Gürcüstanda qalmış Azərbaycan Respublikası vətəndaşlarının vaxtı
bitmiş pasportlarının müddəti uzadıldı.
Bu barədə "Marneuli" radiosuna Azərbaycanın Gürcüstandakı
səfirliyindən məlumat verilib.
Məlumata görə, vaxtı bitmiş və bitməkdə olan Azərbaycan
vətəndaşlarının pasportlarının müddəti 1 iyul tarixinə qədər
uzadılıb.
"Koronavirus “COVİD-19” infeksiyasının yayılmasının
qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə Gürcüstan
arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcud
epidemioloji vəziyyətlə əlaqədar olaraq müvəqqəti olaraq
bağlanmışdır. Koronavirus pandemiyasının yaratmış olduğu
çətinliklər nəzərə alınaraq, müxtəlif xarici ölkələrdə, həmçinin
Gürcüstanda yaşayan vətəndaşlarımızın qanunsuz miqrant statusuna
düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün
sahib olduqları və etibarlılıq müddəti 1 yanvar 2020-ci il
tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ
pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq
müddəti yaşadıqları ölkə ərazisində (eyni ilə Gürcüstanda)
fəaliyyətlərini tənzimləmələri məqsədi ilə 01 iyul 2021-ci il
tarixinədək uzadılmış hesab olunur", – səfirliyin
məlumatında deyilir.
Onu da əlavə edək ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan
Respublikası vətəndaşları ölkəni tərk edərək Azərbaycana qayıtmaq
istədiklərində isə qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün
Azərbaycan Respublikasının Gürcüstanda yerləşən Səfirliyinə
müraciət etməlidirlər.