Rejissorluğa həvəsi olan gənclər üçün 3 dəqiqəlik film müsabiqəsi elan edilib
Marneuli gəncləri üçün 3 dəqiqəlik film müsabiqəsi elan edilib. Müsabiqənin mövzusu təbiətin mühafizəsidir.

Müsabiqə Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş gənc ideyalar müsabiqəsində qalib gəlmiş “tullantıları idarə et, ətraf mühiti qoru” layihəsi çərçivəsində elan olunub.

Layihənin məqsədi təbiətin çirkləndirilməsi ilə bağlı problemli məsələləri diqqətə yetirmək və kinematoqrafiya vasitəsilə geniş auditoriyaya çatdırmaq, təbii mühit şəraitini qorumaq barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

“18 yaşı tamam olmuş, kino sənəti ilə maraqlanan, yaxud sadəcə çəkilişi sevən hər kəs müsabiqədə iştirak edə bilər, qısametrajlı film çəkilişləri baxımından özünü sınaya bilər”, – müsabiqə ilə bağlı məlumatda qeyd olunub.

Müsabiqədə qalib gələn rejissorlar birinci, ikinci və üçüncü yerə uyğun olaraq 200, 150 və 100 lari pul mükafatı əldə edəcəklər.

“Filmlər kinonu xarakterizə edən və onu reklamdan, klip və reportajdan fərqləndirən meyarları nəzərə alınaraq seçiləcək. Müsabiqədə iştirak edən filmlərin xronometrajı maksimum 3 dəqiqə olmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər müxtəlif janrlarda (animasiya, bədii və sənədli) film təqdim edə bilər.

Film xarici dildə olarsa, gürcü dilində subtitrlərin yerləşdirilməsi mütləqdir”,
– müsabiqə barədə məlumatda qeyd olunub.

Maraqlanan şəxslər 20 dekabr tarixində qədər müsabiqəyə qatıla bilər. Gənc rejissorlar filmi “Youtube”-a yükləməli və linki qeyd olunan mail ünvanına göndərməlidirlər: CLOAKING

3 dəqiqəlik film müsabiqəsinin qalibləri 22 dekabr tarixində müəyyən ediləcək.

Print Email
FaceBook Twitter Google