Azərbaycana getmək istəyən vətəndaşlar hara müraciət etməlidir? – Səfirlikdən açıqlama
Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Gürcüstanda qalan azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin (Gürcüstan və ya digər ölkənin vətəndaşı daxil olmaqla) Azərbaycan Respublikasına təxliyəsi Səfirliyə ərizə ilə müraciət etməklə davam etdirilir.

Bu barədə "Marneuli" radiosunun sorğusuna cavab olaraq Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verdilər.

"Məlum olduğu kimi, pandemiya dövründə Gürcüstandan Azərbaycan Respublikasının vətəndaşlarının təxliyəsi maneəsiz həyata keçirilib. Belə ki, cari ilin 21 sentyabr tarixinədək həftəlik keçirilən təxliyələrdə üstünlük vətəndaşlara verilib, onların ölkəyə qayıtmasına məhdudiyyət qoyulmayıb. Bu gün də Səfirlik tərəfindən Gürcüstanda şəxsi işləri səbəbindən qalan Azərbaycan Respublikasının vətəndaşlarının təxliyəsi davam etməkdədir.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında həm hava, həm də quru sərhədləri bağlı olduğu üçün Gürcüstan ərazisində qalan vətəndaşlarımız təcili ölkəyə qayıtmaq istədikdə hər gün səhər saat 10:00-18:00 arası Türkiyə ilə Gürcüstan arasında olan Sarp sərhəd-keçid məntəqəsindən Türkiyə ərazisinə keçməklə və ya Tbilisidən İstanbul şəhərinə həyata keçirilən reyslərlə İstanbul-Bakı müntəzəm reysləri ilə Azərbaycan Respublikasına qayıda bilərlər. Vətəndaşlarımız təyyarəyə PCR testinin neqativ nəticəsi ilə, 48 saatdan gec olmamaq şərti ilə daxil ola bilərlər.

Həmçinin, Gürcüstan ərazisində qalan və ölkəyə qayıtmaq istəyən vətəndaşlarımız Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin Konsulluq bölməsinə səhər saat 09:30-dan 12:30-dək ərizə ilə müraciət etdiyi təqdirdə ölkəyə quru yolu ilə qayıda bilərlər. Azərbaycan Respublikası ilə Gürcüstan arasında quru sərhədlərinin bağlı olması səbəbindən vətəndaşlarımızın quru yolu ilə Səfirliyə müraciətindən 10-15 gün sonra ölkəyə qayıda bilərlər.

Azərbaycan Respublikasının vətəndaşlarını daha çox maraqlandıran suallardan biri də Azərbaycan ərazisindən Gürcüstana necə daxil ola bilmələridir. Qeyd edək ki, Gürcüstan Hökumətinin Qurumlararası Koordinasiya Şurasının koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə qəbul etdiyi qərara əsasən, Gürcüstan ərazisinə Gürcüstan vətəndaşları ilə yanaşı, onlarla rəsmi nikahı olan digər ölkə vətəndaşları (həmçinin, Azərbaycan vətəndaşları) Azərbaycan Respublikasındakı Gürcüstan Səfirliyinə müraciət edərək daxil ola bilərlər. Eyni zamanda, Gürcüstanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər ölkələrin vətəndaşları (həmçinin, Azərbaycan vətəndaşları) Qurumlararası Koordinasiya Şurasının rəsmi saytına daxil olaraq, https://registration.gov.ge/pub/form/7_protocol_for_arrivals_in_georgia/kcjcpx/ ünvanındakı müraciət formasıın doldurub Gürcüstan ərazisinə giriş icazəsi ala bilərlər. Gürcüstana işgüzar səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarının Gürcüstan ərazisinə giriş icazəsi almaları ilə yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edərək, ölkədən çıxış icazəsi almaları vacibdir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbədir. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü əsasında Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan münaqişənin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. 30 il davam edən erməni işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi, 3 rəngli bayrağımız işğaldan azad olunan bütün rayonlarda dalğalandırıldı.

Qeyd etmək istərdik ki, II Qarabağ müharibəsi ərəfəsində də Gürcüstanda qalan Azərbaycan Respublikasının vətəndaşlarının ölkəyə təxliyəsi davam etmişdir. 2020-ci ilin 21 sentyabr tarixindən etibarən kütləvi şəkildə həftəlik təxliyələrin dayandırılmasının müharibəyə aidiyyəti yoxdur. Məlum olduğu kimi, sentyabr ayından etibarən həm Azərbaycanda, həm də Gürcüstanda koronavirusa yoluxma sayında gözlənilməz artım qeydə alınıb. Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Gürcüstanda qalan vətəndaşlarımızın və onların ailə üzvlərinin (Gürcüstan və ya digər ölkənin vətəndaşı daxil olmaqla) Azərbaycan Respublikasına təxliyəsi Səfirliyə ərizə ilə müraciət etməklə davam etdirilir.

Bu səbəbdən də, Azərbaycan Respublikasına qayıtmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları və onlarla rəsmi nikahda olan xarici ölkə vətəndaşları Səfirliyin CLOAKING elektron poçt ünvanına ərizə göndərməklə və ya həftə içi səhər saat 09:30-dan 12:30-dək Səfirliyə yaxınlaşaraq müvafiq sənədləri təqdim etməklə 10-15 gün ərzində Azərbaycan Respublikasına gedə bilərlər. Ətraflı məlumat almaq istəyən şəxslər Səfirliyin Konsulluq bölməsi ilə +995-32-224-30-04 nömrəli şəhər nömrəsi və 24 saat fəaliyyət göstərən mobil +995-577-00-00-38 “Qaynar Xətt” nömrəsi ilə əlaqə saxlaya bilərlər",
– məlumatda deyilir.

Print Email
FaceBook Twitter Google