Gürcüstanda müsəlmanlar və xiristianlar arasında nə baş verir? (VİDEO)
12 yanvar tarixində Çoxatauri bələdiyyəsinin Buknari kəndində müsəlmanlar və xristianlar arasında dini zəmində qarşıdurma yaşanıb. Buna səbəb isə müsəlmanların bir evə toplaşaraq namaz qılmaları olub. Xristianlar müsəlmanların bu addımına etiraz ediblər və nəticədə iki din mənsubları arasında fiziki qarşıdurma yaranıb.

Hadisə zamanı iki gənc başından xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onların həyatları üçün təhlükə yoxdur.

Qarşıdurma zamanı həmkəndlilərinə xəsarət yetirən şəxs polis tərəfindən saxlanılıb. İstintaq nəticəsində aydın olub ki, Çoxatauri bələdiyyəsinin Buknari kənd sakini Q.S. bu il 12 yanvar tarixində həmkəndliləri – 2003-cü il təvəllüdlü N.İ və 2003-cü il təvəllüdlü M.İ. ilə qarşıdurma zamanı onlara daşla başlarından xəsarət yetirib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən xəsarət yetirməni nəzərdə tutan 126-cı maddəsi ilə cinayət işi açılıb. Həmin maddəyə görə, hadisəni törədən şəxsi 6 aydan 1 ilədək həbs cəzası gözləyir.

Bu gün, 13 yanvar tarixində isə Kobuleti və Quria müftisi Aslan Beridze yaşanan qarşıdurmaya görə Buknari kəndinə gedib. Aslan Beridze müsəlmanların ibadət üçün toplaşdığı evi ziyarət edərək müsəlmanlarla görüş keçirib. Görüş zamanı o, müsəlmanların ibadətlərini dayandırmayaraq davam edəcəklərini və məsələ ilə bağlı dövlət nümayəndələri ilə görüşəcəyini bildirib.

Bu gün, 13 yanvar tarixində də Buknari kəndində qarşıdurma davam edib. Hadisə yerinə çox sayda polis səfərbər olunub.

Dinlə bağlı daha bir qalmaqal isə ötən gün “Mtavari” kanalının rəhbəri Nika Qvaramianın çıxışından sonra baş verib. Qvaramia Bidzina İvanişvilinin siyasətdən getməsi ilə bağlı yazdığı məktuba fikir bildirib. O, İvanişvilinin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini Allah, Qvaramianı isə onun Peyğəmbəri, Məhəmməd olaraq düşündüyünü deyib. Bundan sonra Zaur Darğallı, Savalan Mirzəyev, Ruslan HacıyevGürcüstan Müsəlmanları İdarəsinin şeyxi və Ruhanilər Heyəti Qvaramianın bu fikirərinə etiraz edərək onun dərhal müsəlmanlardan üzr istəməsini tələb etmişdilər.


Print Email
FaceBook Twitter Google