“Wikimedia Gürcüstan” ın sədri Mehman
İbrahimov gənc idmançıların tanınması üçün Gürcüstanın Təhsil, Elm,
Mədəniyyət və İdman Nazirliyi ilə birgə memorandum imzalayıb.
Memoranduma əsasən gürcü və ingilis dillərində Gürcüstanlı
idmançılar haqqında Wikipediada məlumatlar yerləşdiriləcək.
İbrahimov Nazirliyin müraciəti əsasında atdığı bu addımın uğurlu
olacağını düşünür.
O, “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Wikimedia”
Kaliforniyada fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatıdır.
Təşkilatın bir çox ölkələrdə, eləcə də Gürcüstanda filialları var.
Onun sözlərinə görə, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman
Nazirliyinin müraciəti əsasında gənc idmançılarla bağlı məlumatları
Vikimedianın layihəsi olan Wikipediada yerləşdirəcəklər.
“Wikimedianın layihələrindən biri Wikipedia
layihəsidir. Bu ən tanınmışıdır. Gürcüstandakı filialda biz
çalışırıq. Biz daha çox çalışırıq ki, ensklopedik məlumatlar yazaq
və paylaşaq. Nazirlik də çalışır ki, Gürcüstan idmançıları haqqında
daha çox məlumat olsun. İstər gürcü, istərsə də ingilis
Wikipediasında məlumatın çox olmasını istəyirlər. Hazırda biz ortaq
memorandum imzaladıq. Beləliklə təlimlər keçirəcəyik, necə yazmaq
lazımdır, bu haqqda məlumatlar verəcəyik. Daha sonra şəkillər,
videoları bizə göndərəcəklər. Biz də həmin idmançının haqqında
məlumatları Wikipediaya yerləşdirəcəyik. Bu gürcü və ingilis dili
Wikipediyalarında olacaq.”
M. İbrahimov Wikimedia üçün Marneulidən olan gənclərin də idman və
eləcə də digər mövzularda məlumatlar hazırladığını və onlarla
birlikdə çalışdıqlarını dedi.
Məlumat üçün qeyd edək ki, əslən Dmanisi rayonundan olan Mehman
İbrahimov 2015-ci ildən Gürcüstanda fəaliyyət göstərən Wikimedia
qrupuna 2016-ci ildən qoşulub.