"Bilmirdim ki, hökumətdə maaşlar belə yüksəkdir!". Bunu Suriya
prezidenti Əhməd əş-Şəraa 100-dən çox tərəfdarı ilə üsyançıların
keçmiş bazasında görüşü zamanı deyib.
"Reuters" yazır ki, çoxu görüşə bahalı avtomobillərdə gəlmişdi və
keçid prezidenti onlarla belə bir zarafat edib.
"İnqilabın oğlu olduğunuzu unutdunuz? Nə tez yoldan
çıxdınız?", – əş-Şəraa görüşünə gələn məmurları,
biznes liderlərini beləcə danlayıb. "Reuters" bunu
görüşdə olan iki
nəfərə istinadla yazır.
Suriyanın keçmiş prezidenti Bəşər əl-Əsəd 14 illik vətəndaş
müharibəsindən sonra, ötən ilin dekabrında devrilib. Ölkədə ara
sıra məzhəblərarası zorakılıq baş verir, bəzən əş-Şəraa hökumətinə
bağlı keçmiş üsyançı fraksiyalar da onlarda iştirak edir.
Zorakılıqlarda 2 mindən çox insan həlak olub. Əmlak müsadirəsi,
evlərdən zorla çıxarılma halları da baş verib.
Sözügedən görüş avqustun 30-da prezidentin İdlibdəki keçmiş
qərargahında keçirilib. Bundan sonra əş-Şəraa dəbdəbəli avtomobili
olanlarda açarları təhvil vermələrini, yaxud qanunsuz gəlirə görə
istintaqla üzləşməli olacaqlarını deyib. Tədbir bitəndə bir ovuc
avtomobil açarı təhvil verilmişdi, - görüşə qatılan iki nəfər belə
deyir.
Korrupsiyasız sivil hökuməti necə qurmalı
Agentlik yazır ki, bu mesaj 43 yaşlı prezidentin üzləşdiyi kritik
əngəli üzə çıxarır: qiyamdan sivil hökumətə necə çevrilməli, necə
etməli ki, bu yolda Əsəd rejiminin endemik korrupsiyası
təkrarlanmasın.
"Əş-Şəraanın əlində institusional sistem, etibar
edəcəyi dərsliklər yoxdur", – islamçı qruplar üzrə
suriyalı tədqiqatçı Hössam Cazmati deyir.
"O, hansısa dövlət qurumundan deyil, fraksiyadan gəlib.
2003-cü ildən silahlı mühitdə olub. Hakimiyyət alyanslara,
favoritizmə, monopoliyaya əsaslanıb", – o əlavə
edir.
Cazmati əlavə edir ki, indi sadiq tərəfdarlarının müharibə
qənimətlərini ələ keçirməsi onun hakimiyyətini möhkəmləndirməsinə
təhlükə yaradır:
"Onun administrasiyasını saxlamaq üçün
böyük maliyyə resurslarına ehtiyacı var – şəxsi qazanc məqsədi üçün
yox, hakimiyyətini qorumaq üçün".
Suriyanın İnformasiya Nazirliyindən "Reuters"ə deyiblər ki,
əş-Şəraa İdlibdə keçmiş komandirlər, məmurlar və digər nüfuzlu
şəxslərlə "dostcasına, qeyri-rəsmi" görüş keçirib, siyasi və
təhlükəsizlik çağırışları,
"əvvəlki rejimin formalaşdırdığı
investisiya mədəniyyətini dəyişdirmək" zərurəti müzakirə
olunub.
"O, dövlət qulluqçuları arasında hər hansı korrupsiya
şübhəsinə dözməyəcəyini vurğulayıb", – nazirlik bunu
da əlavə edib. Amma avtomobil açarlarının təhvil verilməsi barədə
iddiaları təkzib edib.
Qardaşının idarəsini bağlatdırıb
"Reuters" yazır ki, əş-Şəraa ailəsi daxilində də balansı saxlamağa
çalışır.
Özündən böyük iki qardaşı yeni hökumətdə vəzifələr tuturlar.
Çoxsaylı rəsmilər bunu yeni administrasiyadakı boşluqları sürətlə
doldurmaq ehtiyacı ilə izah etsələr də, tənqidçilər köhnə rejimdəki
ailə idarəçiliyinə bənzədirlər.
Amma əş-Şəraa hakimiyyətə gələndən sonra daha bir böyük qardaşı,
biznesmen Camal Dəməşqdə ofis açaraq idxal-ixrac, turizm
şirkətlərini idarə edib. Prezident qardaşı isə avqustda onun
ofisini qapatdırıb, hökumət qurumlarına onunla iş qurmamaq
göstərişi verib. Bunu da mənbələr "Reuters"ə deyib. Qərarın
səbəbinə gəlincə, iddialara görə, Camal prezidentlə bağlılığından
faydalanaraq şəxsi maraqları üçün hökumət və biznes xadimləri ilə
görüşlər təşkil edib.
"Reuters"in müxbiri sözügedən ofisin qırmızı mumla möhürləndiyini
görüb. Suriyada qırmızı mumla korrupsiya araşdırmaları aparılan
əmlak möhürlənir.
Camalın ofisi qapadılandan sonra əş-Şəraa 79 yaşlı atası daxil
olmaqla ailə üzvləri ilə görüş keçirib, şəxsi qazanc üçün ailənin
adından istifadə etməməklə bağlı xəbərdarlıq edib. Bunu görüşdə
olan bir qohum deyib.
Bununla belə, "Reuters" post-Əsəd Suriyasında korrupsiyanın
qaldığını yazır. Adamların, yaxud evlərin həbsdən çıxarılması,
yaxud müsadirə olunmuş maşın, digər dəyərli əşyalar üçün rüşvət
verilməsi halları yayılıb. Bir sənayeçi, iki zavod menecerinin
dediyinə görə, bizneslərini davam etdirmək, Əsəd rejimi ilə iddia
olunan əlaqələrə görə saxlanan işçilərini buraxdırmaq üçün
vasitəçilərə nağd pul verməli olublar, onlara bunun qarşılığında
heç bir qəbz verilməyib, rəsmi sənədləşmə aparılmayıb.
"Reuters" bu deyilənləri müstəqil təsdiqlədə bilmədiyini yazır.
İnformasiya Nazirliyi isə bu halların geniş yayılmadığını, rüşvət
almaqda şübhəli bilinənlərlə bağlı dərhal təhqiqat başladıldığını
bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.