Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlara xəbərdarlıq edir
Azərbaycanın Gürcüstandakı səfirliyi vətəndaşlara xəbərdarlıq edir. Azərbaycan Respublikasına getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər-hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa xahiş olunur Səfirliyə dərhal məlumat verəsiniz.

Bu barədə "Marneuli" radiosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Həmin məlumatı sizə olduğu kimi təqdim edirik.

"Hörmətli vətəndaşlar və soydaşlar,

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən sərhədlər müvəqqəti olaraq bağlanmışdır.

Cari ilin mart ayının 14-dən sentyabr ayının 21-dək Gürcüstandan Azərbaycan Respublikasına 3455 nəfər təxliyə olunmuşdur. Təxliyə olunan 3455 nəfərdən 1534-ü Azərbaycan Respublikasının, 1861-i Gürcüstan və 60-ı isə davamlı əsasda Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nigahda olan digər ölkələrin vətəndaşlarıdırlar.

2020-ci ilin 21 sentyabr tarixindən etibarən həm Azərbaycanda, həmdəki Gürcüstanda koronavirusa yoluxma sayında gözlənilməz artım olmuşdur. Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Gürcüstanda qalan vətəndaşlarımızın və onların ailə üzvlərinin (Gürcüstan və ya digər ölkənin vətəndaşı daxil olmaqla) Azərbaycan Respublikasına təxliyəsi dayandırılmışdır. Lakin, Səfirliyə daxil olan ərizələr baxılmaqdadır.

Səfirlik vətəndaşlara və soydaşlara xəbərdarlıq edir!!!

Son vaxtlar Səfirliyə daxil olan məlumatlarda Marneulidə və digər bölgələrdə yaşayan soydaşlarımızdan (Gürcüstan vətəndaşlarından) müxtəlif məbləğlərdə vəsait alınması və bu maliyyə vəsaiti əsasında Səfirlik vasitəsi ilə onların Azərbaycan Respublikasına tezliklə getməsi vəd olunur.

Azərbaycan Respublikasına getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər-hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa xahiş olunur Səfirliyə dərhal məlumat verəsiniz.

Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirlik və əməkdaşlarının adına ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar!!!",
– səfirliyin məlumatında deyilir.

Səfirliyin əlaqə nömrələri:
+995-32-224-30-04 - (şəhər nömrəsi)
+995-577-00-00-38 - (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi)

Print Email
FaceBook Twitter Google