Abituriyentlər Vahid Milli İmtahanların cavablarından razı qalıblar
2019-cu ilin 1 iyulunda başlayan Vahid Milli İmtahanlar 24 iyul tarixində sona çatdı, nəticələr isə iyulun sonlarında elan olundu.

Nəticələri səbirsizliklə gözləyən abituriyentlərin bəziləri topladıqları ballardan narazı olsalar da, əksəriyyəti razı qaldıqlarını deyirlər. Bəs qəbul imtahanında iştirak edən Marneulili abituriyentlər əldə etdikləri nəticələrdən razıdırlar ya yox? “Marneuli” radiosu bununla bağlı sorğu keçirdi.

Xancığazlı kənd sakini Namiq Abdullayev builki qəbul imtahanında iştirak edən abituriyentlərdən biridir. O, deyir ki, 34 balla İlia Dövlət Universitetinə qəbul olub və bu nəticədən olduqca razıdır. Namiq deyir ki, riyaziyyat fənni onun üçün ən çətin fəndir. Buna görə də o, hazırlığa getdiyi zaman ərzində müəyyən çətinliklərlə üzləşib. Abdullayev onu da əlavə etdi ki, ödənişsiz qəbula hazırlaşmayıb və onun tək arzusu istədiyi universitetə qəbul olub hüquqşünaslıq ixtisasına yiyələnmək olub.

“Əlbəttə nəricələrdən razı qaldım. Mən pulsuza hazırlaşmırdım, tək istəyim qəbul olmaq idi. Düşünürəm ki, 34 bal elə də az deyil. Hazırlaşdığım zamanlar riyaziyyatdan çox çətinliklər çəkdim, sıfırdan başlamalı idim və sağ olsun, müəlliməm yaxşı hazırladı. Bəzən maşın olmurdu getməyə, bəzən hava şəraiti yol vermirdi. Amma nəticə istədiyim kimi oldu”, – Namiq Abdullayev deyir.

Dövlət imtahanlarının nəticələrindən razı qalan abituriyentlərdən biri də Kirəç Muğanlı sakini Amil Məmmədovdur. Onun sözlərinə görə, istədiyi universitetə qəbul olub və bu onun üçün gözlənilən nəticə idi. A.Məmmədov 38 bal toplayaraq Tbilisi Dövlət Universitetinə qəbul olub. O, deyir ki, tək çətinliyi imatahan nəticələrini gözləmək olub.

“Təbii ki, razı qaldım. Əsas istəyim Cavaxişvili universitetinə qəbul olmaq idi və oldum. Elə də çətinliklərim olmadı tək çətinliyim nəticələri gözləmək oldu. Amma hansı fakültəni seçəcəyimi hələ ki, dəqiqləşdirməmişəm”, –
Amil Məmmədov deyir.

Kürtlər kəndində yaşayan Nihat Məmmədov 32 bal toplayaraq İlia Dövlət Universitetinə qəbul olub. Aldığı nəticədən razı olan N.Məmmədov hansı ixtisası seçəcəyini bilmir. O, deyir ki, ixtisas seçimi barədə qərarını hazırlığı başa vurduqdan sonra verəcək.

“Nəticədən bəli razı qaldım, çətinliyim olmadı, hər şey normal idi. İxtisas seçimimi hələ ki dəqiqləşdirməmişəm”,
– Nihat Məmmədov deyir.

Xatırladaq ki, 2019-cu ilin Vahid Milli İmtahanlarının nəticələrinə əsasən, ali məktəblərdə təhsil almaq haqqına 28 740 abituriyent sahib olub, onlarda 6 546-sı isə qrant alıb.

Print Email
FaceBook Twitter Google