Marneuli merliyinə namizəd olan “Gürcü Arzusu”nun nümayəndəsi
Daur İsmayılov yerli özünüidarəetmə seçkilərində 43 435 səs
toplayıb ki, bu da səslərin 90,27 faizini təşkil edir.
MSK Marneulidəki bütün 81 seçki məntəqəsinin nəticələrini
açıqlayıb.
İkinci yerdə 3 293 səslə (6,844%) “Güclü Gürcüstan – Lelo”nun
merliyə namizədi Əsəd Əliyev qərarlaşıb. Üçüncü yeri isə 690 səs
(1,434%) toplayan “Bizim Birləşmiş Gürcüstan”ın namizədi Əli
Bədirov tutub.
Ümumilikdə Marneuli üzrə 81 seçki məntəqəsi fəaliyyət göstərdi,
onlardan 41-i elektron sistem idi.
Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 4 oktyabrda
keçirildi.
Seçki prosesi əvvəlki seçkilərdən fərqli idi, çünki müxalifət
partiyalarının əksəriyyəti boykot qərarı verərək iştirak etmədi.
Onlar bəyan ediblər ki, 2024-cü ilin Parlament seçkilərini
tanımırlar və qeyri-legitim hökumət tərəfindən təyin olunmuş seçki
komissiyasına etibar etmirlər.
Bundan başqa, beynəlxalq və yerli müstəqil təşkilatların
əksəriyyəti seçkiləri müşahidə etmədi.