Gürcüstanda fəaliyyət göstərən məscidlərdə Cümə və camaat namazının
qılınmasına icazə verilir. Bu barədə məlumatı "Marneuli" radiosu
ilə söhbəti zamanı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi
Hacı Ramin İgidov verdi.
Onun sözlərinə görə, məscidlərdə cəm şəkildə Cümə namazlarının
qılınmasına Gürcüstan Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında olan
qaydalara əməl etməklə icazə verilib.
“Gürcüstanda koronavirus yayıldıqdan sonra biz qərara aldıq ki,
məscidlərdə toplu ibadətlərin, cəm şəkildə olan dini mərasimlərin
keçirilməsini dayandıraq. Biz bu qərarı Ali Dini Şura ilə birgə
verdik. Pandemiyaya görə Gürcüstanda məscidlər heç vaxt
bağlanmayıb. Sadəcə bir çox müsəlman ölkələrində olduğu kimi
məscidlərdə cəm halda ibadətləri dayandırdıq. Ölkədə epidemioloji
vəziyyətin yaxşılaşması və karantin tədbirlərinin yumşaldılması ilə
əlaqədar olaraq Ramazan bayramından sonra Cümə namazlarının bərpa
edilməsinə başlanıldı. Biz artıq bayram günündən bayram namazının
qılınmasına başladıq. O gündən bu günə qədər, artıq Cümə namazları,
camaat namazları bərpa olunub. Sadəcə biz böyük şəhərlərdə və o
yerlərdə ki, izdihamlı ibadət keçirilir, orada tablolar hazırlayıb
vurduq. Həmin tablolarda, banerlərdə yazılıb ki, Səhiyyə
Nazirliyinin verdiyi tövsiyələrə əməl olunsun”, –
Ramin İgidov dedi.
Hacı Ramin İgidovun sözlərinə görə, Cümə namazına gələnlərdən 4
qaydaya riayət etməsi tələb olunur.
“Birinci ibadətə gələnlər maskalı gəlsinlər, ibadət
zamanı da maskadan istifadə etsinlər. İkinci növbədə ara məsafəsi
saxlasınlar, sosial məsafəni qorusunlar. Üçüncü növbədə imkan
daxilində məscidə gələndə öz namazlıqlarını gətirsinlər. Bu qaydaya
əməl etsələr, yaxşı olar. Dördüncüsu isə məsciddə dəstəmaz almaq
olmasın. Özləri məscidə dəstəmazlı gəlsinlər. Məscidlərə tövsiyə
etmişik ki, mümkün olduğu halda Cümə namazı məscidin həyətində
qılınsın, mümkün olmadığı təqdirdə isə məscidin içərisində də
qılına bilər. O zaman isə sadaladığmız 4 şərtə əməl etməlidirlər.
Bundan başqa görüşlərdən, çox yaxın təmasdan uzaq olsunlar,
ehtiyatı qorusunlar. Sosial məsafə gözlənilməklə, məscidlərin
içərisində olanların sayına hər hansı bir məhdudiyyət tətbiq
edilmir. Biz bunları tövsiyə edərək ramazan bayramından Cümə
namazlarının qılınmasına icazə verdik. Bu günə qədər də davam
etməkdədir. İcazə verildikdən sonra müəyyən dini tədbirlər də
tövsiyələrə uyğun keçirilib və keçirilməyə də davam
edəcək”, – Ramin İgidov dedi.
Ramin İgidov qeyd etdi ki, ibadətlərdən sonra məscidlər hər gün
xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.