Təhlilçilərin önəm verdiyi sual: Ukraynaya 'Tomahawk' veriləcəksə, nə zaman və nə qədər...
Ukrayna prezidenti Volodimir Zelenski doğma şəhəri Krivoy Roqun Rusiya dronlarının hücumuna məruz qaldığını deyir. Bu hücum onun Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşü öncəsi baş verib.

Zelenskinin sözlərinə görə, bu hücum Rusiyanın hələ də Ukraynanı "terror altında" saxladığını göstərir. O, Vaşinqtona çatandan sonra X platformasında yazıb ki, "son həftələr bircə gecə belə Rusiyanın hücumları olmadan
keçməyib", daha çox infrastruktur hədəf alınıb.

Ukrayna prezidenti əlavə edib ki, Rusiya müharibəni ancaq onu davam etdirmək imkanını itirəndə dayandırmalı olacaq.

Tramp və Zelenskinin Ukraynanın havadan müdafiəsini, uzaqmənzilli zərbə imkanlarını, həmçinin ABŞ-nin Ukraynaya "Tomahawk" raketləri vermə ehtimalını müzakirə edəcəyi gözlənilir.

Tramp oktyabrın 16-da qəfildən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını, onların Budapeştdə görüşməyə razılaşdıqlarını elan edib. Macarıstan baş naziri Viktor Orban X sosial şəbəkəsində bu görüşə ev sahibliyi etməyə hazır olduqlarını yazıb. Gələn həftə isə iki ölkənin yüksək səviyyəli müşavir heyətləri görüşəcək.

Təhlilçilərin fikrincə, "Tomahawk" raketləri vəziyyəti təkbaşına köklü dəyişdirə bilməyəcək, amma Kiyevin Rusiyanın dərinliklərinə zərbələrini əhəmiyyətli dərəcədə artıra bilər.

"Möcüzəvi silah yoxdur"
Müharibə göstərdi ki, "bircə silah platforması və ya mərmi möcüzəvi həll yolu ola bilməz", – ABŞ-nin Hadson İnstitutunun aparıcı tədqiqatçısı Lyuk Koffi AzadlıqRadiosuna email-lə şərhində yazıb.

""Tomahawk" raketləri döyüş meydanında Rusiyanın müdafiə sənayesini, cəbhə xəttindən uzaqda isə logistikasını pozmaqla praktik təsir göstərə bilər. Bunun simvolik təsiri də olacaq, prezident Trampın Rusiyaya daha çox təzyiq göstərmək və onları danışıqlar masasına gətirmək üçün əzmkarlığını nümayiş etdirəcək",
– o bildirib.

ABŞ Ukraynaya "Tomahawk" verərsə, təhlilçilər onların sayının və nə zaman veriləcəyini önəmli sayırlar.

Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin hərbi eksperti Mark Kançian isə deyir ki, ən vacib sual ABŞ-nin Ukraynaya nə qədər raket verəcəyidir.

"Tramp razılaşma əldə etmək istəyir. Rusiyaya təzyiq göstərmək niyyətindəsə, silahları Ukraynaya tez çatdırmağın bir yolunu tapmalıdır", – o, radioya telefon müsahibəsində söyləyib.

""Tomahawk" raketləri Rusiyanın dərinliklərindəki obyektləri hədəfə ala bilər, amma Rusiyanın hava müdafiə sistemlərindən yan keçməsi üçün Kiyev bir neçə raketi eyni anda atmalıdır". Bunu isə Karneqi Sülh Fondunun aparıcı tədqiqatçısı, Rusiya ordusu üzrə ekspert Dara Massikot radioya email-lə göndərdiyi şərhdə yazıb.

ABŞ-nin verə biləcəyi raketlərin sayına gəlincə, təhlilçilər raketin bir variantından bir neçə ədəd, ümumilikdə isə bir neçə yüz, yaxud köhnə versiyalarla birlikdə minədək verilə biləcəyini deyirlər.

Prezident Tramp isə oktyabrın 16-da deyib ki, bu raketlər ABŞ-nin özünə də lazımdır və "Tomahawk" ehtiyatlarını tükəndirə bilməz.

'Tomahawk' raketləri Ukrayna üçün neyləyə bilər

Zelenskinin taktikası
Amma Zelenski və Tramp təkcə "Tomahawk"dan danışmayacaqlar. Rusiya Ukraynanın enerji infrastrukturunu amansız hədəfə alır. Kiyevə daha çox havadan müdafiə silahları lazımdır.

Rusiya siyasəti və təhlükəsizlik üzrə kitab müəllifi, Böyük Britaniyadan olan təhlilçi Mark Qaleotti deyir ki, Ukrayna daha çox istəyə, amma daha aza qane ola bilər: "Zelenski adəti üzrə konkret bir silahdan danışır, onu qabardır, amma bilir ki, onu əldə etməsi ehtimalı aşağıdır. Qarşı tərəf də təsəlli kimi ona başqa bir şey təklif etməyə vadar olur".

AzadlıqRadiosunun jurnalisti Stiv Qatterman yazır ki, hətta "Tomahawk"la bağlı razılaşma olmasa belə, bu görüş Vaşinqtonun Ukraynanı tərk etmədiyini, yaxud onu sülh sazişi naminə Rusiyaya güzəştə vadar etməyəcəyini göstərə bilər.

Fevralda Oval ofisdəki görüş Zelenski üçün pis bitmişdi.

Bir gün öncə rusiyalı həmkarı ilə telefon söhbətini "çox məhsuldar" adlandıran Trampın mövqeyində hər hansı dəyişiklik əlaməti olacaqmı, Kiyev bunu ehtiyatla izləyəcək.

Putinlə "Tomahawk"dan da danışıblar
Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə, Putin Trampa deyib ki, Ukraynaya "Tomahawk" raketlərinin verilməsi cəbhədə vəziyyətini dəyişməz, amma sülhə zərər verər, Rusiya-ABŞ münasibətlərini korlayar.

Zelenski isə Vaşinqtona çatandan sonra Telegram-da yazıb ki, ABŞ-nin "Tomahawk" raketləri göndərməsi ehtimalından dolayı Rusiya dialoqu bərpa etməyə çalışır.

""Tomahawk" barədə eşidən kimi Moskva dialoqu tez bərpa etməyə tələsir", – o, X-də bildirib.

Tramp və Zelenski ötən həftəsonu iki dəfə danışıblar. Bu fonda ABŞ-nin Ukraynaya "Tomahawk" raketləri verməsi ehtimalı barədə müzakirə artıb. Tramp bunu istisna etməsə də, oktyabrın 16-da deyib ki, ABŞ özünün Tomahawk ehtiyatlarını tükəndirə bilməz.

Bu raketlərin mənzili 2 min 500 kilometrədəkdir, yəni, Ukraynadan Moskvaya qədər çata bilər. Üstəlik, nüvə başlığı ilə təchiz oluna bilər. "Heç kim ona "Tomahawk" raketlərinin atılmasını istəmir", – Tramp belə deyib.

Onun sözlərinə görə, Putinlə telefon söhbətində "Tomahawk"dan da danışıb, Rusiya lideri "bu fikri bəyənməyib".

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google