Gürcüstanda cəm şəkildə Cümə namazlarının qılınmasına icazə verilir – Hacı Ramin İgidov
Gürcüstanda fəaliyyət göstərən məscidlərdə Cümə və camaat namazının qılınmasına icazə verilir. Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi. Onun sözlərinə görə, məscidlərdə cəm şəkildə Cümə namazlarının qılınmasına Gürcüstan Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında olan qaydalara əməl etməklə icazə verilib.

“Gürcüstanda koronavirus yayıldıqdan sonra biz qərara aldıq ki, məscidlərdə toplu ibadətlərin, cəm şəkildə olan dini mərasimlərin keçirilməsini dayandıraq. Biz bu qərarı Ali Dini Şura ilə birgə verdik. Pandemiyaya görə Gürcüstanda məscidlər heç vaxt bağlanmayıb. Sadəcə bir çox müsəlman ölkələrində olduğu kimi məscidlərdə cəm halda ibadətləri dayandırdıq. Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması və karantin tədbirlərinin yumşaldılması ilə əlaqədar olaraq Ramazan bayramından sonra Cümə namazlarının bərpa edilməsinə başlanıldı. Biz artıq bayram günündən bayram namazının qılınmasına başladıq. O gündən bu günə qədər, artıq Cümə namazları, camaat namazları bərpa olunub. Sadəcə biz böyük şəhərlərdə və o yerlərdə ki, izdihamlı ibadət keçirilir, orada tablolar hazırlayıb vurduq. Həmin tablolarda, banerlərdə yazılıb ki, Səhiyyə Nazirliyinin verdiyi tövsiyələrə əməl olunsun”,
– Ramin İgidov dedi.

Hacı Ramin İgidovun sözlərinə görə, Cümə namazına gələnlərdən 4 qaydaya riayət etməsi tələb olunur.

“Birinci ibadətə gələnlər maskalı gəlsinlər, ibadət zamanı da maskadan istifadə etsinlər. İkinci növbədə ara məsafəsi saxlasınlar, sosial məsafəni qorusunlar. Üçüncü növbədə imkan daxilində məscidə gələndə öz namazlıqlarını gətirsinlər. Bu qaydaya əməl etsələr, yaxşı olar. Dördüncüsu isə məsciddə dəstəmaz almaq olmasın. Özləri məscidə dəstəmazlı gəlsinlər. Məscidlərə tövsiyə etmişik ki, mümkün olduğu halda Cümə namazı məscidin həyətində qılınsın, mümkün olmadığı təqdirdə isə məscidin içərisində də qılına bilər. O zaman isə sadaladığmız 4 şərtə əməl etməlidirlər. Bundan başqa görüşlərdən, çox yaxın təmasdan uzaq olsunlar, ehtiyatı qorusunlar. Sosial məsafə gözlənilməklə, məscidlərin içərisində olanların sayına hər hansı bir məhdudiyyət tətbiq edilmir. Biz bunları tövsiyə edərək ramazan bayramından Cümə namazlarının qılınmasına icazə verdik. Bu günə qədər də davam etməkdədir. İcazə verildikdən sonra müəyyən dini tədbirlər də tövsiyələrə uyğun keçirilib və keçirilməyə də davam edəcək”, – Ramin İgidov dedi.

Ramin İgidov qeyd etdi ki, ibadətlərdən sonra məscidlər hər gün xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.

Print Email
FaceBook Twitter Google