Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı filmin ikinci hissəsi çəkilib (VIDEO)
Marneulili gənclər tərəfindən "Rayon" adlı qısametrajlı filmin ikinci hissəsi çəkilib. Çəkiliş işləri Marneuli şəhəri ilə yanaşı Kəpənəkçi, Əzizkənd və Tbilisi şəhərində baş tutub. Filmin əsas mövzusu Marneulidə yaşayan gənclərin həyat tərzidir. Bir saatlıq filmdə əsasən gənclərin zorla evləndirilməsi və qaçırılması əks olunub. Film real hadisələr əsasında çəkilib.

Filmin ssenari müəllifi və rejissoru Elmar Xəlilov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, birinci “Rayon” filmi kriminal hadisələr əsasında çəkilmişdi. Amma ikinci filmin mövzusu dram janrındadır. Onun sözlərinə görə, bu filmdə sevgi mövzusuna toxunublar.

"Kəndlərdə olan çəkilişlərmiz ondan ibarət oldu ki, bizim adət-ənənəyə uyğun olaraq insanlarmız bulaq başına gedərək, su doldururlar. Çəkdiyimiz filmdə qızla-oğlanın bulaq başında tanış olurlar və orada görüşürlər. Bulaq başında biz onu lentə aldıq. Bundan əlavə filmdə cəmiyyətin problemlərini də göstərməyə çalışdıq. Burada bir neçə problemdən söhbət gedir. Əsas problemlər zorla evləndirmə və zorla qaçırılmadır",
– Elmar Xəlilov dedi.

Gürcüstanda pandemiya elan olunan zaman ssenarini yazmağa başlayan Elmar Xəlilov qeyd etdi ki, çəkiliş işləri təxminən bir aya yekunlaşıb.

"Karantin başlayandan haradasa bir ay sonra ssenarini yazmağa başladım. Təxminən aprel ayları olardı. Karantin bitdikdən sonra hissə-hissə filmin çəkilişlərinə başladıq. Çəkilişlərimiz təxminən bir ay davam etdi. Filmin son tamamlama işləri qalıb, yaxın vaxtlarda bitəcək."

Elmar Xəlilov onu da qeyd etdi ki, pandemiyaya görə filmin təqdimatının nə zaman baş tutacacğını dəqiq bilmir.

"Qanuna görə, insanların bir yerə toplaşması qadağandır. Əgər nə isə olarsa, bu barədə ictimaiyyətə bildirəcəyik. Pandemiya davam edərsə, o zaman filmin təqdimatını uzadan deyilik. O zaman “youtube” vasitəsilə yayımlayacağıq."

Film maliyyə dəstəyi olmadan çəkilib. Xəlilov bildirdi ki, gələcəkdə yeni filmlərin çəkilişini də planlaşdırırlar.

"Rayon filminin davamını düşünmürük. Ola bilsin növbəti filmlərimiz digər mövzularda və digər adda olsun. O da filmin uğurlu olub-olmamasından asılı olacaq."

Qeyd edək ki, filmdə 10 nəfər həvəskar aktyor çəkilib, 5 nəfər isə epizodlarda iştirak edib.

Print Email
FaceBook Twitter Google