Gürcüstanda qalmış Azərbaycan vətəndaşlarının vaxtı bitmiş pasportlarının müddəti uzadıldı
Gürcüstanda qalmış Azərbaycan Respublikası vətəndaşlarının vaxtı bitmiş pasportlarının müddəti uzadıldı. Bu barədə "Marneuli" radiosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, vaxtı bitmiş və bitməkdə olan Azərbaycan vətəndaşlarının pasportlarının müddəti 1 iyul tarixinə qədər uzadılıb.

"Koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq müvəqqəti olaraq bağlanmışdır. Koronavirus pandemiyasının yaratmış olduğu çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin Gürcüstanda yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 1 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti yaşadıqları ölkə ərazisində (eyni ilə Gürcüstanda) fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur", – səfirliyin məlumatında deyilir.

Onu da əlavə edək ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşları ölkəni tərk edərək Azərbaycana qayıtmaq istədiklərində isə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının Gürcüstanda yerləşən Səfirliyinə müraciət etməlidirlər.

Print Email
FaceBook Twitter Google