Ümum Gürcüstan Müsəlmanları Ali Dini idarəsi Quria bölgəsində
müsəlmanlar və xristianlar arasında baş vermiş hadisələrlə bağlı
bəyanat yayımlayıb.
Bu barədə idarənin sədri və şeyxi Seyid Mirtağı Əsədov məlumat
verdi. O, Gürcüstanda dini ayrı seçkiliyin şahidi olduğunu
dedi.
Həmin bəyanatı sizə olduğu kimi təqdim edirik.
"12 yanvar tarixində Quria bölgəsinin Çoxatauri rayonunun
Buknari kəndində ölkə dini çoxluğuna mənsub xristianlar tərəfindən
kənd sakinləri olan müsəlmanlara qarşı edilən haqsızlığın ürək
ağrısı ilə şahidi olduq.
Digər sözlə, mövcud varlığı multikulturalizmə əsaslanan ölkəmiz
Gürcüstanda dinc yanaşı yaşama, tolerantlığa qarşı ksenofobiya və
diskriminasiyaya yol verilməsini bir daha müşahidə etdik.
Hamı çox yaxşı bilir ki, ölkəmizdə bu cür xoşagəlməz halların baş
verməsi birinci dəfə deyil. Təbii ki, sonuncu da olmayacaq.
Şübhəsiz ki, hər bir vətəndaşın mənəvi ehtiyaclarının ödənilməsi,
onların ibtidai hüquqlarından sayılır.
İnsanları maraqlandıran ən əsaslı sual budur ki, ölkə dini çoxluğu
tərəfdən ölkə dini azlıqlarına qarşı bu cür xoşagəlməz hallar nə
vaxta qədər baş verəcək?
Nə qədər ki, ölkə dini çoxluğunun liderləri bu dinə mənsub insanlar
tərəfindən baş verən ksenofobiya və diskriminasiya hallarını
susqunluqla qarşılayacaqlarsa, nə qədər ki, ölkənin siyasi məsul
şəxsləri vətəndaşlar qarşısındakı öz konstitusional öhdəliklərini
layiqincə yerinə yetirməkdən imtina edəcəklərsə, nə qədər ki,
ölkədəki dini azlıqları seçkidən seçkiyə yada salaraq, onlara
həmişə yuxarıdan aşağı baxacaqlarsa, nə qədər ki, ölkə dini
çoxluğunun tərəfkeşliyindən əl çəkməyəcəklərsə, bir sözlə nə qədər
ki, ölkənin dini və siyasi sükanı, üzərlərinə düşən məsuliyyətləri
yerinə yetirməkdən boyun qaçıran şəxslərin əlində olacaqsa, bu cür
problemlər köklü şəkildə öz həllini tapmamaqda davam edəcək.
Biz Quria bölgəsində baş vermiş xoşa gəlməz hadisənin
səbəbkarlarını kəskin şəkildə qınayırıq və məsələ ilə əlaqəli
aidiyyəti tərəflərdən bu və digər oxşar problemlərin köklü həll
olunmasında üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyi
tələb edirik.
İnanırıq ki, səadət dolusu yaşayış, dini və irqi mənsubiyyətindən
asılı olmayaraq hər bir insanın haqqıdır. ümid edirik ki, bizim
ölkə xalqları da öz rəngarəngliyi ilə, Allah, İsa Məsih (ə) və
Həzrət Muhəmməd (s) sevən səadət dolusu həmin gözəl yaşayışa
tezliklə nail olacaqlar."