Avqustun 8-də paraflanan “Azərbaycan Respublikası ilə
Emənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis olunması haqqında Saziş”in mətni
yayılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı 17 bəndlik
sənədi ABŞ-də iki ölkənin xarici işlər nazirləri avqustun 8-də
paraflayıblar. Həmin mərasimdə Azərbaycan, ABŞ prezidentləri və
Ermənistanın baş naziri də iştirakı edirdi.
Sənədin ilk maddəsində tərəflər təsdiq ediblər ki,
keçmiş SSRİ-nin
respublikalarının sərhədləri müvafiq müstəqil dövlətlərin
beynəlxalq sərhədlərinə çevrilib və beynəlxalq birlik onları bu
şəkildə tanıyıb. Habelə onlar bir-birinin suverenliyini, ərazi
bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və siyasi
müstəqilliyini tanıyıblar. Onlar bir-birinə qarşı hər hansı ərazi
iddialarının olmadığını və gələcəkdə belə iddialar
qaldırılmayacağını da təsdiqləyiblər.
Üçüncü maddədə isə Bakı və Yerevanın bir-birlərinə münasibətdə güc
tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəkləri
əksini tapıb. Onlar eyni zamanda öz müvafiq ərazilərindən hər hansı
üçüncü tərəfin bir-birlərinə qarşı güc tədbiqi üçün istifadə
etməsinə imkan verməməlidirlər. Habelə bir-birinin daxili işlərinə
müdaxilədən çəkinməlidirlər.
Sazişin ratifikasiya olunmasından sonra isə tərəflər öz
aralarında diplomatik münasibətləri qurmalıdırlar.
Həmçinin, dövlət sərhədinin delimitasiyası və demarkasiyası
haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları
arasında vicdanla danışıqlar aparmalıdırlar. Üstəlik, qarşılıqlı
sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməlidirlər.
Sərhədlərin delimitasiyası və sonrakı demarkasiyasının başa
çatmasına qədər onlar qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və
etimad-quruculuğu tədbirləri həyata keçirməlidirlər.
Səkizinci maddədə isə dözümsüzlük, irqi nifrət, ayrıseçkilik,
separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini
pislənir. Bu hallarla mübarizədən bəhs edilir.
Bütün bunlardan başqa, tərəflər onların hər ikisinin də cəlb
olunduğu hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı bütün mövcud
məlumatların mübadiləsi də daxil olmaqla tədbirlər
görməlidirlər.
Sənəddə gələcəkdə iqtisadiyyat, tranzit, nəqliyyat, ətraf mühit,
humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə
əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmalar bağlanması da
istisna edilmir.
Eyni zamanda, onlar ikitərəfli münasibətlərində beynəlxalq hüququ
və bu sazişi rəhbər tutmalıdırlar. Üstəlik, onlardan heç biri
özünün daxili qanunvericiliyinin müddəalarına bu sazişi icra
etməməyə haqq qazandırmaq üçün istinad etməməlidir.
Sənəddə vurğulandığına görə, tərəflər hazırkı Sazişin
icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis
edəcəklər.
Tərəflər birbaşa məsləhətləşmələr yolu ilə mübahisəli sayılan bütün
məsələləri həll etmək istiqamətində çalışmalıdırlar. Bu
məsləhətləşmələr 6 ay ərzində onlar üçün məqbul nəticə verməzsə,
tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə
müraciət etməlidirlər.
Onlar hər hansı bir hüquqi müstəvidə aralarında mövcud olan bütün
dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları,
icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay
ərzində geri çəkməli və ya hər hansı bir formada həll
etməlidirlər.
Saziş tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq
daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin
mübadiləsindən sonra qüvvəyə minəcək.
Avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh
müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin
iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə
imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə
yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini,
ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi
Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı
illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu
işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə
birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində
suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında sülh sazişi ilə bağlı müxtəlif
formatlarda danışıqlar aparılırdı.