Vagina haqqında nələri bilmək lazımdır?
İnternetdə, sosial şəbəkələrdə vagina və onun sağlamlığı haqqında çox sayda səhv-düz məlumatlar paylaşılır.

Doğru olmayan bilgilərin yayılmasına mane olmaq üçün qollarını çırmayan mütəxəssislərdən biri 25 ildir ABŞ və Kanadada qadın xəstəlikləri və doğuş eksperti olaraq çalışan doktor Jen Gunter-dir.

Qadın sağlamlığı mövzusunda maarifləndirmə kampaniyaları təşkil edən Gunter "Twitter" istifadəçiləri arasında "sosial media ginekoloqu" kimi tanınır.

Gunter son zamanlarda vaginaya qoyulan və "Jade yumurtası" ("Jade egg" və ya "Yoni egg") olaraq bilinən təbii daşların səfalı olması iddialarına qarşı mübarizə aparır. Çin təbabətinə aid olduğu deyilən "Jade yumurtası"nın "hormonları tənzimlədiyi, menstruasiyanı və sidik kisəsini nizamladığı" iddia edilir.

Gunter Çin təbabətində belə müalicə üsulunun olmadığını və bu metodun hər hansı elmi əsasa söykənmədiyini deyir.

"The Vagina Bible" adlı kitab da yazmış Gunter BBC Dünya Xidmətinin "Health Check" radio proqramına müsahibəsində vagina haqqında bilinməsi vacib olan şeylərdən danışıb:


foto:EMMA RUSSELL

1. Vagina və vulva arasındakı fərqi bilmək vacibdir

Vagina bədənin içində olub uşaqlığı xarici aləmlə əlaqələndirən əzələ kanalıdır. Onun kənardan görünən və geyimə dəyən hissəsinə isə vulva deyilir.

Doktor Gunter deyir ki, terminologiyanı bilmək və ümumi təriflərdən uzaq durmaq çox vacibdir:

"Vagina və ya vulva sözlərindən istifadənin çirkin və ya ayıb bir şey olduğunu düşünmək doğru deyil".

O, vulvadan kənardakı bölgənin tibbdəki adının "pudenda" olduğunu, latın dilində "pudet" - yəni "utanmaq" anlamına gəldiyini bildirir. Gunter deyir ki, genital bölgəni fərqli adlarla tanıtmaq qadınlara emosional baxımdan ziyan vura bilər; eyni zamanda, müalicədə yanlış diaqnoz qoyulmasına gətirib çıxarar. Düzgün addan istifadə edilməyəndə, düzgün müalicə də mümkün olmaya bilir.

2. Vagina özü-özünü təmizləyir

Doktor Gunter son 10 ildə təmizlik və qoxu üçün satılan məhsullardan istifadənin çoxalmasının qadınlarda vaginanın sağlamlığı haqqında fikir dəyişikliyi yaratdığını müşahidə edib. Keçən il Şimali Amerikada qadınların 57%-i vaginal təmizlik üçün gözəllik mərkəzlərinə gedib. Onların çoxu bunu cinsi partnyorunun təşviqiylə etdiyini deyib.

Gunter deyir ki, vaginanın içinin təmizlənməsi üçün hər hansı məhsuldan istifadə etməyə ehtiyac yoxdur:

"Bu orqan özü-özünü təmizləyən soba kimidir".

Doktor Gunter xüsusilə də ətirli vasitələrlə yuyunmağa qarşıdır:

"Bu, vaginadır, "Pina kolada" kokteyli deyil. Siqaret orqanizm üçün nədirsə, duş da vagina üçün odur. Çünki bəzən hətta su da onun həssas ekosistemini poza, cinsi yolla keçən xəstəliklər riskini artıra bilər.

Getdikcə populyarlaşan vaginal buxar vannalarına da ehtiyac yoxdur. Bəzi hallarda bu, vaginada yanıqlara səbəb ola bilər".

Vulva bölgəsinin bayırda qalan hissəsini vacib hallarda su və ya yumşaq təmizləyici maddələrlə yumaq olar.

Sabun dəri üçün qoruyucu bir sukeçirməz təbəqə rolunu oynayan turşu örtüyünü aşındıra bilir. Klimaks dövründəki hormonal dəyişiklər qurumaya səbəb olarsa və bu, narahatlıq yaradarsa, hind qozu və ya zeytun yağından istifadə etmək olar.

Vagina hüceyrələri davamlı olaraq yenilənir. Dərinin digər bölgələriylə müqayisədə bu dəyişmə daha sürətlidir - hər 96 saatdan bir vaginada yenilənmə prosesi gedir.


EMMA RUSSELL

3. Vagina bir bağ kimidir

Vaginada bir bakteriya ordusu var. Amma vaginanın sağlamlığını "yaxşı" bakteriyalar təmin edir.

Vaginal mikrobioma hər cür bakteriyası olan bir bağ kimidir. Bu bakteriyalar vaginal ekosistemin sağlamlığı üçün birgə hərəkət edirlər - doctor Gunder belə deyir.

Yaxşı bakteriyalar nazik turşu təbəqəsi yaradan maddələr istehsal edir və bu, "pis" bakteriyaların yapışıb qalmasına imkan vermir. Bundan başqa, yaxşı bakteriyalar bütün bölgənin yağlı olmasını təmin edən selikli maddə istehsal edirlər.

Ona görə də vaginanın içini antibakterial salfetlərlə silmək düzgün deyil. Bakteriyalar arasındakı tarazılığın qorunması vacibdir. Doktor Gunter bu səbəblərə görə vulvanı fenlə qurutmamağı tövsiyə edir - o bölgədə dəri nəm qalmalıdır.


EMMA RUSSELL

4. Genital bölgədəki tüklərin öz funksiyası var

Doktor Gunter son vaxtlar qadınlar arasında genital bölgədəki tükləri aldırmanın getdikcə populyarlaşmasına da diqqət çəkir. Deyir ki, bu, genital bölgədəki bitlərin yox olmasına kömək edir, amma genital epilyasiyanın riskləri də var.

"Mum və ya ülgücdən istifadə etdikdə dəridə mikroskopik zədələr, kəsiklər və ya aşınmalar əmələ gəlir, bu isə infeksiyaya yol açır. Mumdan istifadə edərkən taxta çubuğun yeni olması vacibdir, çünki fərqli müştərilərə eyni çubuqla xidmət göstərmək bakteriyaların yayılmasına səbəb olur" - doktor Gunter belə deyir.

Ülgücdən istifadə zamanısa onun təmiz olmasına diqqət etmək, əvvəldən yuyulub təmizlənmiş dəridə tüklərin çıxdığı istiqamətdə hərəkət etdirmək tövsiyə olunur. Əks halda tüklər çoxala və qalınlaşa bilər.

Gunter deyir ki, hər kəs məlumatlı olmalı və seçim etməlidir:

"Genital bölgədəki tüklərin öz funksiyası var, onlar dərini qoruyan mexaniki baryer rolunu oynayırlar. Eyni zamanda, cinsi zövq baxımından da müəyyən rola malikdirlər, çünki hər bir tük bir sinir ucuna bağlıdır, qoparanda ağrı hiss etməmizin səbəbi budur".

5. Yaşlanmaq vaginaya təsir edə bilir

Uzun illər menstruasiya olduqdan və bəlkə uşaq da doğduqdan sonra yumurtalıqlar yumurta istehsal etməyi dayandırır. Bu zaman menstruasiya da sona çatır. Qadınların doğmaq qabiliyyətini təmin edən hormonların sayı xeyli azalır və estrogenin aşağı səviyyəsi vagina və vulvaya təsir edir.

Daha əvvəl selikli bir maddəylə nəm saxlanan toxumalar korlaşa bilir və bu, cilddə quruluğa səbəb olur. Yağlı toxuma yaradan maddənin az olması cinsi əlaqə zamanı ağrı yarada bilir.

Belə hallar qadınları narahat edə, onların qanını qaralda bilər. Gunter bu məsələylə bağlı həkimə müraciət etməyi məsləhət görür. Bəzi qadınlar problemi sürtgü yağı (lubrikan) vasitəsilə həll etməyə çalışırlar.

"Qadınların lubrikan barədə məlumatlı olması çox vacibdir. Bu onları ağrılardan xilas edə bilər".

Bəzi səthi araşdırmaların nəticələrinə və doğruluğu elm tərəfindən təsdiqlənməmiş şəhər əfsanəsinə görə, daha çox intim əlaqədə olmaq vaginal toxumalardakı mikrotravmaları yaxşlaşdıra bilir. Əslində isə bu, vaginanı infeksiyalara qarşı daha həssas vəziyyətə salır.

Mənbə: BBC/azeri
Print Email
FaceBook Twitter Google