilməsinin dondurulmasına aiddir. Əvvəlki müqavilələr üzrə
tədarüklər davam edə bilər, lakin əgər bu silahların Qəzzada
istifadə olunma ehtimalı varsa, həmin çatdırılmalar da dayandırıla
bilər.
Merts həmçinin İsraili İordan çayının qərb sahilinin ilhaqı
istiqamətində addımlar atmamaq barədə də xəbərdarlıq edib.
İsrail təhlükəsizlik
kabineti Qəzza şəhərinin işğalı planını
təsdiqləyib
İsrailin təhlükəsizlik kabineti baş nazir Benyamin Netanyahunun
Qəzza şəhərinə hərbi nəzarəti ələ keçirmə planını təsdiqləyib və
müharibənin başa çatdırılması üçün beşmərhələli prosesi
dəstəkləyib. Bu barədə İsrail baş nazirinin ofisi məlumat
yayıb.
İsrailin təhlükəsizlik kabinetinin təsdiq etdiyi planda xüsusi
olaraq Qəzza şəhərinə diqqət yetirilsə də, Netanyahu bildirib ki,
İsrail ümumilikdə Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək
niyyətindədir.
Kabinetin qərarında deyilir ki, fələstinlilərə Qəzza şəhərini
boşaltmaq üçün 2025-ci il oktyabrın 7-dək vaxt veriləcək.
Eyni zamanda kabinet müharibəni bitirmək üçün "beş prinsip"i
razılaşdırıb.
Bu prinsiplər HƏMAS-ın tərksilah edilməsi, bütün girovların
qaytarılması, Qəzza zolağının demilitarizasiyası, Qəzza zolağında
İsrail təhlükəsizlik qüvvələrinin nəzarəti, nə HƏMAS, nə də
Fələstin Muxtariyyəti olan alternativ mülki idarənin yaradılmasını
əhatə edir.
Kabinetin iclasından əvvəl "Fox News"a müsahibəsində
"İsrail bütün sahil ərazisini ələ keçirməyi
planlaşdırırmı" sualına Netanyahu "Niyyətimiz budur",
- deyə cavab verib. İdarəetmə planları barədə ətraflı danışmasa da,
Netanyahu İsrailin bu ərazini ərəb qüvvələrinə təhvil vermək
istədiyini bildirib:
"Biz Qəzzanı saxlamaq istəmirik,
sadəcə təhlükəsizlik perimetri yaratmaq istəyirik. Biz orada
idarəçilik etmək, hökumət qurumu kimi orada olmaq
istəmirik".
Netanyahunun yeni təsdiqlənmiş planı İsrail qüvvələrinin bu
münaqişə dövründə ilk dəfə olaraq anklavın şimalında yerləşən Qəzza
şəhərinə daxil olaraq oraya nəzarəti ələ keçirməsini nəzərdə
tutur.
Təxminən bir milyon sakinin yaşadığı bu şəhər artıq İsrail Müdafiə
Qüvvələrinin (İDF) nəzarətində olan və ya təxliyə əmri verilmiş
ərazilərlə əhatə olunub.
İsrail Qəzzanın 75 faizinə nəzarət etdiyini bildirir, BMT isə
ərazinin təxminən 87 faizinin ya hərbiləşdirilmiş zona olduğunu, ya
da təxliyə əmrinə tabe olduğunu təxmin edir.
Reaksiyalar
İsrailin müxalifət lideri Yair Lapid təhlükəsizlik kabinetinin
Qəzza şəhərini ələ keçirmək qərarını "fəlakət" adlandırıb. O deyib
ki, bu addım daha çox fəlakətlərə səbəb olacaq.
Lapid bu addımın qalan girovların və çoxlu İsrail əsgərinin
öldürülməsinə səbəb olacağını
bildirib.
Təhlükəsizlik kabinetinin 10 saat yaxın davam edən müzakirələrində
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant
Eyal Zamir də Netanyahunun təklifinə qarşı olduğunu bildirib.
"Qəzzanı işğal etmək üçün bu planı davam etdirsək,
girovların həyatı təhlükə altında olacaq. Onlara zərər
verməyəcəyimizə zəmanət vermək üçün heç bir yol yoxdur. Bizim
qüvvələrimiz yorulub, hərbi alətlərin təmirə ehtiyacı var, həmçinin
humanitar və sanitar vəziyyətlə bağlı narahatlıqlar
var", - "Kanal 12" IDF rəhbərindən sitat gətirib.
Böyük Britaniyanın baş naziri Kir Starmer də İsrailin təhlükəsizlik
kabinetinin Qəzzada hücumunu daha da genişləndirmək qərarını "səhv"
adlandırıb və İsrail hökumətini bu addımı dərhal yenidən nəzərdən
keçirməyə çağırıb.
"Bu addım nə münaqişənin bitməsinə, nə də girovların
azad olunmasına kömək edəcək. Yeganə nəticəsi daha çox qan
tökülməsi olacaq", - o bildirib.
"Bizim
mesajımız aydındır: diplomatik həll mümkündür, lakin hər iki tərəf
məhvə aparan yoldan çəkilməlidir".
İsrail hökumətindəki iki mənbə "Reuters"ə bildirib ki,
təhlükəsizlik kabinetinin hər hansı qərarı Nazirlər Kabinetinin tam
tərkibi tərəfindən də təsdiqlənməlidir.
Xatırlatma
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib,
təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu
hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O
vaxtdan bəri Qəzzada 60 mindən çox insan öldürüldüyü bildirilir,
amma bunun neçəsinin döyüşçü olduğu bəlli deyil. HƏMAS-ın
nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə,
indiyədək 200-ə yaxın şəxs aclıqdan həyatını itirib və onların
arasında uşaqlar çoxluq təşkil edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415