Dilənçilər ehtiyacdan, yoxsa öz biznesləri üçünmü əl açırlar
Yəqin ki, hamınız küçədə, metroda, bazarda, yolda və bir çox yerlərdə dilənçilərlə rastlaşırsınız. Bunların bəziləri həqiqətən ehtiyacdan, bəziləri də sırf məşğuliyyəti bu olduğu üçün əl açırlar. Ən çox da insanlara əl açıb yardım istəyən körpə uşaqlar olur. Dilənçilər bəzən insanlar üçün problem də yaradırlar. Belə ki, insanlar onlara istədikləri məbləği vermədikdə bəzən onlarla mübahisə edirlər. Hətta bir çoxlarımız qrup şəklində insanlara müqavimət göstərən dilənçilərin də şahidi olmuşuq. Dilənçilər dünyanın hər bir şəhərində var, eləcə də Gürcüstanda, paytaxt Tbilisidə, Marneulidə...

Bəs gənclər dilənçilərlə bağlı nə düşünürlər və bu hal onlara necə təsir edir? Bu haqda biz gənclər arasında sorğu keçirdik.

İlk öncə Rustavidə yaşayan 20 yaşlı Ellada ilə söhbət etdik. O, deyir ki, son zamanlarda əl açıb yardım istəyənlərin sayı daha çoxdur, ona görə ki, iqtisadi olaraq hər kəs əziyyət çəkir. Bu da bir çox vətəndaşlara mənfi təsir göstərir. Bəzilərinə isə daha çox təsir edir, buna görə də çarəsizlikdən bu addımı atırlar. Ellada bu cür vəziyyətin ona pisixoloji olaraq pis təsir etdiyini dedi. Onun fikrincə insanların əl açıb yardım istəyənlərə 1-2 lari pul verməsi onların yaralarını sağaltmır, amma yenə də kömək etməyin vacib olduğunu bildirdi. Digər tərəfdən insanların vəziyyəti maddi cəhətdən yaxşı olmadığından hər zaman yardım istəyənlərə yardım edə bilmədiklərini deyir.

“Elə əl açıb pul istəyənlər olur, hansıların ki, maddi cəhətdən imkanları bir çox dilənməyən insanlardan yaxşıdır, amma yenə də bu hərəkəti özlərinə xoş görürlər. Onlar üçün bu hal xoşa gələndir və peşə olaraq davam etdirirlər” – Ellada deyir.

Onun fikrincə əsl yardıma ehtiyacı olan insanlara çalışıb yardım edilməli və cəmiyyətə geri qaytarılmalıdırlar.
Elgünün 28 yaşı var və artıq bu hadisələrlə çox rastlaşdığını dedi. O, belə hallarla ən çox metrolarda, yeraltı keçidlərdə, bazarlarda və insanların çox olduğu yerlərdə rastlaşdığını bildirdi. Onun fikrincə ilk öncə ehtiyacdan yaranır dilənmək sonra isə bu adət halına çevrilir. Bununla necə mübarizə aparmalıdır sualına isə o, dilənən uşaqların uşaq evinə yerləşdirilmək və əgər xəstədirlərsə, onların qayğısına qalmağın lazım olduğunu dedi.

“Uşaqları olmayan ailələr uşaq sahiblənsələr, o uşaqlar da valideyn sevgisini və mərhəmətini görərlər”, – Elgün deyir.

23 yaşlı Çiçək dilənmək üçün əl açanları görəndə acıdığını dedi. O, deyir ki, canları sağlam olanlar özləri çalışıb halal zəhməti ilə o pulu qazana bilərlər. Onun fikrincə insan hər nə olur olsun dilənməməlidir. Nə isə bir iş görüb öz zəhməti ilə qazanmalıdır, istər özü üçün, istərsə də ailəsi üçün.

Çiçək deyir ki, həqiqətən yardıma ehtiyacı olub əl açanlara insanlar inanmırlar və artıq inanclarını itirdikləri üçün belə insanlara yardım etməkdən qaçırlar. Düşünürlər ki, bütün əl açıb yardım istəyənlər yalan yerə belə edirlər.

“Gərək gənclər öz üzərlərinə düşən məsuliyyəti yerinə yetirə və inamını itirməyə. Əlbəttə dilənçilərin günlük həyatımıza xoş təsiri olmur, yenə də insanlıq olaraq öz mərhəmət hissimizi qorumalı və yardım etməkdən imtina etməməliyik”, – Çiçək deyir.

Buradan da belə nəticəyə gələ bilərik ki, səbəbi nə olursa olsun, ehtiyacı olan insanlara daima yardım etmək gələcək üçün vacibdir.

Müəllif: Dürdanə Xudiyeva
Print Email
FaceBook Twitter Google