''Tomahawk'lar bizə də lazımdır' - Tramp və Zelenski Vaşinqtonda görüşdülər
21:30 / 18.10.2025
Volodimir Zelenski Ağ evdə təxminən iki saat yarım keçirib. Trampla
söhbətinin qapalı hissəsi jurnalistlərə danışmadan başa çatıb.
ABŞ prezidenti onu avtomobilinə qədər müşayiət etməyib.
Zelenski: "Tramp haqlıdır"
Zelenski ilə görüşündən sonra Tramp mətbuata açıqlama verməyib.
Media qarşısına Ukrayna lideri çıxıb. Onun sözlərinə görə, bəzi
"müsbət siqnallar" alıb, lakin ABŞ eskalasiya istəmədiyi üçün
"Tomahawk"ların tədarükü barədə danışmamaq qərara alınıb.
Ukrayna prezidenti vurğulayıb ki, ərazi məsələsi yalnız atəşkəsdən
sonra müzakirə oluna bilər və Moskva və Kiyev indi olduqları yerdə
dayanmalıdırlar. "Xalqlarımız naminə, mövcud şəraitdə
indi dayandığımız yerdə dayanmalıyıq. O (Tramp) haqlıdır. Biz böyük
ölkəyə qarşı vuruşuruq. Dayanmalıyıq. Sonra uzunmüddətli sülhə
doğru hansı addımların atıla biləcəyi
barədə danışmağa
başlamalıyıq", - Zelenski bildirib.
Ağ Ev rəhbəri ilə görüşdən sonra Zelenski Avropa liderləri ilə
zəngləşib.
+++
ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında Zelenski ilə
görüşünü şərh edib: "Ukrayna prezidenti Volodimir
Zelenski ilə görüşüm çox maraqlı və səmimi keçdi. Mən ona dedim ki,
- prezident Putinə də təkidlə tövsiyə etdiyim kimi, - qətlləri
dayandırmağın və SÖVDƏLƏŞMƏNİN vaxtıdır!.. Onlar olduqları yerdə
dayanmalıdırlar. Qoy hər ikisi özünü qalib elan etsin – tarix özü
mühakimə edəcək!..".
+++
ABŞ prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, Ukrayna
"Tomahawk" raketlərinə ehtiyac duymayacaq. Bu barədə o, cümə günü
Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə bildirib.
Görüş nahar zamanı qeyri-rəsmi şəraitdə keçirilib.
Tramp qeyd edib ki, Birləşmiş Ştatların özünün "Tomahawk"lara,
eləcə də Ukraynaya göndərdikləri bir çox başqa silah növlərinə
ehtiyacı var.
"Ümidvaram ki, "Tomahawk"ların istifadəsi barədə
düşünmədən də müharibəni bitirə biləcəyik ", - Tramp
əlavə edib.
Kiyev dronları "Tomahawk"lar ilə dəyişmək istəyir
Zelenski Trampla görüşündə deyib ki, Birləşmiş Ştatların hərbi
hədəflərə zərbə endirmək üçün Ukraynanın hücum dronlarına,
Ukraynanın isə Amerikanın uzaqmənzilli "Tomahawk" raketlərinə
ehtiyacı var.
"Bu müharibə texnoloji müharibədir. Təkcə
"Tomahawk"lardan istifadə etmirsiniz. Hərbi hədəfi vurmaq
istəyirsinizsə, minlərlə drona ehtiyacınız var. Bizim seriya
istehsalı minlərlə dronumuz var, amma "Tomahawk"larımız
yoxdur", - Zelenski bildirib.
O, Ukrayna və ABŞ-nin bununla bağlı əməkdaşlıq edə biləcəyini
diqqətə çatdırıb.
Jurnalistin Vaşinqtonun belə bir sövdələşmədə maraqlı olub-olmadığı
ilə bağlı sualına Tramp müsbət cavab verib. Onun sözlərinə görə,
son bir neçə ildə hərbi əməliyyatlarda PUA-lardan istifadə
"həqiqətən də ön plana çıxıb" və Ukrayna "çox yaxşı dronlar"
istehsal edir.
+++
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə son
qoyulmasının mümkünlüyünə əmin olduğunu bildirib. O, bu barədə
Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün açıq hissəsində
bildirib.
Tramp bildirib ki, o, həm Putinin, həm də Zelenskinin müharibənin
bitməsini istədiyinə inanır. "İndi buna nail olmalıyıq", - ABŞ
prezidenti əlavə edib. O, Ukraynanın sülh sazişi üçün ərazilərini
güzəştə getməli olub-olmayacağı sualına birbaşa cavab verməyib,
müharibələri qabaqcadan proqnozlaşdırmağın mümkünsüzlüyünü
vurğulayıb.
Zelenski isə "Ukrayna sülh istəyir, Rusiya isə yox" deyib və
bildirib ki, ilk növbədə Ukraynada atəşkəs haqqında razılığa gəlmək
lazımdır. Bundan əvvəl ABŞ lideri bunu sülh danışıqları üçün vacib
şərt hesab etmədiyini demişdi.
16 oktyabr
Tramp yenidən Putinlə görüşəcək
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı "rəzil"
müharibənin sonlandırılması yollarının müzakirəsi üçün Macarıstan
paytaxtı Budapeştdə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu
barədə o, Putinlə söhbətindən sonra "Truth Social" hesabında
yazıb.
Bundan əvvəl - gələn həftə prezidentlərin müşavirlərinin görüşü
olacaq, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio
rəhbərlik edəcək. Onların görüş yeri hələ müəyyənləşdirilməyib.
"Sabah Oval kabinetdə Ukrayna prezidenti Volodimir
Zelenski ilə görüşəcəyəm, orada prezident Putinlə söhbətimi və daha
çoxunu müzakirə edəcəyik. Düşünürəm ki, bugünkü telefon danışığı
əhəmiyyətli irəliləyişə nail olmağa imkan verdi", -
Tramp əlavə edib.
Putin və Tramp sonuncu dəfə bu il avqustun 15-də Alyaskanın Ankoric
şəhərində görüşüblər.
+++
Putinin Trampla söhbəti zamanı Ukraynaya uzaqmənzilli "Tomahawk"
raketlərinin mümkün tədarükü məsələsinə də toxunulub.
"Vladimir Putin "Tomahawk"ların döyüş meydanında
vəziyyəti dəyişməyəcəyi, lakin ölkələrimiz arasında münasibətlərə
ciddi ziyan vuracağına dair tezisini təkrarladı. Sülh yolu ilə
nizamlama perspektivlərini demirəm hələ", - Putinin
köməkçisi Yuri Uşakov bildirib.
15 oktyabr
Tramp yenə Putinlə bağlı məyusluğunu bildirib
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və
Moskvanın Ukraynada apardığı müharibə ilə bağlı bir daha
məyusluğunu dilə gətirib. Tramp cümə günü – oktyabrın 17-də Ukrayna
prezidenti Volodimir Zelenski ilə Ağ evdə görüşməyə hazırlaşır.
"Çox məyusam, çünki Vladimirlə münasibətimiz çox yaxşı
idi. Yəqin ki, indi də yaxşıdır. Bu müharibəni niyə davam
etdirdiyini anlamıram", – Tramp deyib.
Zelenskinin Trampla görüşündə Ukraynanın hava hücumundan müdafiə və
uzaqmənzilli zərbə imkanlarını müzakirə edəcəyi gözlənilir.
Liderlər ötən həftəsonu bir neçə dəfə danışıblar. Bu arada ABŞ-nin
Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərini verib-verməyəcəyi
qızğın müzakirə olunur.
"O, silah istəyir. "Tomahawk" əldə etmək
istəyir", – Tramp oktyabrın 14-də jurnalistlərə
açıqlamasında Zelenski ilə bağlı bildirib.
Tramp daha öncə 2 min 500 kilometrədək məsafəni vura, nüvə
başlıqları ilə təchiz oluna bilən "Tomahawk" qanadlı raketlərinin
Kiyevə verilməsini istisna etməyib. Kreml isə bununla bağlı
xəbərdarlıq edib.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə
başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı
tutmuşdu.
2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin
(Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu
haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk
vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox
hissəsi işğal altındadır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.