Bu il Gürcüstandan həcc ziyarətinə getmək mümkün olmayacaq. Buna
səbəb dünyada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan
məhdudiyyətlərdir.
Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Bütün
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov verdi.
Onun sözlərinə görə, bu il epidemioloji vəziyyətə görə Səudiyyə
Ərəbistanı Həcc ziyarətinə gedənləri qəbul etməyəcək.
"Ölkəmizdən də beynəlxalq uçuşlar dayandırılıb. Buna
görə də bu il Həcc ziyarətinə başqa ölkələrdən getmək mümkün
olmayacaq. Sadəcə Səudiyyə Ərəbistanında olanlar, orada işləyən
diplomatlara və bəzi sakinlərə icazə veriləcək ki, onlar Həcc
ziyarətinə əməl etsinlər. Bu da məhdud səviyyədə
olacaq", – Hacı Ramin İgidov dedi.
BBC-nin yazdığına görə, Səudiyyə Ərəbistanı
koronavirus pandemiyası ilə bağlı yaranmış qeyri-müəyyənliyə görə
Həcc ziyarətinə getməyi planlaşdıran müsəlmanlardan ziyarətlərini
təxirə salmağı xahiş edib. Bu barədə bəyanatı Həcc naziri Məhəmməd
Bəntən verib.