“Gürcüstan və Azərbaycan arasındakı münasibətlərə hər
iki ölkədə yüksək dəyər verilir. Bu əlaqələr qorunub saxlanılmaqla
yanaşı, həm də daha dinamik inkişaf əldə
etməlidirlər”.
Bunu “Azərbaycan və Gürcüstan azadlıq mübarizəsi: 20 Yanvar və 9
Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri”
mövzusunda onlayn formatda keçirilən dəyirmi masada çıxışı zamanı
gürcü diplomat, ekspert, GUAM təşkilatının keçmiş baş katibi Valeri
Çeçelaşvili deyib.
Onun sözlərinə görə, hər iki ölkənin dövlət başçıları və xarici
işlər nazirləri arasında şəxsi münasibətlər ikitərəfli əməkdaşlığın
inkişafı prosesinin əsas tərkib hissəsini təşkil edir:
“Yaxşı xatirimdədir, BMT-nin Baş Assambleyası və
ATƏT-in XİN başçılarının görüşlərində Gürcüstan və Azərbaycanın
xarici işlər nazirləri bir-biriləri ilə sıx təmasda olurdular,
rəsmi və qeyri-rəsmi formatlarda fikir mübadiləsi aparırdılar. Bu
cür təmaslar müəyyən məsələlərin həllində çox kömək
edirdi”.
V.Çeçelaşvili bildirib ki, dövlətlər arasındakı münasibətləri daha
da inkişaf etdirmək üçün Gürcüstanın azərbaycanlı icması və
Azərbaycanda yaşayan gürcü diasporunun imkanlarından kifayət qədər
yaxşı istifadə olunmur.
Ekspert Gürcüstan və Azərbaycan arasında birgə konfransların, bütün
səviyyələrdə qarşılıqlı səfərlərin təşkilinin münasibətlərin
gücləndirilməsi baxımından önəmli olduğunu qeyd edib:
“Rəsmi şəxslər arasında daha fəal təmaslar olmalıdır.
Qarşılıqlı əlaqələrimiz bizim ümumi nailiyyətimizdir və bunun
dəyərini bilməliyik. İkitərəfli münasibətlərimizin əsasında
regional əməkdaşlıq, inteqrasiya və sabitlik üçün də möhkəm
fundament qurula bilər”.
Mənbə: report.az