'Sputnik Azərbaycan'ın icraçı direktoru həbsdən buraxılıb
16:20 / 10.10.2025
"Sputnik Azərbaycan"ın Bakıda saxlanmış icraçı direktoru İqor
Kartavıx azad edilib.
Bu barədə "Kommersant"a Rusiya prezidenti Vladimir Putinin
köməkçisi Yuri Uşakov məlumat verib.
"Rossiya Seqodnya" media qrupunun rəhbəri Dmitri Kiselyov
İ.Kartavıxın ev dustaqlığına buraxıldığını yazıb.
Rusiyanın da öz ərazisində saxladığı Azərbaycan vətəndaşlarından
birini azad etdiyi bildirilir. "Kommersant" mənbələrinə istinadla
onun Moskva Satira Teatrının keçmiş direktoru, büdcə vəsaiti
mənimsəməkdə ittiham olunan Məmmədəli Ağayev olduğunu yazıb. O,
avqustun sonunda həbs olunmuşdu.
"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının
(Sputnik-Azərbaycan) icraçı direktoru İ.Kartavıx və şef redaktoru
Yevgeni Belousov bu il iyunun 30-da saxlanılıblar. Onlar barəsində
həbs-qətimkan tədbiri seçilmişdi.
Onların dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz
sahibkarlıq və digər maddələrlə
ittiham olunduğu açıqlanıb.
"Kommersant" yazır ki, danışıqlar prezidentlərin köməkçiləri
səviyyəsində aparılıb və Y.Uşakov birbaşa azərbaycanlı həmkarı
Hikmət Hacıyev ilə işləyib. Qərarın Vladimir Putinlə İlham Əliyevin
Düşənbədəki görüşü ərəfəsində qəbul olunduğu bildirilir.
9 oktyabr
Putin Əliyevlə Bakıda saxlanılan rusiyalıları müzakirə
edib
Rusiya və Azərbaycan prezidentləri "kəskin problemləri" müsbət
şəkildə müzakirə ediblər. Bunu Rusiya liderinin mətbuat katibi
Dmitri Peskov "Vedomosti"nin Əliyevlə danışıqlarda Bakıda
saxlanılan Rusiya vətəndaşlarının məsələsinin
qaldırılıb-qaldırılmamasına dair sualına cavabında deyib.
"Gündəlikdə duran bütün kəskin məsələlər söhbət zamanı
pozitiv ruhda müzakirə olunub", – Peskov deyib.
Rusiya XİN bir neçə dəfə Bakıda saxlanan rusiyalıların azadlığa
buraxılması məsələsini qaldırmışdı.
Putin AZAL təyyarəsi ilə bağlı söz verdi
Oktyabrın 8-də Tacikistan paytaxtı Düşənbədə Azərbaycan prezidenti
İlham Əliyev ilə rusiyalı həmkarı Vladimir Putinin görüşü olub.
Putin Əliyevlə görüşə AZAL təyyarəsinin qəzasından başlamağı təklif
edib. O, qəzanı səmada olan Ukrayna dronu ilə əlaqələndirib. Deyib
ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin buraxdığı iki
raket birbaşa təyyarəyə dəyməyib, bir neçə metrliyində partlayıb:
"Biz faciə baş verən gecə Rusiya Federasiyasının
sərhədini keçən üç dronu "müşayiət edirdik". İkinci səbəb isə
Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki
nasazlıqlardır".
Rusiya prezidentinin sözlərinə görə, təyyarənin ekipajına
Mahaçqalada eniş təklif olunub, amma onlar baza –əsas hava limanına
getmək qərarı veriblər.
Putin qəza ilə bağlı bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi
qiymət veriləcəyini bildirib: "Rusiya belə faciəvi
hallarda kompensasiyalarla bağlı tələb olunan hər şeyi
edəcək".
Rusiya prezidenti Moskva ilə Bakı arasında münasibətlərin
müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib:
"Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə, bərpa
olunmayacaq, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda
davam edəcək".
Əliyev Putinə təşəkkür edib
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İ.Əliyev AZAL-ın
təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə
saxladığına görə rusiyalı həmkarı V.Putinə təşəkkür edib.
"Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və
bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona
görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi
lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək
istərdim", - o, bildirib.
İ.Əliyev habelə deyib ki, Azərbaycan ilə Rusiya arasında əmtəə
dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur: "Siz
vurğuladığınız kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər
deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf
edib".
+++
Ötən ay Rusiya prezidenti Azərbaycanla münasibətlərdə problemlərin
olduğunu etiraf edib. O, Çinə səfərinin yekununda jurnalistlərin
suallarını cavablandırarkən deyib: "Ölkələrarası münasibətlərdə hər
zaman mövcud vəziyyətdən, siyasi konyunkturadan yaranan suallar
olur. Problemlər var, amma bu gün prezident Əliyevlə salamlaşdıq,
iki-üç kəlmə danışdıq. Əsaslı münasibətlər və onları inkişaf
etdirməyə qarşılıqlı maraq hər şeyi yerinə qoyacaq".
7 oktyabr
Əliyev Putini təbrik etdi
Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya
Federasiyasının prezidenti Vladimir Putinə zəng edib.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, o,
Rusiya prezidentini doğum günü (1952-ci il oktyabrın 7-i)
münasibətilə təbrik edib.
"Telefon danışığı zamanı Azərbaycan ilə Rusiya arasında
əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir
mübadiləsi aparılıb", - məlumatın sonunda əlavə
edilir.
Kremlin sözçüsü Dmitri Peskov bu telefon söhbətini "vacib"
adlandırıb.
Xatırlatma
Son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik hökm
sürüb. Bu ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin
Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə
başlayıb. Azərbaycan rəsmiləri vurğulayır ki, təyyarə Rusiya
ərazisində vurulub və 30-dan çox insan həlak olub. Rəsmi Bakının
mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar
məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya
ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də,
rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib.
Bu il iyunun 27-də isə Rusiyanın Yekaterinburq şəhərində
hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı
əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də
saxlanıb. Rusiya əməliyyatı illər əvvəl baş verən cinayət işinin
təhqiqatı ilə izah edib. Amma sonradan da Azərbaycan diasporunun
bir çox təmsilçiləri müxtəlif ittihamlarla həbs ediliblər. Başqa
tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya
vətəndaşları saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici
işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.
Amma son aylar iki ölkə arasında münasibətlərin nisbətən
normallaşdığı bildirilir.
Bir çox təhlilçilər də hesab edir ki, Azərbaycan və Rusiya arasında
gərginlik heç də təqdim olunduğu qədər dərin deyil. Onların
sözlərinə görə, əksinə, Azərbaycan hakimiyyətində də gerçəkdə Qərb
dəyərlərinə məsafəli yanaşma var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.