Gürcüstandan Azərbaycana 3 455 nəfər təxliyə edilib
Gürcüstanda koronavirus yayıldıqdan sonra qonşu ölkələrlə, o cümlədən Azərbaycanla sərhədlər bu ilin 14 mart tarixindən etibarən qarşılıqlı razılaşma əsasında müvəqqəti olaraq bağlanıldı. Bu gün yenə də sərhədlər bağlıdır. Sərhədlər bağlı olduğuna görə, 14 mart tarixindən 21 sentyabr tarixinə qədər Azərbaycan respublikası Gürcüstandan 3 455 nəfəri təxliyə edib.

Bu barədə "Marneuli" radiosunun sorğusuna cavab olaraq Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verdilər.

Məlumata görə, təxliyə olunan 3 455 nəfərdən 1 534-ü Azərbaycan, 1 861-i Gürcüstan və 60-ı isə davamlı əsasda Azərbaycan respublikasının vətəndaşı ilə rəsmi nikahda olan digər ölkələrin vətəndaşlarıdırlar.

"Həmçinin, pandemiya dövründə müxtəlif ölkələrdən Gürcüstandan ərazisi ilə tranzit keçməklə indiyədək 406 vətəndaşımız Azərbaycan respublikasına təxliyə edilmişdir. Beləliklə, Azərbaycan Respublikası rəhbərliyinin göstərişinə əsasən, səfirlik tərəfindən cari ilin mart ayının 14-dən bu günədək 3 861 nəfərin vətənə qayıdışı təmin edilmişdir", – səfirliyin məlumatında deyilir.

Səfirlikdən onu da qeyd ediblər ki, səfirliyin təşəbbüsü və Gürcüstandakı Azərbaycan şirkətlərinin maliyyə dəstəyi ilə bu günədək 3 358 aztəminatlı ailəyə ərzaq, 200 ailəyə tibbi ləvazimat və Gürcüstanda təhsil alan 71 tələbəyə maliyyə yardımı edilib.

Print Email
FaceBook Twitter Google